Azərbaycan və Pakistan arasındakı diplomatik münasibətlər yeni mərhələdə TƏHLİL

24 May 2022 16:45 (UTC+04:00)

Azərbaycan müstəqil dövlət olaraq bütün sahələrdə olduğu kimi, xarici siyasətlə bağlı qanunvericilik bazasının yaradılması və beynəlxalq konvensiyalara qoşulmaq istiqamətində böyük uğurlar qazanıb. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə olduğu kimi, xarici siyasətinin həyata keçirilməsi istiqamətində də ardıcıl işlər görüldü. Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınmağa başladı, bir sıra dövlətlərlə diplomatik əlaqələr quruldu. Ümummilli Liderin hazırladığı mükəmməl xarici siyasət strategiyasının məntiqi nəticəsi olaraq, ölkəmiz bütün regional məsələlərdə həlledici söz sahibinə çevrildi. Müstəqil Azərbaycanın Pakistanla diplomatik əlaqələri 1992-ci ilin iyun ayının 9-da qurulmuşdur. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Xatırladaq ki, Pakistan Sovet İttifaqının süqutundan sonra müstəqillik əldə edən Azərbaycanı tanıyan ikinci dövlətdir. Bakıda Pakistan səfirliyi 1993-cü ildə açılmışdır. Azərbaycan İslamabadda öz diplomatik missiyasına 1997-ci ilin avqustunda başlamışdır. Münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri xüsusi rol oynayıb, bir sıra vacib sənədlər imzalanıb. Əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə davam etdirilir. Pakistan və Azərbaycan arasındakı mədəni irs, qlobal və regional məsələlərlə bağlı əməkdaşlıq dövlətlərarasi münasibətlərin yüksək səviyyədə olduğunu göstərir.
1995-ci ilin oktyabrında Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqarinin Azərbaycanda rəsmi səfərdə olması və iki ölkə arasında bir sıra sənədlərin, o cümlədən, Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının yaradılması haqqında Protokolun imzalanması, "Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında Əməkdaşlıq haqqında Müqavilə"nin bağlanması, bu əlaqələrin daha da genişlənməsinə səbəb olmuşdu. 9 aprel 1996-cı ildə isə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Pakistana rəsmi səfəri ölkələr arasında münasibətlərin inkişafına xüsusi təkan verib.

"PAKİSTAN İLƏ AZƏRBAYCAN ARASINDA ÇOX YAXŞI ƏLAQƏLƏR, DOSTLUQ ƏLAQƏLƏRİ VAR"

Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev 2005-ci il aprelin 12-də Pakistana 2 günlük rəsmi səfər edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Pakistan Prezidenti Pərviz Müşərrəfin görüşündə ölkələrarası münasibətlər müzakirə olunub, nəqliyyat, informasiya və kommunikasiya, aviasiya, mədəniyyət, maliyyə və təhsil sahəsində 6 əməkdaşlıq sazişi imzalanıb. Keçirilən görüşlər, imzalanan bu və ya digər sənədlər Azərbaycan ilə Pakistan arasında əməkdaşlığın davamlı olduğunu göstərir.
Pakistan bizim torpaqlarımızın işğalı səbəbindən Ermənistanı tanımayan və Ermənistanla diplomatik əlaqələr qurmayan az sayda ölkələrdən biri olmuşdur. Azərbaycanın suverenliyini ilk tanıyan ölkələrdən biri kimi Pakistan ölkəmizlə siyasi, iqtisadi və mədəni əlaqələrin yeni tarixi şəraitə münasib şəkildə yenidən qurulmasına çalışmışdır. Həmçinin, Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini möhkəmləndirmək üçün Xocalı faciəsini genosid kimi tanımışdır. Azərbaycan da öz növbəsində Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəkləyir və məsələnin həllində qardaş Pakistanın yanında olduğunu dəfələrlə bəyan etmişdir. Azərbaycanın Qarabağ uğrunda ağır müharibə şəraitində yaşadığı dövrlərdə beynəlxalq münasibətlərdə Pakistan rəsmilərinin dünya dövlətlərini BMT, İKT kimi nüfuzlu təşkilatlarda Ermənistanı təcavüzkar ölkə kimi tanınmasına çağırması böyük əhəmiyyət daşıyır. Dövlət müstəqilliyimizin ilk illərindən Ümummilli Lider Heydər Əliyev Pakistan-Azərbaycan münasibətlərinə böyük önəm verərək iki ölkə arasında olan münasibətləri dəyərləndirərək bu əlaqələri belə səciyyələndirirdi: "Pakistan ilə Azərbaycan arasında çox yaxşı əlaqələr, dostluq əlaqələri var. Bu əlaqələr keçmiş tarixi ənənələrimizin üzərində qurulub".
Hazırda Azərbaycan-Pakistan əlaqələri yeni mərhələyə daxil olub. Pakistan Azərbaycana yaxın müttəfiq ölkələrdən biridir və Vətən müharibəsi zamanı Azərbaycanın haqlı mövqeyini müdafiə etdi. Ermənistanın Azərbaycana qarşı təcavüzünə, terrorçuluğuna, mülki insanlara qarşı hücümlarına Pakistan hər zaman mövqeyini bildirdi və Azərbaycana dəstək nümayiş etdirdi və yanımızda olduqlarını sərgilədilər. Vətən müharibəsində Pakistan Senatı və Milli Assambleyası tərəfindən qətnamələr qəbul edildi. Belə ki, Pakistan Senatında Kabinet Katibliyi üzrə Daimi Komitəsi tərəfindən Ermənistanın ölkəmizə qarşı təcavüzünü pisləyən və Azərbaycana dəstək ifadə edən qətnamənin yekdilliklə qəbul edilməsi və s. möhkəm dostluğun əsl nümunəsidir. Təbii ki, bu münasibət dövlətlərimiz arasında əlaqələrin inkişafından və səmimi qardaşlıq münasibətlərindən qaynaqlanır. Azərbaycan Vətən müharibəsində kimin kim olduğunu bir daha gördü.

