“Putini mümkün qədər tez məğlub etmək lazımdır”

25 May 2022 03:08 (UTC+04:00)

Rusiyanın Ukraynaya qarşı təcavüzünün III Dünya Müharibəsini başlatmış ola biləcəyini bəyan edən milyarder maliyyəçi Corc Soros, Qərb üçün azad sivilizasiyanı qoruyub saxlamağın ən yaxşı yolu kimi, prezident Vladimir Putinin qüvvələrini məğlub etməyi tövsiyə edir. SİA bu barədə Ukrayna saytına istinad edir.

İşğalın Üçüncü Dünya Müharibəsinin başlanğıcı ola bilcəyini ehtimal edən Soros, Avropa sivilizasiyasının bundan sağ çıxa biləcəyinə də şübhəsini gizlətmir.

Qeyd edək ki, Soros bununla bağlı Davosda keçirilən forumda danışıb: “Sivilizasiyamızı xilas etməyin ən yaxşı və bəlkə də yeganə yolu Putini mümkün qədər tez məğlub etməkdir. Məsələ bundadır”, - deyə o əlavə edib.

Soros bildirib ki, Ukraynada “xüsusi əməliyyat”ın plana uyğun getdiyini və Kremlin bütün məqsədlərinə çatacağını deyən Putin indi işğalın səhv olduğuna inanır və atəşkəslə bağlı danışıqlara hazırlaşır.

Maraqlıdır ki, milyarder maliyyəçi israrla bunun əleyhinə olduğunu da gizlətmir. Çünki onun dediyinə görə, hazırda Putinə etibar etmək olmaz. Ona görə də, atəşkəs əldə edilməməlidir: “Putin nə qədər zəifləsə, bir o qədər gözlənilməz olur”.

Soros Avropanın qaz tələbatının təxminən 40 faizini təmin edən Rusiya təbii qazının Putin tərəfindən kəsilə biləcəyini və bunun avropalılar üçün ağrılı nəticələr verə biləcəyini də istisna etmir.

Buna anlaqlı yanaşdığını bildirən milyarder Rusiya-Ukrayna müharibəsinin nəticəni proqnozlaşdıra bilmədiyini etiraf etsə də, lakin Ukraynanın mütləq qalib gəlmək şansı olduğunu bildirir.

Yeri gəlmişkən xatırladaq... bu yaxınlarda məlum olub ki, sanksiyalardan qurtulmaq üçün rusiyalı oliqarxlar aktivlərinin bir hissəsini Ukraynaya verməyə hazır olduqlarını bildiriblər.

Ağasəf Babayev