Azərbaycanın iqtisadi inkişafı donor ölkəyə çevrilməsinə önəmli təkan verir ŞƏRH

24 May 2022 10:55 (UTC+04:00)

Ötən əsrin sonlarında Azərbaycan mürəkkəb tarixi dövr yaşasa da, sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamla keçərək sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanındı. Ölkənin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmış, cəmiyyətdə dövlətçilik ənənələri güclənmiş, müasir sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata keçirilmişdir. İqtisadi inkişafdan qaynaqlanan yüksək maliyyə imkanları uzun illər makroiqtisadi sabitlik və artıma mühüm töhfə vermiş, təhlükəsizliyin təmini üçün güclü potensial yaratmışdır.

Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir. Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcəkdir. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi qarşıya əsas prioritet kimi qoyulub. Enerji sektoru ənənəvi olaraq iqtisadiyyatda aparıcı sektor olub və bu, davam edəcək. Prezident cənab İlham Əliyev Azərbaycan-Litva biznes forumunda çıxışı zamanı Azərbaycan qazını ilk dəfə 2021-ci ilin yanvarından başlayaraq Avropa İttifaqı da daxil olmaqla müxtəlif məntəqələrə nəql edən Cənub Qaz Dəhlizinin tikintisinin və 3500 kilometr uzunluğunda birləşdirilmiş çoxsaylı boru kəməri sisteminin yekunlaşdığını qeyd etdi. Bu, ölkənin inkişaf dinamikasının əsas göstəricilərindəndir. Cari ilin dörd ayının nəticələrinə nəzər saldıqda, ümumi olaraq iqtisadi vəziyyəti perspektivli qiymətləndirmək olar. Ölkənin iqtisadi gəlirləri 7,2 faiz artmışdır. Qeyri-neft sektorunda artım 11,4 faizdir. İxrac 85 faiz artıb, qeyri-neft ixracı isə 40 faizə yaxın artıb. İşsizlik səviyyəsi 5-6 faiz təşkil edir.
Öz enerji təhlükəsizliyini tam təmin edən Azərbaycanın iqtisadi inkişaf dinamikası və Avropanın əlavə enerji resursları mənbələrinə olan ehtiyacı ölkəmizə olan maraqları daha da artırır. Azərbaycana dünya birliyində marağın artmasının səbəblərindən olan mövcud davamlı iqtisadi inkişafımız Avropa İttifaqı üçün töhfə verən ölkə kimi nüfuzumuzu günü-gündən artırır.
Azərbaycan Respublikasında iqtisadiyyatın davamlı və rəqabət qabiliyyətli inkişafı sahəsində uzunmüddətli və sistemli fəaliyyət həyata keçirilir. Aparılan davamlı iqtisadi islahatlar və iqtisadiyyatın diversifikasiyası siyasəti nəticəsində qeyri-neft sektorunun inkişafı təmin edilmiş, bu sahədə əhəmiyyətli irəliləyişlərə nail olunmuşdur. İqtisadiyyatın neftdən asılılığının minimuma endirilməsi və sahibkarlığın inkişafına əsaslanan rəqabət qabiliyyətli milli iqtisadiyyata çevrilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirmək əsas strateji hədəflərdən biri kimi müəyyən edilmişdir.
Avropa dövlətləri ilə sıx əlaqələrin qurulmasında nəinki Azərbaycan, eyni zamanda, qarşı tərəf də bir o qədər maraqlıdır. Bu kontekstdə ölkəmiz dünyada etibarlı tərəfdaş kimi tanınır. Hazırda Azərbaycanda biznes mühiti investorlar üçün çox əlverişlidir.

İbrahim Kərimov,
YAP Sabirabad rayon təşkilatının əməkdaşı