“Azərbaycan bölgə dövlətləri üçün həm də yeni imkanlar deməkdir"

24 May 2022 00:54 (UTC+04:00)

Sevda Mirzə (aparıcı): Salam, TRT “Türkiyənin səsi” radiosunun dinləyiciləri və TRT/Azerbaycan saytının oxucuları. Bu gün bizim mötəbər qonağımız var. Ankaradayıq. Bilirsiniz ki, TRT “Türkiyənin səsi” radiosu Türkiyənin paytaxtı Ankaradan yayımlanır, səslənir. Qonağımız Azərbaycanın Türkiyədəki Fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovdur. Xoş gəlmisiniz studiyamıza, necəsiz?

Rəşad Məmmədov (Azərbaycanın Türkiyədə Fövqəladə və səlahiyyətli səfiri): Çox sağ olun, Sevda xanım.

Sevda Mirzə: Biz Azərbaycan səfirliyində həmişə özümüzü evimizdə olduğumuz kimi hiss edirik. Siz də yəqin ki, burada – TRT-nin Azərbaycan redaksiyasında özünüzü belə hiss etmiş olarsınız.

Rəşad Məmmədov: Bəli, Azərbaycan redaksiyası elə bizim də evimizdir, ona görə mən də özümü çox rahat hiss edirəm burada.

İlk öncə, təşəkkür edirəm, Sevda xanım, sizə və TRT “Türkiyənin səsi” radiosuna, dəvətinizə görə.

Sevda Mirzə: Çox sağ olun. Nə yaxşı ki, bayraqlar içərisində bizim də bayrağımız var, nə yaxşı ki, dövlətlər arasında bizim də dövlətimizin adı var. Azərbaycan Cumhuriyyəti bütün müsəlman, şərq və türk dünyasının ilk respublikasıdır. Öz tarixi torpaqları, öz Azərbaycan adlı coğrafiyasında yaranan dövlətik. Ümumiyyətlə, dövlət nədir? Və hər millətə dövlət lazımdırmı?

Rəşad Məmmədov: Bilirsiniz ki, dünyada 7 minə yaxın xalq yaşayır. Bunların hər biri öz dövləti olmasını yəqin ki, arzulayır. Amma cəmi 200-ə yaxın dövlət mövcuddur. 7000-in içində 200 xoşbəxt millət arasındayıq ki, bizim də öz müstəqil dövlətimiz var. Şərəfli tariximiz var. Bu dövləti bizə hədiyyə etməyiblər. Babalarımız bir vaxtlar imperiyalar yaratmış olsa da, tarixin müəyyən zamanında biz özümüz hansısa bir imperiyanın tərkibinə daxil olmaq məcburiyyətində qalmışıq və bir neçə yüz il başqa dövlət içində yaşamışıq. Buna baxmayaraq, mədəniyyətimizi, dilimizi, dinimizi, adət-ənənələrimizi qoruyub-saxlamağımız bizim nə qədər dərin köklü və nə qədər qədim bir millət olduğumuzun göstəricisidir.

1918-ci ilin 28 mayında babalarımız bütün müsəlman şərqində ilk demokratik respublikanı, Qafqazda isə indikindən fərqli olaraq daha böyük coğrafiyada demokratik bir cümhuriyyəti elan etdi. Türkiyədə respublika quruluşu 1923-cü ildən başlayıb.

Rusiya imperiyasının içində, tərkibində yaşamağımıza baxmayaraq, dövlətçilik ideologiyası inkişaf edirdi, türkçülük düşüncəsi qorunub saxlanılırdı xalq arasında. Osmanlı dövründə Osmanlı ideologiyası olaraq müsəlmanlıq seçilmişdisə, Azərbaycanda türkçülük başda idi. Bu ideologiyanı formalaşdıran böyük şəxsiyyətlər bu düşüncə əsasında Türk dünyasında ilk demokratik respublika qurdular.

Sevda Mirzə: Bir də, çox çətin şəraitdə.

