Azərbaycan-Litva münasibətləri yüksələn xətlə inkişaf edir ŞƏRH

24 May 2022 11:03 (UTC+04:00)

Tarixin hansı mərhələsində olursa-olsun, dünyanın siyasi xəritəsində meydana çıxan yeni müstəqil dövlət ayaq üstə qalmaq üçün bir-birindən çətin sınaqlarla üz-üzə gəlir. Bəzən bu proses obyektiv və subyektiv səbəblərdən uzun illər davam edir, ictimai-siyasi dəyişikliklərlə müşayiət olunur. Ölkəmiz də yenidən öz müstəqilliyini bərpa etdikdən sonra belə bir tale yaşamışdır. Azərbaycanın müstəqilliyini qısqanclıqla qarşılayan xarici qüvvələr ölkəmizə qarşı hər cür təxribatlar törədir, maneələr yaradırdılar. Bütün bu çətinliklərə baxmayaraq Azərbaycan öz müstəqilliyini qoruyub saxlaya bildi. Ötən əsrin səksəninci illərinin sonlarından başlayaraq ermənilərin Dağlıq Qarabağda başladıqları separatçı hərəkata keçmiş SSRI rəhbərliyi tərəfindən rəvac verilməsi nəticəsində ölkəmizin ağır, məşəqqətli günləri başladı. AXCP-Müsavat cütlüyünün hakimiyyəti dövründə ölkədə xaos və anarxiya baş alıb gedir, iqtisadiyyat tənəzzülə uğrayır, ardıcıl olaraq ərazilərimiz Ermənilər tərəfindən işğal olunurdu. Belə bir ağır vaxtda xalqın tələbi ilə 29 il əvvəl iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilən Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti, cəsarəti nəticəsində xalqımız böyük bəladan, dəhşətli fəlakətdən qurtuldu. Tarixə Milli Qurtuluş Günü kimi düşən həmin gündən Azərbaycan addım-addım uğurlara yaxınlaşdı, inkişafa qədəm qoydu. Həmin dövrlərdə əsas məsələlərdən biri də xarici ölkələrlə dostluq münasibətləri qurmaq, diplomatik əlaqələr yaratmaq idi. Ulu Öndərin yeritdiyi siyasət nəticəsində Azərbaycan Regional, həmçinin bir çox ölkələrlə uğurlu əlaqələr qurmağa nail oldu. Belə ölkələrdən biri də Litva Respublikası idi. Məhz buna görə də Azərbaycanın Müstəqilliyini ilkin tanıyan ölkələr içərisində Litva Pespublikası da olmuşdur.

May ayının 18-də Azərbaycana səfər edən Litva Prezidenti Gitanas Nausedanin səfəri köhnə dostluq əlaqələrinin daha da inkişaf etdirilməsi nöqteyi-nəzərindən böyük önəm daşıyır. Cənab Prezident İlham Əliyev Litva Prezidentinin Bakıya rəsmi səfəri çərçivəsində görüş zamanı bir sıra mühüm məsələlərə toxunaraq qeyd etdi ki, ölkələrimiz arasındakı güclü siyasi münasibətləri nəzərə alaraq, uzun illərdir ki, biz artıq strateji tərəfdaşlarıq. Hər iki ölkə üçün iqtisadiyyat, ticarət, investisiya və digər sahələrdə fəal qarşılıqlı əlaqədə olmaq böyük səmərə verəcək. Birgə hökumətlərarası komissiya ölkələrarası işgüzar dairələrin səylərini əlaqələndirəcək, eyni zamanda, hər iki ölkədə biznes qurmaq üçün çoxlu imkanlar yaradacaqdır. Çünki hər iki ölkə arasında münasibətlərin çox yaxşı siyasi təməli var. Prezident İlham Əliyev çıxışında qeyd edib ki, həm ikitərəfli, həm də geniş tərkibdə görüşlər zamanı iqtisadi, ticarət, nəqliyyat, kənd təsərrüfatı, təhsil, enerji, idman və başqa sahələrdə əməkdaşlığın müxtəlif aspektləri geniş müzakirə olunub. Azərbaycanda biznes mühiti investorlar üçün əlverişlidir deyən möhtərəm Prezident bildirib ki, ölkəmizdə investisiya proqramlarının həyata keçirildiyi ilkin vaxtlarında əsasən neft-qaz sektoruna sərmayə qoyulurdusa, indi bərpaolunan enerji və digər sahələrdə də birbaşa xarici investorlarla da iş qurmuşuq. Cənab Prezident ikitərəfli görüş zamanı Azərbaycan və Ermənistan arasındakı münaqişəyə də toxunmuşdur.

Azərbaycan Respublikası regionda həmişə sülhün tərəfdarı olmuşdur. Ermənistan tərəfi isə indiyə qədər sülh sazişinin imzalanmasını yubadır və tərəflər arasında sərhədlərin dəqiqləşdirilməsi məsələsində havadarlarına arxalanaraq əməkdaşlıqdan boyun qaçırır. Azərbaycanın təklif etdiyi 5 prinsip BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və beynəlxalq hüquq normalarına uyğun olsa da, Ermənistan tərəfi üzdə bunu qəbul etsə də, hələ də reallıqlarla barışmaq fikrində deyil.Litva Respublikasının Prezidenti Azərbaycanın Cənubi Qafqazda sülhə, təhlükəsizliyə və sabitliyə, iqtisadi əməkdaşlığa töhvə verən bir ölkə kimi dəyərləndirib və qeyd edib ki, biz inanırıq ki, Azərbaycan tezliklə bu problemi də həll edəcək, bir çox ölkələrlə, o cümlədən Litva ilə əməkdaşlıqda böyük nailiyyətlər əldə edəcəkdir.

Rövşən Əhmədov

Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədri