Belə olmadığı təqdirdə Ermənistanı böyük fəlakət gözləyir - POLİTOLOQ AÇIQLADI

23 May 2022 18:23 (UTC+04:00)

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin dəvəti ilə Brüsselə səfər edib. Bu, Azərbaycan üçün çox önəmli tarixi bir hadisədir. Bildiyimiz kimi üüçtərəfli görüşdə Azərbaycan tərəfinin təqdim etdiyi 5 bənddən ibarət olan razılaşma və sülh sazişinin imzalanması ilə bağlı təkliflər paketi qəbul olunub. Burada mühüm məqamlardan biri də odur ki, Azərbaycanın təqdim etdiyi təkliflər paketini həm Şarl Mişel tərəfindən, həm də Ermənistan tərəfindən qəbul olunub". Bu sözləri SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.

Onun sözlərinə görə, təbii ki, burada bütün mənalarda Azərbaycan qalibdir: "Görüşdə minalanmış ərazilərlə bağlı məsələnin və sərhədlərin delimitasiya və demarkasiyasının müzakirə olunması mühüm bir hadisədir. Digər bir məsələ isə sərhədlərin delimitasiya və demarkasiyasıdır. Bununla bağlı dövlətlərarası sərhəddə yaxın günlərdə İşçi Qrupların səviyyəsində görüşün keçirilməsi ilə bağlı razılıq əldə olunub. Bu çox vacib bir məqamdır. Üçüncü bir məsələ isə Naxçıvan ilə Azərbaycanın əsas hissəsini birləşdirəcək dəhlizlə bağlıdır. Bu məsələ ilə də bağlı razılıq əldə olundu və Avropa İttifaqı tərəfindən də bu dəhlizin açılmasının vacibliyi xüsusilə vurğulandı. Bu barədə Ermənistanın baş naziri öhdəliklərini öz üzərinə götürüb. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin şəxsən apardığı uğurlu siyasətin və diplomatik gücün nəticəsidir. Bu gün Ermənistanda baş verən iğtişaşlar, etiraz aksiyaları bir növ Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasına və nəqliyyat dəhlizinin, kommunikasiyaların açılmasına mane olan aksiyalardır. Bütün məqamlarda Azərbaycan qalibdir. Brüssel görüşündə cənab Prezident bir daha öz mövqeyini ortaya qoydu və dövlət olaraq xalq olaraq gücümüzü Avropaya göstərdi. Əgər, Paşinyan bu münaqişənin başa çatmasını və sülh sazişini imzalamasını istəyirsə, mütləq şəkildə Brüssel görüşündə verdiyi vədlərə əməl etməlidir. Belə olmadığı təqdirdə Ermənistanı böyük fəlakət gözləyir".

Arzu Qurbanlı