Azərbaycan-Avropa ittifaqı iqtisadi əlaqələri prizmasında biznes sahəsinin inkişafı ŞƏRH

24 May 2022 13:06 (UTC+04:00)

Memarı Ulu Öndər Heydər Əliyev olan müstəqil Azərbaycan Respublikasında iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı sahəsində uzunmüddətli və sistemli fəaliyyət həyata keçirilir. Aparılan davamlı iqtisadi islahatlar və iqtisadiyyatın diversifikasiyası siyasəti nəticəsində qeyri-neft sektorunun inkişafı təmin edilmiş, bu sahədə əhəmiyyətli irəliləyişlərə nail olunmuşdur. Bu tədbirlərin davamı olaraq, növbəti dövrlərdə də iqtisadiyyatın neftdən asılılığının minimuma endirilməsi və sahibkarlığın inkişafına əsaslanan rəqabətqabiliyyətli milli iqtisadiyyata çevrilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirmək əsas strateji hədəflərdən biri kimi müəyyən edilmişdir.

Göstərilən hədəfə nail olmaq üçün dövlət tərəfindən ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, dövlət tənzimləməsinin, o cümlədən inzibati qayda və prosedurların təkmilləşdirilməsi, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, sahibkarlara dövlət dəstəyi və təşviq mexanizmlərinin formalaşdırılması, rəqabət qabiliyyətliliyin və ixrac imkanlarının genişləndirilməsi, ən yüksək beynəlxalq standartlara uyğun olaraq elektron dövlət xidmətləri göstərilməsi sahələrini əhatə edən kompleks tədbirlər həyata keçirilmişdir. Ölkədə sahibkarlığın inkişafı onun rəqabət qabiliyyətinin artırılması istiqamətində dövlət tənzimləməsinin təkmilləşdirilməsini, biznes və investisiya mühitinin əlverişliliyinin daha da artırılmasını, ən qabaqcıl beynəlxalq təcrübəyə uyğun daha da cəlbedici biznes və investisiya mühitinin formalaşdırılmasını, mütərəqqi tənzimləmə və hüquqtətbiqetmə praktikasına nail olunmasını zəruri edir.

Cənab Prezidentimiz İlham Əliyev başda olmaqla ölkəmizin biznes və investisiya mühitinin əlverişliliyini, yerli və xarici investorlar üçün cəlbediciliyini daha da artırmaq, sahibkarlıq sahəsində son illərdə nail olunmuş sürətli inkişafın davamlığını təmin etmək və rəqabət qabiliyyətini möhkəmləndirmək, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq əsas məqsədlərdən biridir.

Cari ilin may ayının 18-də Heydər Əliyev Mərkəzində baş tutan Azərbaycan-Litva biznes forumunda çıxış edən Cənab Prezident İlham Əliyev iqtisadiyyatın, xüsusən də biznesin çoxşaxəli inkişafının əsas prioritet məsələ olmasını qeyd edərək bildirmişdir: “İnvestisiya proqramlarımızın ilkin vaxtlarında əsasən neft-qaz sektoruna investisiya qoyulurdusa, indi biz bərpaolunan enerji sahəsində birbaşa xarici investisiyaları görürük. Bu ilin əvvəlində xarici investorlar ilə 470 meqavat gücündə günəş və külək elektrik stansiyaları tikmək üçün iki böyük müqavilə imzalanmışdır ki, bu da əlverişli investisiya mühitinin olmasının göstəricisidir”. Dövlət başçısı qeyd edib: "Biz 10 milyardlarla birbaşa xarici investisiyadan məmnunuq. Xarici şirkətlərin sərmayə portfelinin şaxələndirilməsi də çox vacibdir. İnvestisiya proqramlarımızın ilkin vaxtlarında əsasən neft-qaz sektoruna investisiya qoyulurdusa, indi biz bərpaolunan enerji sahəsində birbaşa xarici investisiyaları görürük. Bu ilin əvvəlində xarici investorlar ilə 470 meqavat gücündə günəş və külək elektrik stansiyaları tikmək üçün iki böyük müqavilə imzalanmışdır ki, bu da əlverişli investisiya mühitinin olmasının göstəricisidir".