AZƏRBAYCANA YAXIN MÜTTƏFİQ ÖLKƏ OLAN PAKİSTAN VƏTƏN MÜHARİBƏSİNDƏ ÖLKƏMİZƏ DƏSTƏK NÜMAYİŞ ETDİRƏRƏK YANIMIZDA OLDU

Pakistan-Azərbaycan əlaqələri həm də hərbi əməkdaşlıq müstəvisində inkişaf edir. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan Respublikası ilə Pakistan arasında 2002-ci ildə imzalanan müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında saziş bunun bariz nümunəsidir. Qeyd olunan sənəddə hər iki ölkənin hərbi-siyasi sahədə tərəfdaşlığının prioritet istiqamətləri əks olunub. Bu müqavilə ilə dövlətlərimiz arasında hərbi əlaqələr daha da genişlənib. 2020-ci ilin sentyabrın 27-də Azərbaycana qarşı işğalçı Ermənistanın həyata keçirdiyi hərbi təxribata Pakistanın qardaş Türkiyə ilə birlikdə Azərbaycanın yanında olduğunu bəyan etməsi Azərbaycan-Türkiyə-Pakistan qardaşlığını bütün dünyaya nümayiş etdirdi. Cənab Prezident müharibənin ilk günlərindən Pakistanın ali rəhbərliyinin ərazi bütövlüyümüzün bərpasında Azərbaycana tam dəstəklərini ifadə etdiklərini bildirmişdi: "Bu, bizim əməkdaşlığımızın çox mühüm elementi və qardaşlıq əlaqələrimizin həqiqi nümayişidir. Pakistanın digər yüksək rütbəli rəsmiləri, parlament üzvləri və ictimai xadimlər Ermənistan ordusunun tam məğlubiyyəti və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnmiş 44 günlük müharibə ərzində bizi dəstəklədilər". Bu müharibə günləri bir daha göstərdi ki, dövlətlərarası münasibətlər həqiqətən də dostluğa, qardaşlığa söykənir.
Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan dövlətlərarası münasibətlərdə Azərbaycan-Türkiyə-Pakistan əlaqələrinin xüsusi yeri və çəkisi var və bu danılmazdır. Hər üç ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq mövcud münasibətlər keyfiyyətcə yeni müstəviyə keçib. Görülən işlərin davamı olaraq, Milli Məclisdə Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin üçtərəfli görüşündə Bakı Bəyannaməsinin imzalanması dövlətlərarası münasibətin daha dərinləşməsinə, eləcə də strateji əlaqələrin möhkəmlənməsinə öz töhfələrini vermiş oldu. Bakı Bəyannaməsi ölkəmizin regionda və beynəlxalq münasibətlər sistemində artan roluna, nüfuzuna söykənir. Tarixi köklərə malik olan Azərbaycan-Türkiyə-Pakistan münasibətləri hazırda yeni mərhələdədir.
44 günlük Vətən müharibəsində Azərbaycan öz yanında məhz qardaş olan ölkələri görmüş oldu. Pakistan Azərbaycana yaxın müttəfiq ölkədir və Vətən müharibəsi zamanı da Azərbaycanın haqlı mövqeyini müdafiə etmiş oldu. Ermənistanın Azərbaycana qarşı təcavüzünə, terrorçuluğuna, mülki insanlara qarşı hücümlarına Pakistan da hər zaman mövqeyini bildirdi. Azərbaycana dəstək nümayiş etdirərək yanımızda oldu. Bu dəstək xalqımız tərəfindən çox böyük rəğbət və sevgi ilə qarşılandı, şəhər və kəndlərimizdə Azərbaycan bayrağı ilə yanaşı, Türkiyə və Pakistan bayraqları da dalğalandırılır.

