Əgər ermənilər narazı olacaqlarsa, bu zaman getsinlər özlərini Sevan gölünə atsınlar - POLİTOLOQ DANIŞDI

25 May 2022 13:14 (UTC+04:00)

"Azərbaycanla Ermənistan arasındakı prosesin səngiməsi münasibətlərdə problemlərin həlli istiqamətində siyasi iradəni nümayiş etdirir. Bundan sonra məncə gələcək münaqişələrdən yox, gələcək əməkdaşlıqlardan danışmaq daha çox yerinə düşərdi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, Avropa birliyinin vasitəçiliyi ilə üçüncü Brüssel görüşü göstərdi ki, tərəflər iki ölkə arasında münaqişənin həlli üçün lazımi siyasi iradəni ortaya qoymaq fikrindədirlər: “Avropa Birliyi bu məsələdə hər iki tərəfə yaxından köməklik göstərmək niyyətindədir. Zənnimcə indiyə qədər bölgədə münasibətləri qarışdıran, münaqişəni inkişaf etdirən Rusiya bundan sonra bölgədən geri çəkilmək qarşısında qalacaq. Üstəlik də sülh yaratma prosesinin parametrləri üzrə kommunikasiya vasitələrinin açılması, sərhədlərin delimitasiyası, sülh sazişi layihəsinin hazırlanması ilə bağlı işçi qrupunun formalaşdırılması, eləcə də humanitar sahədə əməkdaşlıq da nəzərdə tutulub.

Bizdə olan erməni təxribatçılarının Ermənistana qaytarılması, Ermənistanın isə girov götürdüyü və itkin düşmüş vətəndaşlarımız Azərbaycana verməlidir. Həm də onların yəqin ki, böyük qismi öldürülüb, belə olan halda isə onların toplu məzarlarının yeri göstərilməlidir. Bir sözlə çox böyük məsələlərin həlli gözlənilir və bu həllin ilkin addımları atılır. Həm Ermənistanda, həm də Azərbaycanda sərhədlərin delimitasiyası ilə bağlı işçi qrupu yaradılıb.

Rusiya proseslərə əngəl törətmək üçün müəyyən bəyanatlar verib, amma heç bir niyyəti olmayacaq. Çünki Avropa Birliyi artıq bundan sonra danışıqlar prosesinin monitorinqini keçirəcək. Bu səbəbdən də iyulun sonu, avqustun əvvəlləri daha bir iclasın keçiriləcəyi planlaşdırılır. Bölgədə pozitiv proseslər gedəcək. Bu proseslərə Orta Asiya Respublikalarının cəlb edilməsi də gözlənilir. Burada Orta Asiya və Azərbaycanın karbohidrogen ehtiyyatlarının Avropa bazarlarına çıxarılmasından gedir söhbət. Bura firəvan və çiçəklənən bölgəyə keçirilməlidir. Əgər ermənilər bundan narazı olacaqlarsa, bu zaman getsinlər özlərini Sevan gölünə atsınlar”.