Azərbaycanın yeniyetmə boksçusu beynəlxalq turnirin qalibi olub

25 May 2022 13:08 (UTC+04:00)

Özbəkistanın Fərqanə şəhərində yeniyetmə boksçular arasında İsrailjon Rüstəmovun xatirəsinə həsr olunan beynəlxalq turnirə yekun vurulub. Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, yarışın sonuncu günündə millinin 2 boksçusu çempionluq döyüşünə çıxıb.

Məhəmmədəli Aşurəliyev (54 kq) həlledici qarşılaşmada qazaxıstanlı Bekkoja Jaksılıqla üz-üzə gəlib. Gərgin keçən döyüşdə qələbə qazanan Aşurəliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Tağı Nəsibovun (50 kq) finaldakı rəqibi isə özbəkistanlı İlhom Erqaşev olub. Rəqibinə məğlub olan Nəsibov gümüş medalla kifayətlənib.

Beləliklə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Tacikistan və Qırğızıstandan 164 idmançının qatıldığı yarışı milli komanda 1 qızıl, 1 gümüş və 2 bürünc medalla bitirib. Aşurəliyevin 1-ci, Nəsibovun 2-ci olduğu turnirdə Məhəmmədəli Qasımzadə (57 kq) və Ziya Həsənov (66 kq) 3-cü yeri tutublar.

Qeyd edək ki, turnirin yekununda Azərbaycan millisinin baş məşqçisi Vaqif Kazımova və referi Fikrət Hacıyevə fəxri diplomlar verilib.