Rəşad Məmmədov: Birinci Dünya Müharibəsindən sonra böyük imperiyaların, maraqların, orduların bir-biri ilə toqquşduğu bir zamanda, müşkül şəraitdə ucaldı dövlətimiz, yazıldı himnimiz, düzəldildi gerbimiz.

Sevda Mirzə: Və dünya da bizi tanıdı. 1918-ci ildə Azərbaycan adlı cümhuriyyətimiz qurulmasaydı, böyük dövlətlər tərəfindən tanınmasaydı, 1991-ci ildə biz bugünkü dövlətimizi yenidən bərpa edə bilməzdik.

Rəşad Məmmədov: Bizim nümayəndə heyətimiz nə zülmlə getdi Paris Sülh Konfransına. Orada uzun danışıqlar, əziyyətlər sayəsində dünyaya bizi tanıtdılar - ərazimizi tanıtdılar, bayrağımızı tanıtdılar, himnimizi tanıtdılar, gerbimizi tanıtdılar. Amma cəmi 23 ay yaşadı cümhuriyyətimiz. 11-ci Qızıl Ordunun Azərbaycana yeridilməsi ilə bu cavan respublika yıxıldı, yerində Azərbaycan Sovet Sosialist Respublikası quruldu və 70 il SSRİ-nin tərkibində olduq.

Sevda Mirzə: Bununla belə yenə də cumhuriyyət olaraq davam etdik, yəni yeni də olsa, öz aşağısı mavi qırmızı bayrağımız oldu. Azərbaycan dili dövlət dilimiz olaraq qaldı. Bəzən bunu çaşdırırlar burada - Türkiyədə. Deyirlər: “1918-ci ildə Azərbaycan Cümhuriyyəti quruldu, 23 ay yaşadı, dağıdıldı, sonra Rusiyanın zülmü altında oldu”. Deyirəm ki, o cümhuriyyət dağılsa da, biz yenə respublika quruluşu ilə davam etdik. Azərbaycanın milli düşüncəli insanları türklüyü yeni respublikanın içərisində qorumağa başladılar.

Rəşad Məmmədov: Azərbaycan Cümhuriyyəti 23 ay sonra yıxıldı. Türk ideoloqlarımız, yəni türkçülüyün fəlsəfəsini yaratmış insanlar Sovet İttifaqına daxil edilmiş “Azərbaycan SSR” adı altında yaşamaq istəmədilər, gəldilər, Atatürkün ətrafında birləşdilər. Türkiyədə respublika quruluşu o türk ideologiyası əsasında quruldu, Türkiyənin yeni fəlsəfəsinin əsası oldu.

Sevda Mirzə: Yəni Azərbaycan türkçüləri Türkiyədə Türkçülük cərəyanının yaranmasında böyük rol oynadılar.

Rəşad Məmmədov: Bəli, böyük rol oynadılar. Bu da Azərbaycan türklərinin bütün dünya türklərinə, türkçülüyünə verdiyi bir töhfədir. O ideoloqların bir çoxunun məzarları bu gün Türkiyədədir. Araşdırırıq, tapırıq, çalışırıq ki, bərpa edək.

Sevda Mirzə: Azərbaycan Cümhuriyyətinin yaradıcısı M.Ə.Rəsulzadənin qəbri Ankarada, türkçülüyün banilərindən olan Əli bəy Hüseynzadənin məzarı İstanbuldadır və hər birini ziyarət etmisiniz.

Sanki o dövrdə də, indi də Azərbaycan və Türkiyənin tarixləri, inkişafları az il fərqləri olmaqla bir-birinə paralel şəkildə getmiş, bir-birimizdən görüb-götürmüşük, Azərbaycan Türkiyədən, Türkiyə Azərbaycandan.

