Azərbaycan dünyanın elit turizm mərkəzidir TƏHLİL

24 May 2022 16:10 (UTC+04:00)

Azərbaycan iqtisadiyyatının strateji istiqaməti sayılan turizm sektorunda aparılan islahatlar son illər öz nəticəsini verib. Ölkəmizdə turizmin inkişafı üçün lazım olan bütün infrastruktur yaradılıb və Azərbaycan dünyanın turizm ölkələrindən birinə çevrilib. Ən məşhur brend şəbəkəli mehmanxanalar bu gün ölkəmizdədir və bunlar dünyanın ən sayılıb-seçilən hotelləri ilə müqayisədə diqqətçəkəndir. Ənənəni, yenilikləri, müasir dəbdəbə və qədimlik çalarlarını özündə birləşdirən otellər turistlərin böyük marağına səbəb olur. Paytaxtımızda olan "Excelsior Hotel Baku", "Kempinski Hotel-Badamdar", "Hilton Baku", "JW Marriott Abşeron", "Four Seasons Hotel Baku" və başqaları Azərbaycanın böyük turizm potensialına malik olduğunu təsdiqləməklə yanaşı, respublikamızın dünyanın elit turizm mərkəzlərindən birinə çevrilməsində əhəmiyyətli rola malikdir. Görülən işlərlə bərabər olaraq dövlət başçısı tərəfindən yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində də böyük addımlar atılıb. Azərbaycanda magistral yollar müasir formada yenidən qurulub. Bir çox yaşayış məntəqəsini birləşdirən kəndlərin, yaşayış məntəqələrinin yol infrastrukturun yaxşılaşdırılması ilə bağlı dövlət başçısı son illər ərzində xeyli sayda sərəncamlar imzalayıb ki, bu da əhalinin rahatlığına xidmət edir. Bütün həyata keçirilən bu layihələr vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, yük və sərnişindaşımanın rahatlaşması ilə bərabər bölgələrdə turizmin inkişafına səbəb oldu. Azərbaycanda yeni aeroportların tikilməsi beynəlxalq hesabatlarda Azərbaycan hava xidmətlərinə görə öncül yerlərdən birində qərarlaşır. Xüsusi olaraq onu da qeyd edək ki, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi turizmin inkişafına təkandır.
Təsadüfi deyildi ki, 2019-cu ildə ölkəmizə 3 milyon 170 min turist səfər etmişdi və onlar da ölkəmizdə 4 milyard manatdan artıq pul xərcləmişdilər.

2022-Cİ İLİN İLK 4 AYINDA AZƏRBAYCANA GƏLƏNLƏRİN SAYI 330 MİN 679 NƏFƏR TƏŞKİL EDİB

Koronavirus (COVID-19) pandemiyasının yaratdığı böhran nəticəsində turizm sektorunda tənəzzül müşahidə olundu. Bu təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə edildi. Ümumilikdə ötən il qlobal turizm tarixinin ən çətin ili hesab olunur. Pandemiya səbəbindən ölkələr arasında hava, quru və dəniz nəqliyyatı əlaqələrinin qapadılması, turist səfərlərinə tətbiq edilən qadağalar turizm sektoruna mənfi təsir göstərmiş oldu. Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə ölkəmizlə qonşu dövlətlərlə, o cümlədən dünya ölkələri ilə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması turizmə təsirsiz ötüşmədi. Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması 2020-ci ilin aprel-dekabr aylarında ölkəmizə gələnlərin sayında kəskin azalmaya səbəb oldu. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2019-cu illə müqayisədə 5,4 dəfə azalaraq 416,7 min olub ki, bu da ümumi gecələmələrin 41,7 faizini təşkil etmiş oldu.
2021-ci ildə Azərbaycan Respublikasına dünyanın 167 ölkəsindən 791,8 min və ya 2020-ci illə müqayisədə 0,5 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Artıq canlanma müşahidə olunur. 2022-ci ilin təkcə aprel ayında xarici ölkələrdən Azərbaycana gələnlərin sayı 84 min 402 nəfər təşkil edib. Gələnlərin sayı ötən ilin eyni ayı ilə müqayisədə 84% artıb. 2022-ci ilin ilk 4 ayında Azərbaycana gələnlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 103% artaraq 330 min 679 nəfər təşkil edib. 2020-ci ilin yanvar-aprel dövründə isə Azərbaycana 162 min 991 nəfər səyahət etmişdi. Azərbaycana ən çox turist, Türkiyə, Rusiya, İran, Gürcüstan, Hindistan və Ukraynadan gəlib.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 49,8 faizi dəmir yolu və avtomobil, 48,0 faizi hava, 2,2 faizi isə dəniz nəqliyyatından istifadə edib.


