Brüssel görüşlərində Azərbaycan həmişə öz mövqeyini ifadə edib - POLİTOLOQ ŞƏRH ETDİ

25 May 2022 12:11 (UTC+04:00)

“Brüssel görüşünün nəticələri Azərbaycan üçün kifayət qədər uğurlu xarakterizə edilə bilər. Ümumiyyətlə bu günə qədər keçirilən Brüssel görüşlərində də Azərbaycan həmişə öz mövqeyini ifadə edib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Onun sözlərinə görə, bizim üçün sevindirici məqam ondan ibarət idi ki, artıq Brüssel görüşündə Azərbaycanın qalib ölkə kimi diqtə etdiyi şərtlər bir daha Avropa İttifaqının Şurasının rəhbəri tərəfindən səsləndirildi: “Eyni zamanda burada çox önəmli və diqqət edilməli məqamlar var. Əvvəla sərhədlərin delimitasiyası ilə bağlı daha əvvəlki təlimatlarında Avropa İttifaqı Şurası Ermənistandan sərhədlərin delimitasiyası ilə bağlı praktiki addımlar tələb etdi. Digər bir məsələ ondan ibarətdir ki, burada Azərbaycanla Ermənistan arasında sülh və etimadın yaradılması üçün Avropa İttifaqı Şurası öz marağını ifadə etdi. İyun və iyul aylarına qədər yəqin ki, növbəti görüşün keçiriləcəyi də vurğulandı.

Mənə elə gəlir ki, artıq Brüssel formatlı görüşlər hər ay keçiriləcək. Bu isə ümumiyyətlə regionda Rusiyanın dominant olmaq imkanlarını azaldır. Ermənistanla Azərbaycan arasında sülh və etimadın yaradılmasında Rusiyanın deyil, Avropa İttifaqı Şurasının da ön planda olmağına rəvac verir. Bundan əlavə Azərbaycanın söylədiyi kimi artıq hansısa qondarma Dağlıq Qarabağ ifadəsindən istifadə edilmir. Brüssel görüşü Azərbaycan üçün kifayət qədər uğurlu nəticələndi. Ümid edirəm ki, bundan sonra rəsmi Brüssel əvvəlki görüşlərdə də verilən qərarların xüsusilə itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyi ilə bağlı daha çevik hərəkət edəcək”.