Dövlət imtahanı etməyin mənası yoxdur - TƏHSİL EKSPERTİ ETRİAZ ETDİ

24 May 2022 15:12 (UTC+04:00)

"Ümumilikdə tələbələrin qiymətləndirilməsi zatən hər semestr aparılır. Semestr imtahanları götürülür və bunun məntiqi nəticəsi olaraq yenidən dövlət imtahanı etməyin heç bir mənası yoxdur. Çünki hər semestrdə biz imtahan verən tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsini aparmışıq. Buna müvafiq olaraq tələbələrin ümumi ortalamaası əsas götürülməlidir və onun əsasında da diplom qiymətləndirilməsi aparılmalıdır". Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, nəzərə alsaq ki, pandemiya dövründə tələbələr ənənəvi və yaxud da əyani dərsdən bir o qədər nələrsə öyrənə bilmədilər və onlar ümumiyyətlə, əyani dərsə gec qoşuldular, həmçinin onlayn dərslər tam səmərəsiz keçdi: "Bunun da qarşılığında yenidən tələbələri dövlət imtahanı ilə sınağa çəkmək fikrimcə, ən azı bu il üçün düzgün deyil. Bu tədris ilində biz ötən ilki tədris ili kimi dövlət imtahanının olmaması ilə qərar verməliyik. Məsələn tələbələr diplom işini verir, diplom işini yazırlarsa, bir də onun müqabilində dövlət imtahanı vermələri düzgün deyil. Diplom işi ilə onsuz bu insan götürdüyü mövzu üzrə müdafiə edir. Yəni, hər hansı bir mövzu üzrə bakalavr pilləsi üzrə təhsil aldığını müdafiə edir. Ona görə dövlət imtahanı etməyin mənim fikrimcə mənası yoxdur".

Elçin Əfəndi sözlərinə belə davam edib: "50-dən çox ali təhsil müəssisəsində təxminən 50 minə yaxın buraxılış kursunda təhsil alan şəxs var və biz onları dövlət imtahanı ilə sınağa çəksək, onların içərisindən bəzi hissə müəyyən faiz göstəricisi ilə kəsiləcək. Yəni, bu kəsilmək kimə sərf edir? Əlbəttə universitetlərə sərf edir. Əslində isə bu heç doğru yanaşma deyil. Yəni, ona görə dövlət imtahanını keçirməyin tərəfdarıdırlar. Amma düşünürəm ki, bunu etmək tələbələrin təhsilinin davamlılığına maneçilik törətməkdir. Çünki elə tələbələr var ki, onlar magistratura üzrə imtahan verirlər və artıq may ayının 29-da ikinci şans imtahanı verəcəklər. Diplom işində və yaxud da dövlət imtahanında hər hansı bir kəsrin çıxması onların növbəti təhsil pilləsində təhsilin davamlılığına maneçilik törədə bilər".

Ayşən Vəli