ERMƏNİ TERRORUNUN QURBANINA ÇEVRİLMİŞ TURİZM YERLƏRİMİZ

Təbii ki, ölkəmizin təbii ehtiyatları, coğrafi mövqeyi, tarixi zənginlikləri və potensial nəqliyyat imkanları ilə dünyanın diqqətini özünə daha da cəlb edir. Artıq Azərbaycanda koronavirusun yayılma dinamikasında stabillik müşahidə olunur. Bu, sevindirici bir haldır.
Azərbaycanın ən gözəl məkanları olan Qubanın Xınalıq kəndi, İsmayıllının Lahıc qəsəbəsi, cənub mirvarisi Lənkəran, Qusarın "Şahdağ" Qış-Yay Turizm Kompleksi, Şəkidəki Kiş Alban məbədi, Şəki Xan sarayı, dənizkənarı bulvarı ilə seçilən gözəl təbiətli Astara və onlarla belə bölgələrimizin turizmi ilə bağlı yüksək imic formalaşıb.
44 gün davam edən Vətən müharibəsində işğalçı Ermənistan üzərində parlaq qələbə işğal altındakı tarixi torpaqlarımızın azad olunmasını təmin etmiş oldu. Artıq işğaldan azad olan Azərbaycan torpaqlarında yeni həyat canlanır. Bəşər mədəniyyətinə qarşı vəhşilik törədən ermənilər bu ərazilərimizi talan etmiş, abidələrimizi darmadağın edərək viran qoymuşdular. Bütün məscidlərimiz ermənilər tərəfindən dağıdılmışdır. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilib. Şuşa şəhərində inşa edilmiş Gövhər ağa məscidi erməni terrorunun qurbanına çevrilib. İlk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hərbi məqsədlər üçün istifadə edilib. Şuşada Tarix Muzeyi, Daş Sənətkarlığı Muzeyi, Dərman Bitkiləri Muzeyi, Üzeyir Hacıbəylinin, Bülbülün, Xurşidbanu Natəvanın və Mir Möhsün Nəvvabın ev muzeyləri Şuşanı işğal etmiş erməni vandalları tərəfindən dağıdılmışdır. Bu məkanların hər biri turistlərin marağına səbəb ola biləcək tarixi yerlərdir. Artıq onlardan bir neçəsi təmir və bərpa olunub. Bu ərazilərə gələn şəxslərin - yerli və xarici qonaqların marağındadır.

"QARABAĞ BÖLGƏSİNİN ÇOX ZƏNGİN, FÜSUNKAR, TƏKRAROLUNMAZ TƏBİƏTİ VƏ TARİXİ ABİDƏLƏRİ VAR"

