Yeni dövlətin formalaşdırılması dövründə qəti addımların atılması zəruridir - PARTİYA SƏDRİ AÇIQLADI

26 May 2022 17:08 (UTC+04:00)

"Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ilin may ayında heç bir ciddi hazırlıq olmadan quruldu". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, Gürcüstanın Zaqafqaziya seymindən çıxdıqdan sonra Azərbaycan Xalq Cümhuriyyəti elan olundu: "Bir müddət Tiflisdə, daha sonra Gəncədə, daha sonra isə Bakıda fəaliyyət göstərdi. Lakin AXC-nin rəhbəri demək olar ki, Azərbaycanda olmadı. Əlimərdan bəy Topçubaşov seçildikdən sonra xaricdən fəaliyyət göstərirdi. Qısa müddətdə 5 hökumət kabineti var idi. Altıncısını yaratmaq mümkün olmadı. Hakimiyyət XI Qızıl Ordu tərəfindən devrildi və müstəqilliyimizə son qoyuldu. AXC-dən çıxaracağımız əsas dərs ölkədə sabitliyin nə dərəcədə vacib olmasıdır. Hakimiyyətdə güclü şəxs olmalı, yeni dövlətin formalaşdırılması dövründə qəti addımların atılması zəruridir. Çox təəssüf ki, onlar AXC dövründə olmadı. Bu səbəbdən AXC hakimiyyətdən devrildi. Ümumiyyətlə AXC-nin qurulması tarixin ən ibrətamiz səhifələrindən biridir".

Arzu Qurbanlı