AĞSTAFADA 28 MAY - MÜSTƏQİLLİK GÜNÜ QEYD OLUNUB FOTOLAR

26 May 2022 16:37 (UTC+04:00)

26 may 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının təşkilatçılığı ilə “28 May – Müstəqillik Günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə YAP Ağstafa rayon təşkilatının fəalları, Ərazi Partiya Təşkilatlarının nümayəndələri və mədəniyyət işçiləri iştirak ediblər. Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələrini bir dəqiqəlik sükut və ehtiramla yad ediblər. Tədbirdə YAP Ağstafa rayon təşkilatının fəalı Aytən Məmmədli, “Ağstafa şəhər Təhsil işçiləri” Ərazi Partiya təşkilatının sədr müavini Sahilə Xəlilova, partiyanın fəalı, Dağ Kəsəmən kənd 2 saylı tam orta məktəbin müəllimi Vüsal Həsənov, “Mədəniyyət şöbəsi” Ərazi Partiya Təşkilatının sədri Gülgün Kərimov, fəalları Günay Qədiməliyeva və Göyçək Sadıqova çıxış ediblər. Natiqlər “28 May – Müstəqillik günü” mövzusu ətrafında geniş çıxış edərək bildiriblər ki, “104 il bundan əvvəl – 1918-ci il mayında 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil olub. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddaratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. "Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun qorunub saxlanması, daimi və əbədi olması bundan da çətindir" fikrini söyləyən dahi rəhbər Heydər Əliyevin hakimiyyəti dövründə müstəqilliyimizin qorunub möhkəmləndirilməsi üçün ən vacib tədbirlərə əl atıldı. Mühüm siyasi-iqtisadi islahatlara başlandı və müstəqil dövlətçiliyin inkişafına maneə törədən daxili və xarici qüvvələrə qarşı kəskin mübarizə aparıldı. Zəngin idarəçilik bacarığı olan dahi dövlət xadimi ölkəmizin bütün sahələrinin inkişaf etdirilməsinə nail oldu, siyasi-iqtisadi münasibətlər sistemində müasir inkişafın bünövrəsini yaratdı. Azərbaycanda elə bir sahə yox idi ki, diqqətdən kənar qalsın. Aparılan bütün islahatlar xalqın milli düşüncə tərzinin, vahid azərbaycançılıq ideologiyasının inkişafına zəmin yaratdı. Xalqımız öz dahi rəhbərinin ətrafında sıx birləşməklə möhkəm iradə nümayiş etdirdi və bütün sınaqlardan üzüağ çıxmağı bacardı.”

Daha sonra şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər dinlənilib.