Azərbaycan reallıqları hər kəs tərəfindən qəbul edilib - DEPUTAT AÇIQLADI

23 May 2022 17:44 (UTC+04:00)

"Brüsseldə baş tutan növbəti üçtərəfli görüş və görüşdən sonra səsləndirilən bəyannamə bir daha onu göstərir ki, Azərbaycan bir daha beynəlxalq müstəvidə növbəti uğur qazandı. Görüşdə müzakirə edilən məsələlərə bir daha nəzər yetirdikdə görürük ki, Azərbaycan tərəfindən irəli sürülmüş təkliflər, Azərbaycan reallıqları hər kəs tərəfindən qəbul edilib". Bu sözləri SİA-ya açıqlamasında deputat Cavid Osmanov deyib.

Onun sözlərinə görə, sülh danışığı ilə bağlı yaxın günlərdə təmaslar olacaq: "Digər bir məsələ isə sərhədlərin delimitasiya və demarkasiyasıdır. Bununla bağlı dövlətlərarası sərhəddə yaxın günlərdə İşçi Qrupların səviyyəsində görüşün keçirilməsi ilə bağlı razılıq əldə olunub. Bu çox vacib bir məqamdır. Üçüncü bir məsələ isə Naxçıvan ilə Azərbaycanın əsas hissəsini birləşdirəcək dəhlizlə bağlıdır. Bu məsələ ilə də bağlı razılıq əldə olundu və Avropa İttifaqı tərəfindən də bu dəhlizin açılmasının vacibliyi xüsusilə vurğulandı. Eyni zamanda Avropa İttifaqı Azərbaycan və Ermənistan ilə iqtisadi məsələlər üzrə məsləhətləşmələrin aparılması məsələsinə toxunuldu. Bu eyni zamanda işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpa prosesinə mühüm töhfə verə bilər. Burada Avropa İttifaqının da rolu ola bilər. Bu baxımdan Zəngəzur dəhlizi ilə yanaşı eyni zamanda digər nəqliyyat və kommunikasiya xətlərinin açılması məsələlərinə də toxunulub.

Sadaladığım məqamlar bir daha onu göstərir ki, Brüsseldə keçirilən görüş Azərbaycanın növbəti diplomatik uğuru kimi qiymətləndirilməlidir. Müzakirə olunan məsələlər də düşünürəm ki, Azərbaycan tərəfindən irəli sürülmüş 5 təşəbbüs üzərindən müəyyən məqamları açıq və aydın şəkildə müzakirə edib. Görüşdə nəzərə çarpan məqamlardan biri də odur ki, Dağlıq Qarabağ ifadəsi işlədilməməsidir. Sadəcə Qarabağ ifadəsi işlədildi. Bundan əlavə Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşları ilə bağlı məsələ diqqətə çatdırıldı. Bu insanlar məhz Azərbaycan qanunları altında Azərbaycan ərazilərində yaşaya bilərlər".

Arzu Qurbanlı