Siz həm də türk dünyasının digər ölkəsi Qazaxıstanda səfir olmusunuz. Orada haqqınızda “Qazaxıstanda Azərbaycanın ən çalışqan səfiri” adlanmısınız. Hal-hazırda isə Türkiyədəsiniz və o sözləri yenə özünüzlə birlikdə buraya gətirmisiniz. Türkiyə ilə Qazaxıstandakı fəaliyyətləriniz arasında fərqlər nədir?

Rəşad Məmmədov: Bu, fərqli vəzifələrdir. Oxşarlığı ondadır ki, mən dövlət başçımın, prezidentimin fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşam. Həm orada, həm burada eyni işdir diplomatik misiyaya rəhbərlik etmək. Ancaq önümüzdə duran məsələlərin həlli, səfirin görməli işləri, bunların ardıcıllığı, həcmi tamamilə fərqlidir. İkisi də türk olsa da, Qazaxıstan və Türkiyənin hər birinin ayrı özəlliyi var. Elə gözəllik də bu özəlliklərdədir. Ortaq mədəniyyətimiz, adət-ənənələrimiz var ki, orada da qorunub-saxlanılıb, burada da. Dilimiz bir olsa da, şivəmiz fərqlidir. Amma xalqlar, millətlər 100 illərlə hansısa müddət ərzində imperiyalar, böyük dövlətlər tərəfindən başqa düşüncə altında yürüdüləndə ayrı vəziyyət yaranır.

Sevda Mirzə: Qazaxıstan daha çox Rusiyanın təsiri altında qalmışdı, hətta dövlət dili də rusca idi.

Rəşad Məmmədov: Elə onu demək istəyirəm, amma bir az üstüörtülü deyirdim. Bəzi təsirlər nəticəsində bir nəsillər böyüyür ki, fərqli düşüncədə olur. Azərbaycan isə 70 il Rusiya ilə SSR tərkibində yaşamasına baxmayaraq, cəmi 1-2-3 il bəs etmişdi ki, insanlar kim olduqlarını başa düşsünlər, özlərinin o genetik yaddaşlarını bərpa etsinlər. Beləliklə, növbəti 10 il ərzində məktəblərdə yeni bir generasiya, fərqli bir düşüncədə yeni nəsli böyüdü və bununla da əvvəlki bitdi. Yəni min illərin, on min illərin içində 70, 80 və ya 100 il heç bir dərin tarixi, zəngin mədəniyyəti olan millətə təsir edə bilməz. Qazaxıstanda isə bu proses hələ getməkdədir. Hər kəs artıq anlayır ki, bunlar türkdürlər. Burada təhsil alanları Türkiyənin həyat tərzini bəyənirlər, Azərbaycan xoşlarına gəlir.

Türkiyə-Azərbaycan dostluğu bir model olaraq Orta Asiya dövlətləri üçün, türk dünyası üçün çox əhəmiyyətli bir nümunədir. Bu klassik diplomatik əlaqələr formatından fərqli münasibətlərdir. Doğrudan bir qardaşlıq, dostluq bu iki xalqın bir-birinə sevgisi üzərində qurulub. Dövlət başçılarının dostluğu və birbirinə qarşı olan hörməti üzərində qurulan bu siyasət həm bir-birinin daxili işlərinə qarışmamaq, həm də bir-birinin yanında olub, türkcə desək, “sırt sırta omuz omuza dayanmak” deməkdir.

Sevda Mirzə: Qazaxıstandan gəldiniz Türkiyəyə.

Bizim nəsil, yəni 1970-ci illərdə doğulan insanlar təəssüf ki, Qarabağda iki müharibəni gördü. Gənclik dövrümüz belə bir zamanda formalaşdı. Ata-analarımızdan fərqli keçdi cavanlığımız. Yaşımızdan qabaq böyüdük. Bu dövrə sizin əsgərliyiniz düşdü və Birinci Qarabağ Müharibəsinə getdiniz.

Rəşad Məmmədov: Doğrudur, bizim gənclik dövrümüz bir az ağrılı-acılı keçdi: dövlətimizin iqtisadi, siyasi, hümanitar təlatümlər və çətinliklər yaşadığı bir zamana düşdü. İşğal nəticəsində dövlətin əhalisinin demək olar ki, 7-də biri qaçqın və köçkün statusunda yaşadı.

