Şərəfli ada ləkə gətirmək istəyənlər: "saxta qazilər" TƏHLİL

25 May 2022 16:32 (UTC+04:00)

Prezident İlham Əliyev: "Öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və biz bunu təmin edirik"

Milli dövlətçilik tariximizə əbədi olaraq həkk edilən 44 günlük Vətən müharibəsi Azərbaycan dövlətinin gücünün, əzəmətinin təntənəsidir. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan xalqı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq olaraq birləşdi və Azərbaycan Ordusunun gücü, qətiyyəti, peşəkarlığı, vətənpərvərliyi nəticəsində təcavüzkar erməniləri torpaqlarımızdan təmizlədi. 30 ilə yaxın bir zamanda beynəlxalq hüququn tələb və təkidlərinə məhəl qoymayan Ermənistanı döyüş meydanında məğlub edərək, ədalətin qələbə çaldığını dünyaya göstərimiş oldu. Vətən müharibəsində qazandığımız Zəfər bütün dünyaya yayıldı. Qızğın döyüşlərdə yaralanan qazilərimiz, vətən torpağını qanı ilə suvaran şəhidlərimiz qəhrəmanlıq tarixini yazdılar. Bu parlaq Zəfəri bizə yaşadan Vətən müharibəsi iştirakçıları, qazilərimiz və canını Vətən yolunda qurban verən şəhidlərimizə borcluyuq.

44 GÜNLÜK MÜHARİBƏDƏ DÖYÜŞ MEYDANINDA, ARXA CƏBHƏDƏ QƏHRƏMANLIQ GÖSTƏRMİŞ HƏRBÇİLƏRİMİZ TƏLTİF EDİLDİLƏR

44 günlük Vətən müharibəsində torpaq uğrunda mücadiləyə qalxaraq, erməni işğalında olan torpaqlarımızın azad olunması yolunda od-alov içinə atılan vətən övladları böyük sevgi, qayğı il əhatə olunub. Xalqımıza məxsus ərənliyi düşmənlə üz-üzə dayanaraq dünyaya göstərənlər yüksək adlara, mükafatlara, ehtirama layiqdirlər.
Azərbaycan Zəfər qazandıqdan sonra dövlətimizin şəhid ailələrinə, qazilərə hərtərəfli dəstəyi, onların bütün ehtiyaclarının qarşılanması, problemlərinin həlli, sosial təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. "Mən bütün bu 44 gün ərzində, ondan əvvəl və ondan sonra döyüş meydanında, arxa cəbhədə qəhrəmanlıq göstərmiş hərbçilərimizi təltif edəcəyəm" - deyən Cənab İlham Əliyevin müvafiq göstərişi ilə Azərbaycanda yeni ordenlər və medallar təsis edildi. "Vətən müharibəsi qəhrəmanı" adı, "Zəfər" və "Qarabağ" ordeni, "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı", "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" və s. medallarla Vətən müharibəsində torpaqlarımızın düşməndən alınmasında qəhrəmanlıq, şücaət göstərənlər təltif olundular. Bu dövlətimizin mərd, mübariz, vətənpərvər, igid övladlarına diqqətinin, qayğısının təzahürüdür.
Qazilərimiz və şəhidlərimiz, onların ailələri cəmiyyətin, dövlətin həssaslıqla, böyük ehtiramla, qayğı ilə yanaşdığı təbəqədir. Bu gün belə bir diqqət və qayğı ilə əhatə olunmuş qazilərimizin adına xələl gətirən "saxta qazilər" ən yüksək ucalıqda dayanan adlardan olan qazi adından sui-istifadə edirlər. Dövlətin hərtərəfli dəstəyi, diqqət və qayğısı fonunda qanuna zidd əməllər sərgiləmək əlbəttə ki, yolverilməzdir. Sözsüz ki, bu hamıya şamil oluna bilməz. Vətən adını hər şeydən üstün tutan, bu torpağın namusunu qanı ilə qorumağa can fəda edən oğullarımız ən böyük ehtirama layiqdirlər. Heç zaman belə oğullar hansısa bir məqsədi əsas götürərək döyüş meydana atılmayıblar. Uşaqlıqdan dünyalarına hakim kəsilən intiqam hissi onları bu yüksəkliyə ucaltdı. Vətən üçün tökülən qan torpağın basılmaz olduğunu göstərir. Amma etiraf edək ki, bu gün bəzi şəxslərin özlərini qazi kimi təqdim etməsi, imtiyazlar əldə etmək məqsədilə dövlət orqanlarını şantaj etməsi, müxtəlif səhnələr quraraq dövlət orqanlarını qınaq hədəfinə çevirmək cəhdləri yolverilməzdir. Belə halların qarşısı alınmalıdır. Şəhid ailəsi və qazi adına ləkə gətirən belə hallar ictimai qınağa səbəb olur.