HEYDƏR ƏLİYEV FONDU AZƏRBAYCAN VƏ PAKİSTAN ARASINDA DOSTLUQ MÜNASİBƏTLƏRİNİN DAHA DA GENİŞLƏNMƏSİNƏ TÖHFƏLƏRİNİ VERİR

Millət və dövlət maraqları baxımından, müstəsna əhəmiyyətə malik bir sıra layihələri uğurla gerçəkləşdirərək cəmiyyətdə mərhəmət və xeyirxahlığın ali ünvanına çevrilmiş Heydər Əliyev Fondunun qarşıya qoyduğu hər bir xoş məram, ilk növbədə, Ümummilli Lider Heydər Əliyevin ali ideallarını özündə ehtiva edir. Firavanlığı yaratmaq, həyat tərzində sağlam mühiti formalaşdırmaq, insanların fiziki sağlamlığına diqqət yetirmək, sülhün, əmin-amanlığın çarçısına çevrilmək və s. fondun məqsədi olaraq, özünü büruzə verir. İctimai, mesenatlıq və xeyriyyəçilik əməlləri, xalqlar arasında dostluğun möhkəmlənməsi, sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyət, qayğıya ehtiyacı olan uşaqlara, təhsilə diqqət və s. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın humanizm prinsiplərindən yaranır. Onu da vurğulayaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən layihələr ölkələr arasında əməkdaşlığın inkişafında əhəmiyyəti ilə seçilir. Bu gün deyə bilərik ki, dünyanın bütün ölkələrində Fondun həyata keçirdiyi layihələrə münasibət yüksəkdir. Mehriban xanım Əliyevanın dünyanın bir sıra nüfuzlu mükafatlarına layiq görülməsi də elə bu bəşəri dəyərlərə münasibətinin və fəaliyyətinin nəticəsidir. Azərbaycanın Birinci Xanımı sivilizasiyalararası dialoqa töhfə verməklə yanaşı, məktəblərin tikintisinə, dini məbədlərin bərpasına da köməklik göstərir. Azərbaycan və Pakistan arasında dostluq münasibətlərinin daha da genişlənməsinə töhfəsini verir. Pakistanda talassemiya və hemofiliyadan əziyyət çəkən xəstələr üçün Heydər Əliyev Fondunun dəstəyi ilə xeyriyyə aksiyasının keçirilməsi də məhz xeyriyyəçilik əməllərinin göstəricisidir. Aksiya çərçivəsində İslamabad şəhərində yerləşən Sundas lassemiya Mərkəzinə Fondun dəstəyi ilə alınmış qan kisələri və tibbi ləvazimatlar, ərzaq paketləri və hədiyyələr təqdim edilib. Mehriban xanım Əliyeva çıxışlarının birində vurğulamışdır ki, Heydər Əliyev Fondu tərəfindən bir sıra mühüm layihələr və xeyriyyə proqramları Pakistanın müxtəlif yerlərində icra olunur: "Çox fərəhlənirik ki, birinci layihəmiz - Müzəffərabadda 2005-ci ilin oktyabrında güclü zəlzələ nəticəsində dağılmış qızlar məktəbinin tikintisi çox uğurlu olmuş və gələcək əməkdaşlığımız üçün yaxşı əsas yaratmışdır". Mehriban xanım Əliyevanın təşəbbüsü ilə zəlzələdən ən çox dağılan bölgələrdən olan Müzəffərabadın Rara bölgəsində 500 şagirdlik qızlar məktəbi tikilib. Xatırladaq ki, Heydər Əliyev Fondu tərəfindən Pakistanda silsilə humanitar yardımlar proqramı çərçivəsində "Edhi Home" kimsəsizlər evində sığınacaq tapan uşaqlara tibbi baxış və Hepatit B virusuna qarşı peyvəndləşdirmə aparılmış, Peşavər şəhərində "Akbar Care" serebral iflic institutunda imkansızlar üçün pulsuz müayinə təşkil edilmişdir. Eyni zamanda, Xayber Paxtunxva əyalətinin Laki Marvat şəhərinin qadın və uşaq xəstəxanasında açıq ürək əməliyyatları aparılmış, Hamza Fondu (Peşavər) üçün müasir qanköçürmə avadanlığı, laboratoriya ilə təchiz edilmiş təcili tibbi yardım maşını və iki min qanköçürmə paketi alınmış, Xayber Göz Fondunun yeni binasının tikintisi üçün maddi yardım göstərilib.

HEYDƏR ƏLİYEV FONDUNUN CƏMİYYƏTDƏ VƏ XARİCDƏ ARTAN NÜFUZU

Pakistan rəhbərliyi tərəfindən Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Pakistanın ali dövlət mükafatı – "Hilal-e-Pakistan" ordeninin təqdim edilməsi də təsadüfi deyildi. Həyata keçirilən xeyirxah işlər Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqətin, habelə, bu gün Vətən, xalq naminə aparılan məqsədyönlü siyasətə dəstək vermək istəyinin əməli təzahürü olmaqla yanaşı, həm də Fondun cəmiyyətdə və xaricdə artan nüfuzunun ifadəsidir. Fondun Pakistanda həyata keçirdiyi layihələr Azərbaycan və Pakistan xalqlarının dostluq və qardaşlıq münasibətlərinin inkişafına öz töhfəsini verir. Fondun Pakistanda həyata keçirdiyi bütün sosial və humanitar layihələr Pakistanla Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərini daha da gücləndirməsinə və dərinləşdirməsinə xidmət edir. Əlbəttə ki, Azərbaycan-Pakistan dostluq və qardaşlıq əlaqələri səmimi münasibət və möhkəm təməllər üzərində qurulub. Mehriban xanım Əliyeva tərəfindən icra olunan sosial və humanitar layihələr onun Pakistana olan səmimi münasibətinin təzahürüdür.

Nəzakət ƏLƏDDİNQIZI