Prezidentin səfəri çərçivəsində verdiyi mesajlar böyük tarixi əhəmiyyətə malikdir - DEPUTAT ŞƏRH ETDİ

26 May 2022 17:20 (UTC+04:00)

"44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azəırbaycan Ordusu 30 illik həsrətə son qoyaraq işğaldan azad olan torpaqlarımızı erməni vandallarından və terrorçulardan azad etdi və Azərbaycanın bütövlüyünü bərpa etdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Cavid Osmanov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri başladı: "Eyni zamanda biz görürük ki, İkinci Qarabağ müharibəsi bitdikdən sonra Prezident cənab İlham Əliyev və vitse-prezident Mehriban xanım Əliyeva dəfələrlə işğaldan azad olunmuş ərazilərə səfər edirlər. Səfərlər çərçivəsində burada həyata keçirilən böyük yenidənqurma və bərpa işləri ilə yerində tanış olur. Bu, bir daha onu göstərir ki, bu torpaqların əsl sahibləri öz dədə-baba yurdlarına qayıdıblar.

Azərbaycanın üçrəngli bayrağı bundan sonra bu torpaqlarda dalğalanacaq. Dövlət başçısının bu torpaqlara səfəri və səfər çərçivəsində bir sıra mesajlar verməsi böyük tarixi əhəmiyyətə malikdir. Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri ilə sosial obyektlərin təməlqoyma mərasimlərində iştirak etməsi Azərbaycanın gücünün və qüdrətinin növbəti göstəricisidir".

Arzu Qurbanlı