"MƏN ELƏ BİR ÖLKƏ TANIMIRAM Kİ, MÜHARİBƏLƏRDƏ HƏYATINI İTİRMİŞ İNSANLARIN YAXINLARINA BU DƏRƏCƏDƏ DİQQƏT GÖSTƏRİLSİN"

Gəlin, dövlətimiz tərəfindən onlara ayrılan diqqətə qısa da olsa nəzər salaq. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan fərman və sərəncamlar, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın bu şəxslərə mərhəmətli qayğısı hər bir ölkə vətəndaşı tərəfindən təqdirəlayiq hal kimi yüksək qiymətləndirilir. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinin, fiziki sağlamlığını itirən qazilərin, əlillərin, müharibə veteranlarının, şəhid ailələrinin sosial rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Eyni zamanda, şəhid adının əbədiləşdirilməsi ilə bağlı addımlar atılır, onların əziz xatirəsi daim yad edilir. Ölkə Prezidentinin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə "YAŞAT" Fondu yaradılıb. Eləcə də, "Qarabağ Dirçəliş" Fondu ərazi bütövlüyümüzün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatı, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə geniş quruculuq və bərpa işlərinin aparılmasına töhfələr verir. Şəhid övladlarının təhsil haqları dövlət tərəfindən ödənilir, şəhid ailələrinə güzəştli ipoteka kreditləri, torpaq sahələri, onlara müavinət və pensiya ilə yanaşı, Prezident təqaüdü verilir.
Postmüharibə dövründə şəhid ailə üzvləri və müharibə iştirakçılarından ibarət 93 min nəfərə 103 min sosial ödəniş təyin olunub. Mənzil proqramı 5 dəfə genişləndirilib, 2021-ci ildə 3000, postmüharibə dövründə 3500 mənzil verilib. Beləliklə, ümumilikdə 12500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə, 7400 müharibə əlili avtomobillə təmin olunub. Vətən müharibəsinin 200 hərbçisi, ümumilikdə 300 müharibə əlili son nəsil protezlərlə, 1400 müharibə əlili 17 min reabilitasiya vasitəsi, 5 min ailə sosial-psixoloji, 1500 şəxs reabilitasiya xidmətləri ilə təmin edilib, 11 min şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub, vahid əlaqələndirmə mərkəzləri tərəfindən isə 30 min şəxsə xidmətlər göstərilib. Bütün bunlar dövlətin diqqət və qayğısı deyilmi? Belə olan halda saxta yanaşmalara, fikirlərə ehtiyac varmı? Müharibədən çıxmış bir dövlətin humanist prinsiplərinə əsaslanan bu addımları böyük ehtiramla qarşılanır. Bizdə bu sahədə tətbiq olunan prinsiplərin öz unikallığı ilə seçildiyini bildirən dövlət başçısı bildirib ki, bir çox ölkələrdə müharibələr, münaqişələr olub, ancaq mən elə bir ölkə tanımıram ki, müharibələrdə həyatını itirmiş insanların yaxınlarına bu dərəcədə diqqət göstərilsin: "Ermənistan da itkilər verib və İkinci Qarabağ müharibəsində bizdən haradasa 2-3 dəfə çox itki verib. Amma baxın görün, orada müharibədə ölənlərin ailəsinin birinə bir mənzil verilir? Yox. Avtomobil verilir? Yox. Bir daxma da verilmir. Yəni, bu onu göstərir ki, bizim bu sahədəki siyasət, sözün əsl mənasında, milli siyasətdir. Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Ən həssas kateqoriyadan olan vətəndaşlar, ilk növbədə, dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır".
Şəhid ailələrinə və əlillərə keçən il 3 min, bu il 1500 mənzil verilib və bundan sonra da veriləcək. Dövlət başçısının vurğuladığı kimi, "Həyat və gördüyümüz işlər onu göstərir ki, bu sahədə Azərbaycanda aparılan siyasət ən humanist siyasətdir, ən ədalətli siyasətdir və vicdanlı siyasətdir. Çünki Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır və biz bunu bu gün əyani şəkildə görürük. Öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və biz bunu təmin edirik."

ƏLİL ARABASINDA DİLƏNÇİLİK EDƏN "SAXTA QAZİLƏR"