Göründüyü kimi, cənab Prezidentimiz İlham Əliyevin Azərbaycan-Litva biznes forumunda çıxışı bir daha Azərbaycanın iqtisadi və siyasi sahədə qazandığı uğurlara işıq saldı. Qeyd edildi ki, Avropa dövlətləri ilə eləcə də, onun üzv ölkələrindən olan Litva Respublikası ilə sıx əlaqələrin qurulmasında nəinki Azərbaycan, eyni zamanda, qarşı tərəf də bir o qədər maraqlıdır.

Ölkələrimiz arasında əməkdaşlıq üçün dayanıqlı nəqliyyat yollarının olması da çox önəmlidir. Azərbaycanda nəqliyyat şəbəkəsinin şaxələndirilmiş zənciri yaradılıb. Cənab Prezidentin qeyd etdiyi kimi, coğrafi yerləşmənin üstünlüklərindən faydalanaraq ölkə olaraq müasir infrastruktur – dəniz limanı, dəmir yolu bağlantıları, bir neçə beynəlxalq hava limanları, avtomobil yolları yaratdıq. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşir. Açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, düzgün strategiya nəticəsində Azərbaycan önəmli nəqliyyat mərkəzinə çevrilib. Uğurlardan, inkişafdan danışarkən xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir. Eyni zamanda, ölkəmiz Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini təmin edir. Azərbaycan neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edir. Azərbaycanın enerji resurslarına ehtiyac heç vaxt olmadığı qədər böyükdür. Avropa istehlakçılarına əlavə enerji resursları mənbələri lazımdır. Bu baxımdan, Azərbaycan Avropa İttifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul edilir. Avropa istehlakçıları üçün bərpaolunan enerji mənbələri hesabına istehsal edilmiş enerji daha çox cəlbedici ola bilər. Avropa İttifaqı -Azərbaycan əməkdaşlığı uğurla inkişaf edir. Enerji, nəqliyyat təhlükəsizliyi, ticarət – perspektiv əməkdaşlıq istiqamətləridir. Avropaya təbii qazın ixracına başlamağımızı və neft-qaz qiymətlərinin artmaqda olduğu faktını nəzərə alaraq cari ildə Avropa İttifaqı ilə ticarət dövriyyəsi artıb. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan artıq strateji tərəfdaşlıq haqqında razılıqlar imzalayıb. Bu, onu göstərir ki, Avropa İttifaqı da Azərbaycan qədər bu əməkdaşlıqda maraqlıdır.

Avropa ittifaqı təşkilatının region dövlətləri arasında Azərbaycan ilə əlaqələrin möhkəmlənməsinə xüsusi önəm verməsi təsadüfi deyil. Çünki strateji tərəfdaşlığa dair imzalanan sənədlər əsasında müəyyən əhəmiyyət daşıyan layihələrin uğurla reallaşdırılması respublikamızın etibarlı tərəfdaş olduğunu təsdiqləyib. Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının dinamik inkişafı, sözügedən yöndə əldə edilən uğurlar ölkəmizin xarici siyasətində xüsusi yer tutan bu mühüm prioritet istiqamətə xüsusi önəm verilməsinin məntiqi nəticəsidir: “Respublikamız ilə Avropa İttifaqı arasında əlaqələr enerji, investisiya, ticarət və s. sahələrdə yüksək səviyyədə inkişaf edib, bu beynəlxalq təşkilat Azərbaycanın əsas ticarət tərəfdaşlarından birinə çevrilib. Qeyd edək ki, qlobal güc mərkəzi olan Avropa İttifaqı hazırda Azərbaycanın ən vacib tərəfdaşlarından biridir. Bu quruma üzv dövlətlərin üçdəbir hissəsi ilə Azərbaycan “Strateji Tərəfdaşlıq” adlanan sənədləri və bəyannamələri imzalayıb. Məhz bunun nəticəsidir ki, ölkəmizin ticarət dövriyyəsinin yarıdan çoxu Avropa İttifaqının payına düşür. Beləliklə, Azərbaycanın Avropa İttifaqı və onun üzvlərindən biri olan Litva Respublikası ilə iqtisadi sahədə əməkdaşlığı, biznes sahəsində əlverişli imkanlara sahib olması Cənab Prezidentimiz İlham Əliyevin uğurlu, yorulmaz və fəal xarici siyasətinin nəticəsidir.

Vasif Nəbiyev

YAP Yasamal rayon təşkilatının əməkdaşı