Ermənistanın təcavüzü nəticəsində meşələrimizə də külli miqdarda ziyanlar vurulub. Belə ki, 30 ilə yaxın bir zamanda işğalda olan Kəlbəcər, Laçın, Zəngilan kimi ərazilərdə meşələr vəhşicəsinə qırılaraq talan edilmişdir. Orada bitən çox qiymətli palıd, fısdıq, vələs, ağcaqayın, ayı fındığı, qoz, şərq çinarı kəsilərək Ermənistana daşınmışdır. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində demişdir: "İndi azad edilmiş ərazilərdə 1988-ci ildə meşə fondu 228 min hektar təşkil edirdi, 2020-ci ildə isə cəmi 174 min hektar. Yəni, 54 min hektar meşə fondu məhv edilib, qırılıb və bu, erməni cinayətinin növbəti nümunəsidir". Dövlət başçısı azad edilmiş torpaqlarda, eyni zamanda, dövlət təbiət qoruqları və yasaqlıqların da olduğunu bildirib: "Laçın rayonunda Qaragöl Dövlət Təbiət Qoruğu 1987-ci ildə yaradılıb, 240 hektar sahəsi var idi, tamamilə məhv edilib, talan olunub və bütün ağaclar qırılıb. Zəngilan rayonunda Bəsitçay Dövlət Təbiət Qoruğu 1974-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Bu, Avropada unikal meşə sayılır və burada nadir çinar ağacları var idi. Bu qoruq 107 hektarı əhatə edib, indi isə cəmi 42 hektarı qalıb. Bu, erməni vəhşiliyinin növbəti təzahürüdür. Bu, onu göstərir ki, onlar başa düşürdülər və bilirdilər ki, bu torpaqlarda müvəqqəti oturublar. Onlar bizim evlərimizi dağıdıblar, tarixi abidələrimizi dağıdıblar, məscidlərimizi dağıdıblar, meşələrimizi də dağıdıblar. Nadir çinar meşəsindən cəmi 42 hektar qalıb".
Əlbəttə ki, ermənilərin Azərbaycanın flora və faunasına vurduğu ziyan canlı təbiətə böyük bir zərbədir və bu vəhşilikdir. Bir ağacı becərmək, ərsəyə gətirmək onilliklərin hasabına mümkün olduğu halda, bir neçə saat ərzində canlı təbiətə təcavüz edən ermənilər onu məhv edirlər. 1969-cu ildə yaradılan Qubadlı Dövlət Təbiət Yasaqlığının 1988-ci ildə sahəsi 8500 hektar olduğu halda, 2020-ci ildə bu 6923 hektar olub. 1577 hektarı erməni təcavüzkarları dağıdaraq, bunu talan ediblər. Laçın Dövlət Təbiət Yasaqlığı. Zəngilan rayonunda Arazboyu Dövlət Təbiət Yasaqlığı erməni təcavüzünə məruz qalıb.
Kəlbəcər ərazisində adı "Qırmızı Kitab"a salınmış neçə-neçə flora faunamıza aid olan qiymətli nümunələr var. Adı "Qırmızı Kitab"a salınmış Kəlbəcər rayonunda yerləşən ayıfındığı növündən ibarət 968 hektar meşə qırılaraq mebel istehsalı üçün Ermənistana göndərilmişdi. Erməni separatçı qüvvələri tərəfindən ekoloji tarazlığın pozulmasını əks etdirən reallıqlardan biri hələ sovetlər birliyində yaşadığımız illərdə Ermənistan tərəfindən Qarabağın Topxana meşəsində qiymətli ağacları vəhşicəsinə qırılması faktıdır.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində azad olunmuş torpaqlarda əsas fəaliyyət sahələri kimi kənd təsərrüfatı və turizm sahəsini qeyd edərək, Qarabağ bölgəsinin çox zəngin turizm potensialı olduğunu bildirib. Mövcud şərait həmin məkanların Azərbaycanın əsas turizm zonalarından birinə çevrilməsiniə səbəb olacaq. Kəlbəcərin İstisuyu, Şuşanın, Ağdamın sanatoriyaları, Turşsu yaylaqları, İsa bulağı, Cıdır düzü və onlarla belə məkanlar sağlamlıq turizminin, eləcə də istirahət üçün nəzərdə tutulan istirahətləri keçirilməsi üçün olduqca əlverişlidir. Xatırladaq ki, sovet dövründə Azərbaycana səyahətə gələn turistlərin əsas hissəsi bu cənnət məkanına üz tutublar. 1970-ci illərdən başlayaraq, yaradılmış turizm istirahət müəssisələrinin xidmətlərindən hər il yüz minlərlə yerli və xarici turist istifadə edib. Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Onun suları ilə insanın həm xarici, həm də daxili xəstəliklərini müalicə etmək mümkündür. İstisu bulağı üstündə 80-ci illərdə iri kurort və mineral sudoldurma zavodu tikilmişdi. Zəngilan isə meşə ehtiyatı ilə zəngindir. Bütün Avropada ən böyük çinar meşəsi bu rayonda olub. Ermənilər həmin çinarları doğrayaraq xarici ölkələrə satıblar. Hər bir torpağımızda zəngin turizm məkanları mövcuddur. Şuşanın Cıdır düzünün də bu sırada adı var. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, "Qarabağ bölgəsinin çox zəngin, füsunkar, təkrarolunmaz təbiəti və tarixi abidələri var, əminəm, Azərbaycanın əsas turizm zonasının birinə çevriləcək".