Sevda Mirzə: Və bütün bunlar bizim universitetdə oxuduğumuz illərə - tələbəlik illərinə düşdü. Hər şey bir-birinə qarışdı, sovet dərslikləri belə kənarda qaldı, dünya dəyişdi.

Rəşad Məmmədov: Əlifbanı dəyişdik, kitabları dəyişdik, ideologiya dəyişdi. Bir boşluq yaranmış dövr də var idi ki, heç ideologiya da yox idi.

Sevda Mirzə: Bəli, çevrilişlər dövrü. Yəni o qısa müddətdə çox tarixi hadisələrin şahidi olduq.

Rəşad Məmmədov: Doğrudur.

Mənim 18 yaş var idi. Hamı gedirdi müharibəyə. Bu, bir qəhrəmanlıq deyildi, sadəcə düşüncəmiz bu idi ki, hər kəs getməlidir. Mən də universiteti yarımçıq qoydum: axşam oxuyurdum, ərizə yazdım, keçdim qiyabiyə və getdim könüllü batalyonların birinə. İkinci ərazi müdafiə batalyonunda 6 ay qaldıq. Ordu 1992-ci ilin sentyabrından yaranmağa başladı. Bu vaxtlar Buzdux, Qaraçinar, Mənəşli və digər kəndlərdə müharibə gedirdi. O istiqamətdə bir hərbi hissə artıq boşalırdı. Biz də getdik. Hərbi hissənin yarısı ruslar idi. İki diviziyanın yarısı boş idi. Biz gəldikcə onlar silahları bizə təslim etməyə məcbur olur, gedirdilər. Orduda xidmət etdim. Mən həyatımın 8 ilini hərbiçi oldum. Bunun 3 ilini Müdafiyə Nazirliyində keçirdim. Axırıncı ili zabit oldum. Sonra isə hərbi prokrorluq sahəsində çalışdım. Bu da bizim qismətimiz idi.

Sevda Mirzə: Gənclik dövrü Birinci Qarabağ Müharibəsi dövrünə düşdü. Biz həm də 1918-ci ilin 28 mayında qurulan respublikamızın yenidən bərpa olmasını öz gözlərimizlə gördük, üç rəngli bayrağımızın yenidən ucaldıldığının şahidi olduq. Burada bir nüansa toxunmaq istəyirəm: Birinci Qarabağ Müharibəsindəki Türkiyə indiki kimi olsaydı, bu gün İkinci Qarabağ Müharibəsi olmazdı, məncə. Siz nə düşünürsünüz müharibə iştirakçısı kimi?

Rəşad Məmmədov: Türkiyə həmin dövrdə özü nə vəziyyətdə idi? Beynəlxalq münasibətləri nə cür idi? İqtisadiyyatı necə idi? Türkiyənin siyasi qüvvəsi nə qədər idi? Ordusunun gücü nə qədər idi? Düşüncə nə formadaydı? Yəni Türkiyə üçün “niyə gəlmədilər, yardımcı olmadılar, torpaqlarımız da işğal edildi” demək olmaz. Çünki həmin dövr Türkiyəsinə baxmaq, düzgün qiymət vermək lazımdır.

Sevda Mirzə: Görünür, o dövrdə həm Türkiyə, həm də başqa dövlətlər 15 respublikalı SSRİ-nin parçalanması, bunların ayrı-ayrılıqdamı, yoxsa birlikdəmi yenidən bir araya gəlib-gəlməyəcəyi, müstəqilliklərini davam etdirib-etdirməyəcəyi fikri ilə çaşıb qalmışdılar.

Rəşad Məmmədov: Yəni dövrün siyasi vəziyyəti fərqliydi. Dünyada qüvvələr tarazlığı dəyişmişdi. SSRİ dağılmaq üzrəydi, amma bu proses bitməmişdi. Ona görə də bu günləri keçmişlə müqayisə etmək, bir-birimizi qınamaq doğru olmaz.

