İrəvanın mərkəzində zorlanan demokratiya – TƏHLİL

23 May 2022 20:42 (UTC+04:00)

Ermənistanın bütün vətəndaşlarının hüquqlarının pozulduğu və ümidlərinin puça çıxdığı indiki vəziyyətdə Aİ-nin Ermənistandakı səfirinin cinsi azlıqların müdafiəsi ilə bağlı sözləri, ifadə etdiyi fikirlər sadəcə olaraq gülünc səslənir. İndi öz ölkəsi, öz hakimiyyəti tərəfindən hüquqları pozulan, haqları tapdalanan, aldadılan, meydanlarda zor tətbiq edilən, polis bölmələrinə aparılan saysız-hesabsız bu qədər erməni olduğu halda Aİ-nin bu ölkədəki səfirinin cinsi azlıqların müdafiəsi ilə bağlı həyəcan təbili çalması elə ermənilərin özlərini də bərk qıcıqlandırıb.

Həqiqətən də bu qədər gülünc vəziyyət elə Ermənistanda müşahidə oluna bilərdi və bununla bağlı spekulyasiyalar indi erməni cəmiyyətində kifayət qədərdir. Ermənilər özləri də etiraf edirlər ki, erməni xalqının hər bir nümayəndəsinin öz hökuməti tərəfindən hüquqlarının pozulduğu bir vaxtda Aİ-nin bu ölkədəki səfirinin ifadələri tamamilə yersizdir. Məsələ burasındadır ki, artıq öz ölkələrini demokratik ölkə kimi sırımaq istəyənlər də, bu ölkəni demokratik ölkə kimi təqdim etmək istəyənlər də İrəvanın mərkəzində demokratiyanın zorlandığını etiraf etmək məcburiyyətində qalıblar və reallıq məhz budur.

Ermənistanın paytaxtında, elə İrəvanın mərkəzindəcə “Freedom House” beynəlxalq təşkilatının “Ermənistan demokratiyası” mövzusunda forumunun keçirildiyi “Marriott Armenia” mehmanxanasına toplaşanlar bu ölkədə demokratiyanın zorlandığı qənaətində imişlər və çox gülünc olsa da cinsi azlıqları nəzərdə tuturlarmış. Əslində, “Ermənistan demokratiyası” mövzusu belə ikrah doğurur, çünki bu ölkədə heç zaman demokratiya olmayıb və hər iddiaları kimi demokratiya da bu ölkədə qondarma olub, amma deyəsən Aİ-nin bu ölkədəki səfiri ya indi yuxudan ayılıb, ya da indi etiraf etmək məcburiyyətində qalıb.

Aİ-nin Ermənistandakı səfiri Andrea Viktorin bəyan edib ki, Ermənistanda siyasi dəyişikliyə nail olmaq üçün vətəndaş cəmiyyətinin siyasətin hazırlanmasında və idarəetmə islahatlarında fəal iştirakı vacibdir. Deyəsən, Andrea Viktorin Ermənistanı tənqid etmək qərarına gəlib, amma bunu elə edib ki, sadəcə gülünc səslənib. İşğalı dövlət siyasəti hesab edən bir ölkədə polisin nümayişçilərə qarşı etdiyi bu qədər zorakılıqların fonunda cinsi azlıqların hüquqlarının müdafiəsinə qalxmaq həqiqətən də qeyri adi görünür və ikrah doğurur. Belə çıxır ki, Ermənistan bütövlükdə ya cinsi azlıqlardan ibdarətdir, ya da cinsi azlıqlar Aİ-nin səfirinin gözündə erməni xalqının nümayəndələrindən daha üstün görünür.

“Keçən həftə qadınların və uşaqların hüquqlarını qoruyan və məişət zorakılığı ilə mübarizə aparan, LGBT icmasına dəstək verən QHT-lərin şikayətlərini eşitdim, onlara hücum edilir, eyni qruplar hüquqlarının məhdudlaşdırılmasından şikayətlənirlər və Ümumdünya İnsan Hüquqları Bəyannaməsi seçici xarakter daşımır”, deyə Viktorin bildirib. Görəsən, həmin o Andrea Viktorin Ermənistanda baş verən başqa zorakılıqlardan xəbərsizdirmi? Yəni, İrəvanda baş tutan mitinqlər, aksiyalar zamanı Ermənistan vətəndaşlarına qarşı bu hökumətin göstərdiyi təzyiq, tətbiq etdiyi zoru da bu səfir görə bilməyib? Elə isə, cinsi azlıqların hüquqlarının pozulduğunu necə görüb? Bu sualın cavabını elə Aİ-nin Ermənistandakı səfiri Viktorin özü bilər.