QARABAĞIN ƏN MƏŞHUR ABİDƏLƏRİ - "ŞAHBULAQ QƏSRİ"

Ağdamın Şahbulaq kəndi yaxınlığında yerləşən XVIII əsrə aid qala Qarabağ ərazisindəki ən məşhur abidələrdən biridir. Ağdam şəhərinin 10 kilometrliyində, Şahbulaq kəndi yaxınlığında yerləşən qala 1751-1752-ci illərdə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən inşa edilib. Bayat döyüşündən sonra Pənahəli xan fikirləşir ki, xanlığa daha etibarlı qala lazımdır. Çünki Bayat qalasının strateji mövqeyi zəif, iqlimi isti olduğundan, orada uzun müddət böyük hərbi qüvvə saxlamaq mümkün deyildi. Buna görə də Ağdamın 5-6 kilometrliyində yerləşən Şahbulaq adlanan yerdə inşaat işlərinə başlanıldı və kiçik qala-şəhər halına salındı. Elmi ədəbiyyatda "Şahbulaq qəsri" adı ilə tanınan abidə, əslində, iri qəsr kompleksinin iç qalası olub. Kompleks yaşayış evlərindən, bazar, hamam və məsciddən ibarət idi. Şahbulaq qalasının da coğrafiya mövqeyi də əlçatmaz və ağaclarla bağlı olan bir ərazi idi. Qalanın tərəfləri sıldırımlı qayalarla hərtərəfli örtülmüşdü. Qala təhlükəsiz yer idi. Paytaxtın Şahbulaq qalasından Şuşa qalasına köçürülməsinin səbəbi, Şuşa qalasının əbədi keçilməz, əlçatmaz yer olması idi. Pənahəli xan çox təhlükəsiz bir ərazi istəyirdi. Buna görə də o paytaxtı Şahbulaqdan Şuşaya köçürmüşdü.
Bu memarlıq abidəsi I Qarabağ müharibəsinə qədər yaxşı mühafizə edilib saxlanmışdı. SSRİ dövründə Ağdam rayonuna gələn bütün əcnəbi qonaqlar bu abidəni ziyarət edirdilər. Abidə kompleksi həmişə diqqət mərkəzində olduğundan bir növ Ağdam rayonunun simvoluna çevrilmişdi.
Bəli, bu gün işğaldan azad olunuan ərazilərimizdə zəngin turizm imkanları var. Həm flora və fauna, həm də tarixi memarlıq abidələrimiz bu torpağın zənginliyinə dəlalət edir. Necə deyərlər, hər bir turistin ürəyi bu əraziləri görməyə tələsəcək. Həm səfalı yerləri görməyə, həm də tarixin yaddaşı olan daş yaddaşlarımızı seyr etməyə.
Artıq beynəlxalq sərgilərdə Qarabağ bölgəsinin turizm potensialı nümayiş olunur. Londonda keçirilən dünyanın tanınmış turizm sərgilərindən olan Dünya Səyahət Bazarı sərgisində COVID-19 pandemiyası ilə əlaqədər olaraq virtual formatda keçirilən sərgi çərçivəsində Dağlıq Qarabağ və ətraf rayonların turizm potensialı, təhlükəsizliyin təminindən və infrastrukturun yaradılmasından sonra regionun yeni turizm destinasiyası kimi təqdimatı barədə iştirakçılara məlumat verilib.
Bütün bunlar yaxın gələcəkdə Azərbaycanın turizm sənayesinin daha da inkişafına böyük təsir göstərəcək və ölkəmiz bütün qitələrdən turistləri daha yüksək səviyyədə qarşılamaq imkanına malik olacaq.

Zümrüd BAYRAMOVA