Azərbaycanın adı xarici ölkələrdə saxta diplomla hallanır - EKSPERT AÇIQLADI

24 May 2022 12:38 (UTC+04:00)

“Çox təəssüflər olsun ki, Azərbaycanın adı xarici ölkələrdə saxta diplomla hallanır. Bunun əsas səbəbi bizim müəyyən təhsil sənədlərimizin hər hansı bir elektron bazada olmaması ilə bağlıdır. Xüsusən Türkiyədə oxumağa gedənlər Azərbaycanda hər hansı bir printerdən çıxmış materiala peçat əlavə edirlər və bu materialı həmin universitetə təqdim edirlər”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, bununla bağlı dəfələrlə məlumat verilib: “Bəzən DİM-in imtahan nəticəsi vərəqini fotoşopla düzəldib yüksək balla Türkiyənin universitetlərinə təqdim edirlər. DİM mövcud problemi həll etmək üçün hər bir arayışın yoxlanması üçün oz portalında müvafiq bölmə yaradıb. Ona görə də istənilən xarici ölkə universiteti DİM-in arayışını yoxlamaq üçün DİM-in portalına müraciət edərək bunu yoxlaya bilir”.

Kamran Əsədov sözlərinə belə davam edib: “Hesab edirəm ki, Təhsil Nazirliyi də elektron portalda sənədlərin yoxlanması üçün bölmə açmalıdır.

Bu günləri biz görürük ki, saxta atestatların verilməsi ilə bağlı faktlar var. Onlar bunu xüsusilə də Türkiyə universitetlərinə qəbul olmaq üçün edirlər. Bəzən Türkiyənin Yüksək Öyretim Kurumu dövlət qurumlarına sənədlərin onlara aid olub olamaması ilə bağlı müraciət edir. Amma nəzərə alsaq ki, hər il Azərbaycandan Türkiyəyə 20 mindən çox gənc oxumağa gedir. Xarici universitetlərin bu sənədləri yoxlamağa imkanı yoxdur. Bu ciddi bir problemdir. İndiki halda sənədlərin yoxlanması prosesi uzun çəkdiyinə görə bəzən buna qarşı mübarizə aparmaq olmur. Proses elektornlaşsa hesab edirəm ki, problem aradan qalxacaq ”.

Ayşən Vəli