Narkotacirlər məktəbə necə ayaq açıb? - ARAŞDIRMA

24 May 2022 19:52 (UTC+04:00)

Təhsil müəssisəsində olan nizam-intizama təhsilin tərkib hissəsi kimi baxmaq lazımdır. İntizam müvəffəqiyyətin vacib elementidir və öyrənməni asanlaşdırır.

Müəllimlik peşəsinin ən çətin tərəflərindən biri ona həvalə olunan sinifi idarə etməkdir. Əgər bir sinifdə müəllim şərh edir və şagirdlər də səssizcə onu dinləyirsə, deməli o müəllim artıq sinifi yaxşı mənada ələ alıb.

Nizam-intizam təhsil müəssisəsi üçün çox vacibdir. Disiplin şagirdlərin nizamsız davranışlarını tənzimləmək üçün istifadə olunan metoddur. Lakin şagirdin nizam-intizamını yalnız məktəbin üzərinə atmaq da düzgün deyil. Burada valideyn faktoru da önəmli rol oynayır. Yəni, uşağa tərbiyəni və nizam-intizamı yalnız məktəb öyrətməməlidir.

Hamımız bilirik ki, sinifdə effektiv təlim mühiti yaratmaq üçün uşaqların narahatedici və ya uyğun olmayan davranışlarını idarə etmək müəllimlərdən böyük zəhmət tələb edən məsələlərdən biridir. Sinifdə yaradılan nizam-intizamı pozan, təlim-tərbiyə işlərinin planlaşdırıldığı kimi yerinə yetirilməsinə mane olan, müəllim-şagird ünsiyyətinə mənfi təsir göstərən, sinifdəki ümumi intizam anlayışına zidd olan davranışlar ümumiyyətlə sinifdə arzuolunmaz davranışlar adlanır. Arzuolunmaz davranışların tərifi və intizam strategiyalarının nəzəri əsasları araşdırıldıqda fərqli yanaşmaların olduğu müşahidə edilir.

Müəllimlər şagirdlərdə müsbət və mənfi davranışların formalaşmasında mühüm amildir. Əgər davranışlar öyrənmə yolu ilə əldə edilə və öyrənmə yolu ilə dəyişdirilə bilərsə, müəllim və valideynin bu mövzuda böyük məsuliyyəti var.

Gümüzdə bəzi məktəblərdə şagirdlərin davranışlarında ciddi pozuntular müşahidə olunur. Belə ki, məktəb qapıçıları məktəbə psixotrop maddələrin daxil olmasına şərait yaradır. Hətta bu maddələri uşaqlara təbliğ edib satanlar da var. Məktəblərdə hər cür şərəait yaradılsa da məktəblilər bu pis əməllərə qurşanır. Bu şəbəkədirmi? Buna kimlər və niyə şərait yaradır? SİA mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrənib.

Bu gün dünyanın əksər ölkələrini ciddi şəkildə təhdid edən asılılığın ən çox müzakirə olunan növü psixotrop maddələrdən asılılıqdır. İlk öncə isə gəlin görək, psixotrop maddə nədir?

Psixotrop maddələr ilk növbədə mərkəzi sinir sistemində fəaliyyət göstərən və beynin funksiyalarını dəyişdirərək qavrayışda, əhval-ruhiyyədə, şüurda və davranışda müvəqqəti dəyişikliklərə səbəb olan kimyəvi maddələrdir.

Maddə asılılığında istifadə olunan psixoaktiv maddələr:

Stimulyatorlar (kokain, amfetamin, kofein),

Narkotik maddələr (tiryək alkaloidləri, barbituratlar, benzodiazepinlər),

Halüsinojenlər (marixuana, lisergik turşu dietilamid-LSD, fensiklidin-PCP),

Uçucu maddələr (nazik və s.).

Dünyanın ən təhlükəli maddələrindən biri olan heroin şüuru dəyişir, həyat reallığı ilə oynayır. Qıcolma və komaya səbəb ola bilən heroin dünyanın ən bahalı narkotik maddələri sırasındadır.

Vəkil Turan Abdullazadə: “Cinayət qanunvericiliyinə əsasən, yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma və eyni zamanda narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına (istifadəsinə) təhrik etmə cinayət məsuliyyətinə səbəb olur. Qeyd etdiyiniz hallarla bağlı əgər hansısa qapıçı (mühafizəçi) narkotik vasitələri satanlarla əlbirdirsə və məktəbə qəsdən bilə-bilə psixotrop maddələrin daxil olmasına şərait yaradırsa, eyni zamanda buna dair əsaslı faktlar mövcuddusa bu barədə cinayət təqibini həyata keçirən hüquq mühafizə orqanlarına məlumat vermək mümkündür. Bu yaxınlarda Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Həmin qanunla narkotik vasitə və psixotrop maddələrin dövriyyəsinə qarşı mübarizə daha da gücləndirilmiş, cinayət məcəlləsində bu cinayət əməllərinə dair nəzərdə tutulan cəzalar (sanksiyalar) sərtləşdirilmişdir.