Sevda Mirzə: Amma səhvlərimizdən dərslər aldıq. O zaman edə bilmədiklərimizi bu gün etdik və edə-edə də gedirik. Elə deyilmi?

Rəşad Məmmədov: Ulu öndərimiz Heydər Əliyev 1993-cü ildə bir şeyi anladı: bu vəziyyətdə Azərbaycan xalqı və dövləti özünün ərazi bütövlüyünü qoruyacaq iqtidarda deyil. Müharibəni dayandırmaq lazımdır, yəni sülh müqaviləsi imzalamaq deyil, savaşı durdurmaq vaxtıdır, bir nəfəs almaq, inkişaf etmək, siyasəti qurmaq, ordu yaratmaq, iqtisadi neft strategiyasını həyata keçirmək, zaman qazanmaq üçün. Torpaqlarımızı azad etmək üçün bu uzunvədəli, proqnozlaşdırılan, ardıcıl bir siyasəti yürütdük. 1994-cü ildən - atəşkəs elan olunandan Zəfər gününə kimi, yəni 10 noyabra (2020) qədər ardıcıl aparılan bir siyasətin təzahürünü bizim xalqımız, millətimiz, dövlətimiz və bütün dünya gördü. Biz dərhal Türkiyə ilə təmasa başladıq: 14, 15, 16 yaşlarında oğlanlarımızı göndərdik Türkiyənin hərbi məktəblərinə. Onlar indi generaldırlar, ordunu yönədirlər. Azərbaycan türk modelində bir ordu qurdu.

Biz Heydər Əliyevin ortaya qoyduğu uğurlu neft strategiyasını icra edə bildik. Müqavimətlərə baxmayaraq, Bakı-Tbilisi-Ceyhan boru xəttini tikə bildik ki, ilk dəfə olaraq Xəzər dənizini Aralıq dənizinə birləşdirdik, yəni Qara dənizdən yox, Aralıq dənizindən. Biz “Bakı-Subsan”ı tikdik yenidən, “Bakı-Nova Rosiski”ni yenidən bərpa etdik. Orta Asiyaya yol alan böyük layihəmiz Bakı-Tbiliisi-Qars dəmir yolunu tikdik. Biz Bakı-Tbilisi-Ərzurum qaz boru xəttini, ondan sonra Türkiyə ilə əl-ələ TANAP, sonra TAP layihələrini həyata keçirdik. Nəticədə keçmişdə Sovet İttifaqının tərkibində olmuş, 30 il əvvəl müstəqilliyini bərpa etmiş, o qədər böyük olmayan bir Azərbaycan dünya üçün çox əhəmiyyətli bir dövlətə çevrildi və çox sürətli bir şəkildə.

Azərbaycan Orta Asiyanın resurslarının Avropaya çatdırılması üçün önəmli bir dövlətə çevrildi, alternativ yol marşurtu oldu. Bu gün dünyada gedən proseslər, Rusiya və Ukraniya arasındakı problemlər bu alternativ yolun əhəmiyyətini bir daha göstərdi. Qazaxıstan Xəzər dənizi üzərindən Azərbaycan, Gürcüstan Qara dəniz üzərindən Türkiyə, o cümlədən Türkmənistan, Özbəkistan bu yollar vasitəsilə bir-birinə çatdı. Bunların hamısını Azərbaycan heç bir Avropa dövlətlərinin inanmadığı bir dövrdə öz sərmayələri ilə etdi.

