Qərb Ermənistandan üz çevirəcək - POLİTOLOQ AÇIQLADI

24 May 2022 15:43 (UTC+04:00)

"İstər Brüssel görüşü, istərsə də Moskavada keçirilən görüşlərdə ən önəmli olan məsələ Ermənistanın öz üzərinə öhdəliklər götürməsidir. Başqa sözlə desək imzalanmış Bəyannamələr Ermənistanın üzərinə konkret öhdəliklər qoyur ki, bu da olduqca önəmlidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən son görüş də bu istiqamətdə atılmış çox vacib bir addım oldu: "Çünki məhz Ermənistan tərəfindən öhdəliklərin yerinə yetirilməməsi sülh istiqamətində atılan addımları əngəlləyir. Odur ki, bu öhdəliklərin yerinə yetirilməsinin vacibliyi ilə bağlı mütəmadi olaraq Ermənistana xəbərdarlıq edilməsi vacibdir.
Hər kəs görür ki, rəsmi İrəvanın hər vəchlə üzərinə götürdüyü öhdəliklərin icrasını uzatmağa çalışır. Bir tərəfdən Rusiyanın təzyiqləri ilə üz-üzə qalan, digər tərəfdən isə Brüsseldə götürdüyü öhdəliklərdən qaçmağın mümkün olmayacağın dərk edən Ermənistan rəhbərliyi isə uğursuz siyasi manevrlərlə danışıqlar prosesinin Rusiya ilə Qərb arasında geosiyasi rəqabət mövzusuna çevrilməsinə və bununla da vaxt qazanmağa çalışır. Ermənistan bu ikili oyunu təbii olaraq Avropanın maraqlarına cavab vermir. Odur ki, Paşinyanın Moskva səfərindən sonra yenidən Brüsseldə görüşün keçirilməsi rəsmi İrəvana götürdüyü öhdəlikləri xatırlatmaq baxımından önəmli idi.
Son görüşün qəbul olunmuş razılaşmalar baxımından kifayət qədər məhsuldar olduğunu deyə bilərik. Belə ki, birgə sərhəd komissiyasının birinci iclasının yaxın günlərdə Azərbaycan-Ermnistan sərhəddində baş tutacağı ilə bağlı razılıq əldə olunub. Belə bir razılşama əslində hələ bundan əvvəlki Brüssel görüşündə də razılaşdırılmış və görüşün məhz dövlətlərarası sərhəddə keçirilməsi də elə Ermənistan tərəfindən təklif olunmuşdur. Lakin bu razılşamanı elə İrəvan özü pozaraq görüşü təxirə salmış, daha sonra isə görüşün Moskvada keçirilməsi ilə bağlı təkliflə çıxış etsə də həmin görüş də Ermənistan tərəfindən pozulmuşdur. İndi görünən odur ki, Brüsseldə keçirilən son görüşdə Paşinyan öz oyunpozucu fəaliyyətindən geri çəkilməyə söz verib və ya buna məcbur edilib.
Görüşü məhsuldar edən digər vacib məqam kommunikasiya xətlərinin açılması və Zəngəzur dəhlizi ilə razılıqla bağlıdır. Belə ki, görüşdə Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılığa gəlinib. Şarl Mişelin çıxışından və razılaşdırılmış bəyannamədən belə məlum olur ki, Zəngəzur dəhlizində və ya digər yollarda tərəflərin quracaqları gömrük məntəqləri və alınacaq gömrük rusumları yalnız beynəlxalq daşımalara şamil olunacaq.
Görüşdə həmçinin Ermənistan ilə Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinə dair müzakirəni davam etdirmək barədə də razılıq əldə olunub və yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdikləri nümayəndə heyətləri bu prosesi davam etdirəcəklər.
Əvvəlki öhdəliklərə uyğun olaraq birinci Qarabağ savaşından sonra hələ də taleyi məlum olmayan insanlarımız haqqında məlumatların verilməsi kimi məsələlər də yenidən masaya yatırılıb və müvafiq olaraq yenilənib. Bəyannamədə “Dağlıq Qarabağ” ifadəsinin işlənilməməsi, Ermənistanın tez-tez diriltmək istədiyi Minsk Qrupuna istinaq edilməməsi də müsbət məqamlar kimi qeyd olunmalıdır.
Bütün sadalananlar onu deməyə əsas verir ki, Avropa İttifaqı da artıq 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli üçtərəfli razılaşmaların formalaşdırdığı yeni geosiyasi reallıqdan çıxış edir. Azərbaycanın yaratdığı yeni reallıqları hələ də qəbul etmək istəməyən Ermənistan isə hər keçən gün daha çox itirir. Lakin bu cür mövqe uzun müddət davam edə bilməz. Əgər Ermənistan bu dəfə də Rusiyanın təzyiqlərinə boyun əyib Brüssel razılaşmasına əməl etməsə, o zaman Qərb Ermənistandan üz çevirəcək. Digər tərəfdən, Ermənistanın qeyri-müəyyən davranışları, sülhə mane olmaq cəhdləri onu beynəlxalq miqyasda da ciddi tənqid və qınaq obyektinə çevirə bilər. Bu kimi hallar isə Ermənistanın daha da ağır vəziyyətə düşməsinə səbəb olacaq. Odur ki, Ermənistan da nəhayətində bunu dərk etməli və götürdüyü öhdəlikləri icra etməlidir. Əks təqdirdə bu ölkə ilə sülh danışıqlarının aparılmasının da bir anlamı qalmayacaq. Belə olacağı halda baş verəcək bütün hadisələrə görə məsuliyyət də məhz Ermənistanın üzərinə düşəcək".