Qarabağdakı terrorçular hansı məsafələrdən hədəfimizdədirlər? FAKT+REALLIQ!

25 May 2022 10:03 (UTC+04:00)

Yaxud, separatçı yığnağına “ağıllı olun” xatırlatması

Müvəqqəti olaraq Rusiya sülhməramlıları kontingentinin (RSK) nəzarətləri altına verilmiş ərazilərimizdə, daha dəqiq desək, hələ də “dqr” və ya “artsax” adlı xülyaları ilə mövcud olacaqlarını sanan separatçı-quldur yığnağının toplaşdığı Xankəndidə vəziyyət yenidən isterik həddə çatıb. Sonuncu Brüssel görüşündən sonra bilavasitə Ermənistandakı revanşistlərdən “cuşa” gələn quldur rejimin “liderləri” gah “təhlükəsizlik şurasının” təcili toplantılarını keçirir, gah da bir-birinin ardınca “artsaxın” heç vaxt Azərbaycanın tərkibində olmayacağını çərənləyirlər. Əslində belə bir həssas məqamda öz lazımsız həyatlarını nə qədər təhlükə altına atdıqlarını dərk etməyən, yaxud dərk etmək istəməyən klounada oyunbazları bir reallığı da qanmırlar ki, artıq onların mövcudluqları yoxdur, sadəcə hava alıb-buraxmaqla məşğuldurlar.

Onların nə qədər hədəfdə olduqlarını səlis ölçülərlə sübuta yetirə bilərik

Və nə qədər gec deyilsə, reallığı dərk etməyə məhkum olduqlarını da unutmamalıdırlar. Bunun üçün isə kifayət qədər əsaslar, sübutlar mövcuddur. Daha doğrusu, el dili ilə desək, azacıq da oyan-bu yan etsələr başları Azərbaycanın dəmir yumruğu altında və bu dəfə birdəfəlik əzilməli olacaq. Əgər inanmırlarsa, ya da gerçəkliyi qəsdən görməməzliyə vururlarsa onların nə qədər hədəfdə olduqlarını səlis ölçülərlə sübuta yetirə bilərik.

SİA xəbər verir ki, lokasiyalar üzrə mütəxəssisləşmiş @AZ_Land_Of_Fire teleqram kanalı maraqlı paylaşımı ilə diqqət çəkib. Beləliklə, Qarabağdakı Azərbaycan Silahlı Qüvvələrinin postlarından Xankəndidəki separatçıların hədəflərinə qədərki əlçatan məsafələri santimetrinə, hətta millimetrinə qədər diqqətə çatdırırıq:

Xankəndidəki “hərbi kollecə” – 2,760 m.

“Hərbi hissəyə” - 3,555 m.

“Prokurorluğa” - 3,575 m.

“Hökumət binasına” - 3,830 m.

“Prezident sarayına” - 3,895 m.

“Parlamentə” - 4,010 m.

“Hərbi komissarlığa” - 3,845 m.

"Generallar evinə” - 4,535 m.

“Polis departamentinə” - 4,205 m.

“Bələdiyyəyə” - 4,230 m.

“DİN-ə” - 4,660 m.

“Hərbi arxivə” - 4,770 m.

“Hərbi hospitala” - 4,890 m.

“Hərbi akademiyaya” - 4,980 m.

Azərbaycan SQ-ni separatçılarla və qanunsuz erməni hərbi birləşmələri ilə ayıran yaxın postların ortalama məsafəsi - 4,124 m (!)

Qeyd olunanlarla yanaşı, Azərbaycan SQ-nə məxsus müxtəlif artilleriya və raket qurğularının orta atış məsafəsi uzaqlığı:

SAU "Dana" - 18,7 km.

BM-21 "Qrad" - 20 km.

"Smerç" reaktiv zenit-raket kompleksi - 70 km.

Göründüyü kimi, kifayət qədər bəs edir, üstəlik, artıq da qalır. Tam məhv edilməmiş separatçı-quldur yığnağı artıq-əksik danışıb bəyanatlar səsləndirməklə görünür, başlarına hansı oyunların gələ biləcəyini unudurlar. Amma şanlı Azərbaycan Ordusu bu unutqanlığı onlara çox qısa müddətdə başa salmaq üçün hazır vəziyyətdədir!

Rövşən RƏSULOV