Görünən odur ki, geylərin və lezbiyanların Ermənistanda hüquqları qorunmalıdır, digərlərinin hüquqları tapdalansa belə. Qərbdə bunu çoxdan kulta çeviriblər. Əbəs yerə deyil ki, məhz buna görə də indi bu ölkədə, Ermənistanda bir çoxları öz “qeyri-ənənəviliyi” ilə öyünürlər. Səbəb isə, əlbəttə ki, Qərbin bu ölkədə cinsi azlıqlara daha çox üstünlük verməsi, mütəmadi olaraq, vaxtaşırı hüquqlarının müdafiəsinə qalxmasıdır. Bunlar Ermənistana aid reallıqlardır və indi ermənilər bu reallıqla hesablaşmalı olduqlarını görüb qıcıqlanırlar.

Aİ-nin Ermənistandakı səfirinin sözləri bu ölkənin bütün vətəndaşlarının hüquqlarının və ümidlərinin pozulduğu indiki vəziyyətdə çox yersizdir. Viktorin hakimiyyətin etirazçılara qarşı necə dəhşətli güc tətbiq etdiyini görməyə bilməzdi. O, hakimiyyəti saxlamaq üçün polisdən istifadənin demokratiyaya qarşı cinayət, qanunun aliliyi normalarından uzaqlaşma olduğunu başa düşmür yoxsa? Saysız-hesabsız nümayişçinin polis məntəqələrinə aparılması, onlara qarşı zor tətbiq edilməsi sirr deyil ki, Aİ-nin Ermənistandakı səfiri bundan xəbərsiz olsun. Bu hadisələri Ermənistan hakimiyyəti gizlətmir də. Onlar bunu tam normal qəbul edirlər və ört-basdır etmək niyyətlərinin olmaması da bunu təsdiqləyir. Hətta, bu hadisələr zamanı polisə mükafatların paylanması, repressiya aparatının, cəza orqanlarının mükafatlandırılması bu ölkədə diktaturanın olduğunu, buna rəvac verildiyini sübut edən faktlar, arqumentlərdir. Ermənistan paytaxtında insanların səsləndirdiklərini də, hökumət əleyhinə ifadələrini də, Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndələrinin müxalifət deputatlarını zala buraxmadığını da Viktorin eşitməyə, görməyə bilməzdi və İrəvanın düz mərkəzində demokratiyanın zorlanmasından xəbərsiz olmaq mümkün deyildi, amma o cinsi azlıqlarla bağlı məsələdə demokratiyanın zorlanması qənaətindədir. O, LGBT icmasının hüquqlarından danışır və belə bir mövqedə niyə olmasını da özü daha yaxşı bilir və nədənsə azlıqların hüquqlarının çoxluğun hüquqlarından daha üstün olduğunu, diktatura təhlükəsindən daha vacib olduğunu düşünür.

Yəni, həqiqətən budurmu Ermənistandan tələb olunan demokratiya? Yaxud, Ermənistanı guya demokratik ölkə kimi göstərmək istəyənlər cinsi azlıqları nəzərdə tuturdularmı? Ermənistan üçün demokratiya anlayışı bunu, cinsi azlıqların hüquqlarını özündə ehtiva edirmi? Bu ölkədə demokratiyanın təzahürü kimi dünyaya sırımaq istədikləri bu idimi və bununla durmadan fəxr etmək niyyətində idilərmi? Deməli, Ermənistanda demokratiya deyiləndə bu ölkənin vətəndaşlarının haqq və hüquqlarının müdafiəsi deyil, insanların azad sözə sahib olmaları, ifadə azadlığı deyil, cinsi azlıqların hüquqlarının müdafiəsi nəzərdə tutulurmuş və bununla fəxr etmək istəyirlərmiş. Belə bir iyrənc demokratiya elə Ermənistanın özünə qalsın və bacardıqca bununla fəxr etsinlər, belə bir demokratiya onlardan başqa heç kimə lazım deyil. Real fakt, reallıq ondan ibarətdir ki, İrəvanın mərkəzində zorlanan demokratiya heç kimi maraqlandırmır və bu ölkədə demokratiyadan söhbət belə gedə bilməz.