Amma çox təəssüf ki, cəmiyyətimizdə bəzi üzdəniraqlar tapılır, onlar qazilərimizin və şəhid ailələrimizin adlarından sui-istifadə edərək xoşagəlməz davranışlar sərgiləyirlər.
Belə hərəkətlərə yol verənlərin nə qaziliklə, nə də şəhid ailələri ilə əlaqəsi yoxdur. Qazilərin və şəhid ailələrinin adlarından sui-istifadəyə görə əlbəttə ki, hansısa bir yol ilə onlar cəzalandırılmalıdır. Böyük şərəfə layiq adın qarşısına kölgə salmasınlar. Sözsüz ki. cəmiyyətimiz açıq fikirli və hər kəsi öz simasında tanımağı bacarır. Saxtakarlıqla müxtəlif yollara əl atanlar gec-tez ifşa olunurlar. Belə insanlar yalnız çirkin əməl və niyyət sahibi olduqlarını bir daha cəmiyyətimizə təqdim edirlər. Bir çox hallarda belə xoşagəlməz insanların çağırış və hay-küyləri ilə rastlaşsaq da amma həqiqət sənəd və faktların dili ilə onların taxdıqları maskaları çıxarır. Qəhrəmanlığımızı cılızlaşdırmağa çalışmaq niyyətində olan saxta qazilər ifşa olunurlar. Həqiqi qazilərimiz – vətən yolunda sağlamlığını itirərkən "Vətən sağ olsun", - deyən oğulların məğrurluğu danılmazdır. Əzəməti, addımı, xoş niyyəti olan qazilərimizə, vətən çörəyi sənə halal olsun, deyirik. Vətən torpağında boy atıb, onu qoruyan oğulları Azərbaycan yetişdirib. Ana dediyimiz AZƏRBAYCAN. Müharibələr bitdikdən sonra özünü "müharibə iştirakçısı" kimi qələmə verənlər, özlərini "əlil" kimi təqdim edənlər, görəsən, bu torpağın oğlu olmalarından əzab çəkirlərmi? Amma çox təəssüflər olsun ki, belə neqativ hallar bizdə var.
Əlbəttə ki, Birinci Qarabağ müharibəsindən sonra da belə xoşagəlməzliklərlə rastlaşmışıq. Amma o illərlə bu günki dövrümüz müqayisəyə gəlməz. Anarxiya, xaos və s. baş alıb gedirdi. Əlbəttə ki, vəziyyətin hansı formada olması heç də bizə bəraət qazandıra bilməz ki, kimsə saxta cildə girsin və tələblər irəli sürsün. Təbii ki, 30 il müddətində dövlətimiz formalaşıb. Dövlət və cəmiyyət Vətən müharibəsində iştirak edən, qəhrəmanlıqlar göstərən qazilərə, müharibədə döyüşənlərə xüsusi hörmət, məhəbbət bəsləyir, onlara həssaslıqla yanaşır, ona görə də bəziləri saxta qazi kimi ortaya çıxıb qazilərin adından sui-istifadə edənlər, ilk növdəbə, öz vicdanı ilə üz-üzə qalıb düşünməlidir. Məğrurluğu, fəadakarlığı ilə yenilməz olan vətən oğulları kiməsə başaşağılıq gətirəcək addım atmazlar. Azərbaycanın vətənpərvərlik ruhunda yetişmiş oğulları ölkəmizi dünyaya qalib xalq kimi tanıtdırdılar. Amma onu da vurğulamaq yerinə düşər ki, saxta qazi adını daşıyanlar həqiqi qazilərimizdə bir ikrah hissi oyadır. Əl-ayağını itirən, dünyaya baxan gözünü itirən, psixoloji travmalar alan vətən oğullarımz belə "qazilər" ilə rastlaşdıqda, yaxud sosial şəbəkələrdə təsadüf etdik əsəb və narahatçılıq hissi keçirirlər. Heç şübhəsiz ki, yalnız dövlətin aidiyyəti qurumları deyil, bu sahədə olan ictimai təşkilatlar bu məsələlərdə ayıq və diqqətli olmalıdırlar. Müzakirələr aparılmalı, tənqid edilməli və həmin o saxta qazilər üzə çıxarmalıdırlar. Təbii ki, kimlərsə qanunu pozursa, onlar inzibati qaydada cəzalandırılmalıdırlar. Hər şeydən əvvəl isə belə məsələlərdə ictimai qınaq olmalıdır.
Bu gün özünü "Vətən müharibəsi qazisi" kimi qələmə verərək hərbi geyimdə əlil arabasında dilənçiliklə məşğul olanlara qarşı reaksiya sərt olmalıdır. Belə insanları cəmiyyət qəbul etmir. Belə dələduzlar hətta məscidlərin, ziyarətgahların ətrafında sui-istifadə halların yol verirlər. Azərbaycan xalqı kimin hansı libasda olduğunu çox aydın bilir. Bütün ictimai yerlərdə bu kimi neqativ hallarla bağlı tədbirlər həyata keçirilir. Ekspertlərin fikrincə, qazi adı ilə dilənçilik edənlərə elə ağır cəza verilməlidir ki, bu, başqalarına dərs olsun və bir də belə təxribatlara yol verənlər tapılmasın.
Bir ayağını itirmiş qazi kimi özünü təqdim edən və küçədə dilənən bir yaramazın əlilliyinin saxta olmasının görüntülərlə sübut olunması belələrinin ifşasıdır.
Ölkə rəhbərliyi tərəfindən qazilərimizə, şəhid ailələrimizə dövlət tərəfindən böyük qayğı və diqqət göstərilir, onların ən kiçik problemlərinə belə həssaslıqla yanaşılır.

Nəzakət ƏLƏDDİNQIZI