Son dövrlər narkotiklərlə mübarizə tədbirləri artırılsa da, təəsüf ki, yenə də bu cür mənfi hallara rast gəlmək mümkündür. Hesab edirəm ki, həm məktəbin müdriyyəti, həm də valideynlər bu məsələdə ayıq-sayıq olmalıdır. Uşaqlar əhalinin daha müdafiəsiz, həssas qrupuna aid olduğu üçün onların narkotik tacirlərinin “toruna” düşməsi an məsələsidir. Ona görə də bu məsələdə həm hüquq mühafizə orqanları, həm təhsil müəssisəsi, həm də valideynlər maksimum diqqətli olmalı və məktəblilərin bu cür bədbəxt hadisələrdən sığortalanması üçün maarifləndirmə işləri aparılmalıdır.

Sualınıza cavab olaraq bildirirəm ki, Cinayət Məcəlləsinin 234.3-1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma,– dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Həmin Məcəllənin 236.1-ci maddəsinə əsasən narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə— iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cәzalandırılır. Eyni hərəkətlər, bilə-bilə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə- beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə: “Məktəblərə psixotrop maddələrin daxil olmasıyla bağlı iddialarla mən də tanışam. Amam bu barədə əlimndə hər hansı fakt yoxdur. Əgər ortada iddia varsa, mütləq araşdırılmalı, bununla bağlı cəmiyyətə açıqlama verilməlidir. Bu məsələdə ictimaiyyət hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməlidir. Çünki söhbət gələcəyimiz olan övladlarımızdan gedir. Onların taleyi hamını narahat etməlidir.

Hesab edirəm ki, Azərbaycanda məktəblərə nəzarət mexanizmi çox zəifdir. Kənar şəxslərin asanlıqla təhsil ocaqlarına daxil olması barədə tez-tez eşidir, çoxlu xəbərlər oxuyuruq. Üstəlik, məktəblilər özləri də kəsici-deşici alətlərlə məktəbə daxil ola bilirlər. Şagirdlər arasında bıçaqlanma hallarının artması da bununla bağlıdır.

Uşaqların təlim-tərbiyəsi ilə təkcə məktəb deyil, həm də ailə, cəmiyyət məşğul olmalıdır. Müvafiq dövlət qurumları bu cür məsələlərə həsas yanaşmalıdır. Cəmiyyəti bu işlə mübarizəyə səfərbər etmək lazımdır. Məşhur atalar sözündə deyildiyi kimi, od olmasa, tüstü çıxmaz. Əgər od varsa, onu dərhal söndürmək lazımdır”.

Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi: “Çox təəssüflər olsun ki, bu gün Azərbaycan məktəblərində tam hamısını əhatə etmirəm, amma müəyyən bir hissəsində psixotrop, eyni zamanda narkotik maddələrin satışı geniş vüsət alıb. Yəni, burda təəssüflər olsun ki, bəzən şagirdlərdən daşıyıcısı kimi və yaxud da vasitəçi kimi istifadə olunur.

Eyni zamanda bəzi məktəblərdə qapıçı funksiyasını yerinə yetirən şəxslər var ki, onların vasitəsilə bu işlər həyata keçirilir. Əlbəttə məktəbə sırf narkotikanın ayaq açması ürəkaçan vəziyyət deyil. Ona görə düşünürəm ki, bu barədə hər bir məktəb rəhbərliyi müvafiq olaraq bu hal olarsa, aidiyyəti qurumlara məlumat verməlidirlər. Çünki burada şagirdlərdən müəyyən şəxslər tərəfindən daşıyıcı kimi istifadə olunur. Hətta deyərdim ki, bunlar bir şəbəkədirlər. Bunların bir nömrəli hədəfi və məqsədi də şagirdlərin sırf bu istiqamətdə prosesə cəlb olunması və yaxud daha çox aludəçiliyinin yaradılmasıdır ki, onlar daha geniş satış imkanı qazana bilsinlər.

Əlbəttə hesab edin ki, 1 milyon 900 minə yaxın şagird var. Yəni bu 1 milyon 900 minə yaxın şagirdin ən azı 9-10 mininə zərər vursalar cəmiyyət üçün faciə deməkdir. Yəni bizim gəncləri zəhərləyirlər. Bunun qarşısı təcili alınmalıdır. Kimlər və niyə şərait yaradırlar, açığını desəm bu barədə bir bilgim yoxdur. Amma onu bilirəm ki, bu prosesin başında dayanan yəqin ki, narkotik satışdan daha çox gəlir əldə etmək istəyən şəxslərdir. Eyni zamanda bunlar bir şəbəkədirlər ki, bu addımı atırlar”.

Ayşən Vəli