Türkiyədə səhra olduğunu bilirsinizmi?

24 May 2022 00:46 (UTC+04:00)

Türkiyənin ən az yağıntılı bölgəsi olan Karapınar, Mərkəzi Anadoluda Konya vilayətinin qəsəbələrindən biridir. 1950-ci illərdə baş verən külək eroziyası nəticəsində 103 min hektar ərazi qurudu, Karapınar isə dyun hərəkətləri nəticəsində səhraya çevrildi. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Karapınar səhrası həm də dünyanın ən yaşıl ərazilərə malik səhralarından biridir. 1959-cu ildə türk mühəndisləri və yerli əhalinin əməkdaşlığı ilə bölgəni xilas etmək üçün bir layihəyə başlanılıb və Karapınar yaşıllaşdırma sahəsindəki uğurlu fəaliyyətlər ilə dünyaya nümunə olub. Eroziya nəticəsində səhraya çevrilən ərazilər keçmişdə tamamilə qum təpələri olduğu halda, bu gün ərazidə səhralaşmaya nümunəsi olan bir təpə, ağaclarla örtülmüş meşə və otlaq sahəsi var. Təbiətə qarşı bu mübarizəni görmək üçün hər il müxtəlif ölkələrdən tədqiqatçılar bölgəyə səfər edirlər.

Tarixi İpək Yolu üzərində yerləşən Karapınar səhra və tektonik gölləri ilə çox sayda ziyarətçinin diqqət mərkəzindədir. Bu təbiət möcüzəsi səhra həm də Türkiyədə safari üçün nadir yerlərdən biridir.