Müvafiq dövlət orqanlarının lazımi addımların atacağını gözləyirik - BAŞ REDAKTOR AÇIQLADI

25 May 2022 13:11 (UTC+04:00)

"Mediamızın bugünkü vəziyyətini müəyyən qədər keçid mərhələsi kimi xarakterizə edə bilərik. Çünki mediamızın inkişafı haqqında yeni qanun qəbul edilib". Bu sözləri SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, yeni qanun Prezident tərəfindən təsdiqlənib və artıq həyata keçirilməkdədir: "Media haqqında yeni qanunun qəbul olunması ilə əlaqədar Azərbaycan mediasının yeni fəaliyyətinin koordinasiyası və onun inkişaf perspektivlərini müəyyən edən əsas dövlət strukturu yeni yaranıb. Təbii ki, bütün bunlar medianın inkişafında yeni mərhələ açır. İkinci bir məsələ isə əlavə dəyər vergisinin ləğv olunması ilə bağlıdır. Əlavə dəyər vergisinin ləğv olunması Azərbaycan mediasının və bütünlüklə çap mediasının çoxdankı arzusu idi. Hər kəs istəyirdi ki, əlavə dəyər vergisi götürülsün. Çünki 18% əlavə dəyər vergisi hər sahədə 18% artıq xərc deməkdir. Biz satıcı deyilik. Yalnız qəzetimizi satırıq. Amma qəzetin buraxılması üçün bir çox avadanlıqların alıcısıyıq. Aydın məsələdir ki, əlavə dəyər vergisinin götürülməsi həm çap texnologiyasında istifadə olunan kağızın qiymətinə təsir göstərməli, həm də idxal olunan hazır çap məhsullarının satış qiymətində xeyli dəyişiklik edilməlidir. Bu nöqteyi-nəzərdən əlavə dəyər vergisinin götürülməsini medianın inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndiririk. Müvafiq dövlət orqanları, o cümlədən Medianın İnkişafı Agentliyi ƏDV-nin götürülməsi ilə bağlı mediada hansı müsbət nəticələrin və tendensiyaların ortaya çıxdığını təhlil edəcəklər. İndiki şəraitdə müsbət meyllərlə yanaşı, həmçinin müəyyən işbazların neqativ cəhdlərini də görürük. Onlar indidən şaiyə yaymağa başlayırlar ki, guya əlavə dəyər vergisi götürülsə də amma xaricdə idxal olunan kağız elə satıldığı yerdə iki qat bahalaşıb. Bu nöqteyi-nəzərdən müvafiq dövlət orqanlarının lazımi addımların atacağını gözləyirik".

Arzu Qurbanlı