Kəlbəcər Tarix Diyarşünaslıq Muzeyi ziyarət olunub FOTOLAR

24 May 2022 10:53 (UTC+04:00)

Azərbaycan Respublikası Milli Məclisinin üzvü Aqil Məmmədov və Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, ziyalı və tələbə gənclərlə birlikdə Abşeron rayon Mehdiabad qəsəbəsində fəaliyyət göstərən Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyini ziyarət ediblər. Millət vəkili Aqil Məmmədov qeyd etdi ki, Ümummilli lider Heydər Əliyev tərəfindən muzey işinin inkişafı üzrə müəyyən edilmiş prioritetlər bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyev, eləcə də ölkəmizin birinci vitse prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir. 30 illik işğal ərzində erməni vandalları bütün sərvətlərimizi vəhşicəsinə talayıblar. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində otuz il düşmən tərəfindən 22 muzey dağıdılaraq talan edilib. Onlardan ən böyüyü Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi olub. Kəlbəcər də Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi, diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir. Kəlbəcərdə bu gün böyük quruculuq işləri görülür və inşallah Kəlbəcərdə Tarix-Diyarşünaslıq Muzeyi yenidən bərpa olunacaq, ziyarətçilərin istifadəsinə veriləcəkdir.

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov bildirdi ki, Ümummilli Liderin Azərbaycan mədəniyyətinin, incəsənətinin qorunması, inkişafı və gələcək nəsillərə çatdırılması istiqamətində gördüyü böyük işlər bu gün ölkə başçısı İlham Əliyev və birinci Vitse-Prezident Mehriban xanım Əliyeva​ tərəfindən uğurla davam etdirilir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Kəlbəcərə də həyat yenidən qayıdır. İnşallah Kəlbəcərimizdə də tarixi mədəniyyət abidələrimiz, muzeylərimiz yenidən bərpa olunacaqdır.
Ziyarətçiləri səmimi salamlayan Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Bərzani Əsgərov bildirib ki, içərisində 30 mindən artıq tarixi əhəmiyyətli əşyalar olan bu mədəni irs abidəsi 1982-ci ildə yaradılıb. O, ziyarətçilərin nəzərinə çatdırıb ki, muzeyin Kəlbəcər şəhərindəki həyəti 900 kvadratmetrdən artıq olub. Muzey eksponatları zəngin bir dəhlizdən, 3 kabinetdən, 9 nümayiş salonundan və içərisində 30 mindən çox eksponat olan bir fonddan ibarət idi. Muzeyin çöl divarlarında 2037 rəng çaları olan daşlardan istifadə edilib. Muzeyin divarlarında daşdan düzəldilmiş müxtəlif naxışlar, kənd təsərrüfatı alətləri, bəbir və dağ keçisi fiqurları, nehrə, qazan, tuluq və bir çox əşyaların daşdan çəkilmiş şəklini görmək olardı. Muzeyin həyətində daşdan yonulmuş 14 qəbirüstü at və qoç heykəlləri nümayiş etdirilirdi. Mütəxəssislər və tamaşaçılar Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyini həm də geologiya, arxeologiya, incəsənət və səs muzeyi adlandırıblar.
Muzeyin yaradıcısı mərhum alim-şair, filologiya üzrə fəlsəfə doktoru Şamil Əsgərovun min bir zəhməti sayəsində yaradılmış muzey bu gün də zənginliyi ilə seçilir.
Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalından sonra Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi öz fəaliyyətini dayandırmış, muzeyin fondu tamamilə itirilmişdir. 1993-cü ildən isə muzey Bakı şəhərində qismən bərpa edilmişdir. Muzeyin əsas və köməkçi fondu 6.237 ədəd eksponat təşkil edir. Bu günə şükürlər olsun ki, torpaqlarımız işğaldan azad olundu.
Biz muzey işçiləri yenidən azad Kəlbəcərimizdə öz fəaliyyətimizi davam etdirəcəyik.
Müzeyin zəngin eksponatları ziyarətçilərdə yüksək təəssürat yaratdı.