Ağdam rayonunda şəhid Səxavət Məmmədovun xatirəsi ehtiramla yad olunub FOTOLAR

24 May 2022 16:21 (UTC+04:00)

Ağdam rayonunda şəhid Məmmədov Səxavət Adıgözəl oğlunun doğum günündə xatirəsi anılıb. YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Ağdam rayon icra hakimiyyətinin əməkdaşları, Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Məmmədov, eləcə də şəhidin ailə üzvləri, ərazi partiya təşkilatının fəalları, rayon ictimaiyyətinin nümayəndələri və rayon məktəbinin şagirdləri Vətən müharibəsi şəhidi Səxavət Məmmədovun doğum günü münasibətilə məzarını ziyarət edib, önünə gül dəstələri düzərək, şəhidimizin əziz xatirəsini böyük ehtiramla yad ediblər. Məktəblilər şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş şeirlər söyləyiblər. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən "Suqovuşanın azad olunmasına görə" medal şəhid Səxavət Məmmədovun övladına təqdim olunub. Şəhidimizin ailə üzvləri dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, Səxavət Məmmədov 2020-ci il sentyabr ayının 29-da Vətən müharibəsi döyüşlərində şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən o, ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Zümrüd Bayramova