10 il idi NABUKA adlı layihəmizlə əlaqədar konfranslar, görüşlər keçirilirdi, nəticəsi olmurdu, amma dövlət başçımız İlham Əliyev o qətiyyəti özündə tapdı, ortaya qoydu, iqtisadi siyasəti ilə də uğur qazandı. Avropa bir də baxdı ki, bunların inanmadığı o NABUKA layihəsi artıq həyata keçib. Azərbaycan dövləti qardaşı Türkiyə ilə əl-ələ verib Avropanın enerji təhlükəsizliyində önəmli yer tutmağa başlayıb. Yəni bu, bir qlobal siyasətdir, atılan uzunvədəli addımlardır.

Azərbaycanın digər dövlətlərdən fərqi, ölkə başçımız İlham Əliyevin böyüklüyü ondadır ki, müdrik, uzaqgörən, proqnozlaşdırılan siyasət aparır. Atdığı addımları hər kəs başa düşür ki, kiməsə qarşı deyil, sırf Azərbaycan üçündür. Bu, həm də yeni imkanlar deməkdir bölgə dövlətləri üçün.

Sevda Mirzə: Azərbaycanlıların öz vətənləri uğrunda mübarizəsi - İkinci Qarabağ Müharibəsi başlayanda Türkiyədə və dünyada maraqlı bir söz yarandı: “Azərbaycanın zamanlaması mükəmməl idi”. Bura qədər informasiya müharibəsində ermənilər udurdusa, o savaşı Azərbaycan prezidenti İlham Əliyev təkbaşına qazandı, müxtəlif dillərdə ayrı-ayrı böyük televiziyalara, xəbər agentliklərinə birbaşa məlumatlar verməklə. Təbii ki, müharibədə qələbəmizdə Azərbaycan xalqının ruhu böyük rol oynayır. Prezident də o ruha güvənərək bu addımı atırdı. Ortaya doğrudan da bir dəmir yumruq qoyuldu.

Biz azərbaycanlı olaraq fəxr edə bilərik ki, öz torpaqlarımızda öz dövlətlərimizi yaratmışıq, qoruyuruq. Terrorlar və onları himayə edən xristian dünyasının yardımları ilə Ermənistan dövləti yarandı 100 il əvvəl. Bəzi böyük dövlətlər Ermənistanı ortamızda qoymaqla Azərbaycanla Türkiyəni ayırmaq istədi.

Rəşad Məmmədov: O, bir koridordur. Aramızı kəsən koridor.

Sevda Mirzə: Amma ürəklər bir olduqdan sonra bunu bacara bilmədilər, o koridoru yaratsalar da, iki dövləti bir-birindən ayırmağa çalışsalar da.

Rəşad Məmmədov: Müharibədən sonra Azərbaycan xalqının zəfəri ilə bağlı da fikirlərimi söyləmək istərdim.

Azərbaycan dövləti bu savaşa hazır idi. Türkiyə yardımçı olmuşdu ki, türk modelində bir ordu quraq. Hərbi təhsil vermişdi məktəblərində bizim uşaqlarımıza. Azərbaycanın artıq 5 dənə Ermənistan kimi dövlətlə eyni zamanda döyüşmək və zəfər çalmaq gücü var idi. Türkiyəmizin Azərbaycanın yanında savaşmaq zərurəti yox idi, artıq ordu yaradılmışdı, komandirlər yetişdirilmişdi, silahlar yeni idi, pulumuz var idi, uzun illər hazırlıq görülmüşdü. Dövlət başçımız bilirdi ki, 30 il boyu gedən bu danışıqlar bizi sülhə, torparlarımızın azad olunmasına aparıb çıxarmır. Çıxaracaqdımı, o da məlum deyildi. Ona görə prezidentimiz gizlətmədən deyirdi ki, “Əgər sülh yolu ilə, danışıqlar yolu ilə, dəyirmi masalarla bu problem həllini tapmazsa, Azərbaycan dövləti alternativ yollara əl atacaq, öz torpaqlarını azad edəcək, hər kəs bunu bilsin”.

Sevda Mirzə: Azərbaycanın tarixində bir ilk oldu torpaqlarını geri almaq.

