ADA umiversitetində "İtalya Dizayn günü" keçirilib - YENİLƏNİB - FOTOLAR

24 May 2022 22:37 (UTC+04:00)

ADA Universitetində “İtaliyan Dizayn günü" mövzusunda tədbir və sərgi keçirilib. SİA xəbər verir ki, ADA Universitetində İtaliyanın ölkəmizdəki səfirliyi, İtaliya Ticarət Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə "İtaliyan Dizayn günü" mövzusunda tədbir və sərgi keçirilib. Ölkəmizin və İtaliyanın yüksəksəlahiyyətli nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev və İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffuri qonaqları salamlayıblar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci ildə İtaliyaya dövlət səfərini xatırladan Rektor Hafiz Paşayev ADA-nın bazasında fəaliyyət göstərəcək İtaliya-Azərbaycan Universitetinin gələcək fəaliyyətindən bəhs edib.

Sözügedən universitetin təsis edilməsinə İtaliyanın beş aparıcı ali təhsil ocağı - Luiss Universiteti, Bolonya Universiteti, Milan Politexnik Universiteti, Turin Politexnik Universiteti və Romanın Sapienza Universitetinin cəlb olunduğunu və bu əməkdaşlığın Azərbaycanda İtaliyan dizayn ənənəsinin daha da geniş yayılmasına fayda verəcəyini bildirib.

İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffuri vurğulayıb ki, İtaliya dünya bədii və mədəni irsinin təxminən 70%-nə sahibdir. Səfir əlavə edib ki, İtaliya zəngin mədəni keçmişindən yararlanaraq dizaynın gələcək istiqamətinin formalaşmasına töhfə verir.

Tanınmış italyan memar Mikel de Lucci dizaynın gələcəyi, konseptual vizyonu barədə məlumat verib, şəhərsalmada “Earth Stations” yanaşması ilə bağlı təqdimat edib.

Daha sonra “Maire Tecnimont S.p.A.” Qrupunun Xüsusi Təşəbbüslər və Regionlarla bağlı Koordinasiya üzrə Baş Vitse-Prezidenti Cianni Bardazzi “Davamlı gələcək üçün dizayn və yeni texnologiyalar” mövzusunda təqdimatla çıxış edib.

İnkişaf və Diplomatiya İnstitutunun direktoru, ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilən müzakirələrdə Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxış edib.
Plastik tullantıların təkrar istehsalı məsələsinə diqqət çəkən nazir ətraf mühitin mühafizəsilə bağlı mövzulara toxunub.

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev işğaldan azad edilmiş ərazilərin Ümumi planı üzərində işlərin yekunlaşdığını, onun əsasında hazırda şəhərlər üzrə Baş planların, müfəsəl planların müxtəlif hazırlıq mərhələlərində olduğunu bildirdi. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq prosesində ən qabaqcıl texnologiya və müasir təcrübənin tətbiq edildiyi, tarixi-mədəni irsin qorunmasında İtaliya şirkətlərindən gələn təkliflərin də yüksək qiymətləndirildiyini və bu istiqamətdə geniş əməkdaşlıq imkanlarının olduğunu qeyd etdi.

Energetika nazirinin müavini Elnur Soltanov Qarabağın “Yaşıl enerji zonası”na çevriləcəyini və bu ərazinin enerji təminatının yenilənə bilən enerji mənbələri vasitəsilə təmin ediləcəyini diqqətə çatdırıb.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxışı zamanı mühəndislik sahəsinin inkişafında ali təhsil ocaqları ilə şirkətlərin əməkdaşlığının vacibliyini qeyd edib.

Tədbir italyan şirkətlərinin dizayn etdiyi layihələrin nümayişi ilə başa çatıb.