Rəşad Məmmədov: Əslində o zamanı biz seçmədik, təlatumlər, siyasi gərginliklər yaşayan Ermənistan seçdi: növbəti hücumların birinə cavab verildi və deyildi ki, “Bəsdir, olmaz belə”. Və torpaqlarımızın azad edilməsi əmri verdi ali baş komandan.

Təkcə mətbuatla deyil, bu müharibənin başlanğıcından son dəqiqəsinədək imzalarına rəhbərlik edib. O, ordu başçısı olaraq bu müharibəni aparmaq iqtidarında olan bir rəhbər oldu. Həm psixoloji, həm praktiki, həm mənəvi hər şeyə hazır olan bir komandir kimi zəfər çalmaq iqtidarında olduğunu bildi, bir ali baş komandan kimi ermənilərə cavab vermək əmri verdi. Çünki sonu artıq görmüşdü. Heç bir sözünü geri götürmədi. Hər gün müsahibə verib dünya dillərində danışdı. Sözlərinin içində yalan yox idi, tapa bilmədilər. Türkiyə də yanımızda oldu 84 milyon əhalisi ilə.

Mən də Qarabağ qazisiyəm. Hesab edirəm ki, Qarabağ müharibəsinin iştirakçıları üç rəngli Azərbaycan bayrağını bir daha qaldırdı. 84 milyonluq Türkiyə xalqı də bizimlə birlikdə bu bayrağı göylərə qaldırdı, qələbə çalınmayınca yerə qoymadı. Hər gün “Azərbaycan” dedilər, hər gün Türkiyənin nazirləri, alimləri, sənətçiləri, siyasətçiləri, hərbiçiləri Azərbaycanda oldu, hər gün dövlət başçısı Rəcəb Tayyip Erdoğan çıxış etdi, dedi ki, “Azərbaycan tək deyil, biz yanındayıq. Kim bu müharibəyə müdaxilə edərsə, bizi qarşısında görər”.

Şuşa bəyannaməsi isə artıq yeni bir mərhələ oldu.

Sevda Mirzə: Dünyada ikinci belə dövlətlər yoxdur.

Rəşad Məmmədov: Belə bir müharibə də olmamışdı. Bir ölkədə müharibə gedir, o biri ölkədə insanlar gecəni yatmır, həyatını ona həsr edir, barmağının üzüyünü, qulağının sırğasını çıxarıb göndərir Azərbaycana ki, orduya yardım olsun. Qardaşlıq budur. Əsgər bunlardan güc alır.

Şuşa müqaviləsi fərqli bir tariximizdir. Bu, Qarabağ zəfərindən öncə ola bilməzdi. Bu qələbə bu xalqları, bu millətləri elə bir mərhələyə çatdırdı ki, biz dostdan, qardaşdan müttəfiqə çevrildik. Biz indi hərbi müttəfiqiyik, iqtisadi müttəfiqik, siyasi müttəfiqik, haqlarımız da, canımız da, qanımız da bir tarixi kökdür.

Artıq Qafqaza uzunmüddətli sülhün gəlməsi zamanı çatıb. Ermənistan da oturub düşünməlidir ki, Türkiyənin Azərbaycanla münasibətləri düzgündür, dostluq, qardaşlıq səviyəsindədir. Sərhədlərimizi delimitasiya və demarkasiya etməliyik. Biz ölkələrimizin ərazi bütövlüyünü, suverenliyini tanımalıyıq. Ermənistanın təhlükəsizlik qarantiyasını biz verməliyik ki, onlar da bizim ərazilərdə yaşayan xalqlardan biri kimi sülh və əmin-amanlıq içində yaşaya bilsinlər.

Sevda Mirzə: Türkiyədə gözəl bir misal var, deyirlər: “Qonşu qonşunun külünə möhtacdır”. Ona görə də həm qonşuluğa, həm də Qafqazda əmin-amanlığın bərqərar olması üçün yola gəlməlidirlər.

Rəşad Məmmədov: Ümidvarıq ki, o gün olacaqdır.

Sevda Mirzə: İnşaallah.