ICESCO Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir - TƏHLİL

23 May 2022 17:51 (UTC+04:00)

Dünya təşkilatları ilə müxtəlif sahələrdə qurulan əməkdaşlıq münasibətləri dövlətlər arasında qarşılıqlı anlaşmanın yaranmasına və davamlı olmasına öz təsirini göstərir. Azərbaycanın İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı olan ICESKO ilə də münasibətləri də möhkəm təmələ əsaslanır. 1979-cu ildə təşkil edilmiş ICESKO ilə Azərbaycan dövləti yaxından əməkdaşlıq edir və dünyada mədəniyyət abidələrinin qorunması prinsipini dəstəkləyir. Bakı şəhərinin 2009-cu il üçün İslamın paytaxtı, eləcə də Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması ICESKO-Azərbaycan münasibətlərini bir daha aydın göstərir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 20-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki qəbul etməsi bu əlaqələrin davamlı olmasına əsaslanır. Dövlətimizin başçısı ICESCO-nun Baş direktorunun keçən il Ağdam və Füzuliyə, bu il isə Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfərindən məmnunluğunu bildirib. Bu gün işğaldan azad olunan ərazilərimizdə aparılan abadlıq quruculuq işləri tezliklə cənnəti xatırladacaq bir məkanın qurulmasından xəbər verir. Tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunması, həmçinin dini ziyarətgahların, maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsini daim diqqət mərkəzində saxlayan dövlət kimi bu siyasət işğaldan azad olunmuş torpaqlarımızda da uğurla davam etdirir. Azərbaycan dağıdılmış, talan edilmiş məkanları, tarixi abidələrimizi bərpa edəcək. Erməni vandalları xalqımıza məxsus olan bütün abidələr dağıdıb, yerlə-yeksan ediblər. İşğal altındakı torpaqlarımızda təqribən 403 tarixi dini abidə olub ki, onlardan 67-i məscid, 144-ü məbəd, 192-i ziyarətgahdır. 67 müsəlman məscidinin 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Ermənilərin əxlaqsızlıq, mənəviyyatsızlığının məntiqi olaraq Ağdam Cümə məscidinin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla simasız, rəzil olduqlarını göstərmiş oldular. Azad edilmiş torpaqlara bu gün gələn xarici qonaqlar erməni vəhşiliyini öz gözləri ilə görürlər. ICESCO-nun Baş katibi də Cənab Prezidentin qeyd etdiyi kimi azad edilmiş bir çox ərazilərdə olub.

Bildiyimiz kimi, Xarici İşlər Nazirliyinin hazırladığı "Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində İslam dininə aid tarixi və mədəni irsin məhv edilməsi" və "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı davam edən təcavüzü nəticəsində Azərbaycanın tarixi və mədəni irsinin dağıdılması və təhqir olunması" adlı hesabatlar hazırlanaraq UNESCO başda olmaqla, BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, ISESCO-ya, digər beynəlxalq təşkilatlara təqdim edilib. Erməni vandallığını, vəhşiliyini bütün dünya görməlidir, necə ki, 44 günlük Vətən müharibəsində dünya bunu bir daha görmüş oldu. Erməni vandalizmini və barbarlığını, erməni faşist ideologiyasını gözləri ilə görmüş oldu. Azərbaycan işğaldan azad olunan bütün ərazilərimizdə olan tarixi, dini abidələrimizi məscidləri tikəcək, yenidən bərpa edəcəkdir.Artıq işğaldan azad olunan ərazilərimizdə dini abidələrin bərpasına start verilib. Vurğulayaq ki, ölkəmizdə olan çoxsaylı xristian icması cəmiyyətimizin ayrılmaz və fəal hissəsidir, onların abidələri və ibadət yerləri, kilsələr Azərbaycan dövləti tərəfindən tam mühafizə edilir və mütəmadi olaraq bərpa edilir. Çox təəssüfedici haldır ki, maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı nəticəsində İslam mədəniyyətinə aid olan bütün abidələr dağıdılıb.

Prezident İlham Əliyev Azərbaycanın uzun illər ICESCO ilə səmərəli və uğurlu əməkdaşlıq həyata keçirdiyini vurğulayaraq, torpaqlarımızın ermənilər tərəfindən işğal olunduğu, eləcə də 44 günlük müharibə dövründə ICESCO-nun ölkəmizin ədalətli mövqeyini davamlı dəstəklədiyinə görə minnətdarlığını bildirib. Dövlətimizin başçısı qeyd edib ki, biz istərdik UNESCO-nun nümayəndələri də işğaldan azad olunmuş ərazilərə səfər edərək ermənilərin törətdikləri dağıntıları öz gözləri ilə görsünlər. Lakin təəssüflər olsun ki, müharibənin bitməsindən il yarımdan artıq vaxt keçməsinə baxmayaraq, bu təşkilatın nümayəndələri həmin ərazilərə səfər etməyiblər. Prezident İlham Əliyev qeyd edib ki, ermənilər tərəfindən ölkəmizə vurulan maddi ziyanın qiymətləndirilməsində və bunun beynəlxalq ictimaiyyətə çatdırılmasında ICESCO-nun fəaliyyəti və onun ekspertlərinin iştirakı önəmli rol oynaya bilər. Dövlətimizin başçısı Bakıda ICESCO-nun Regional Ofisinin yaradılmasının əməkdaşlığımızın genişləndirilməsi işində əhəmiyyətini qeyd edib və bu təşkilatın Azərbaycanın haqq işinə göstərdiyi dostluq və tərəfdaşlıq dəstəyinə görə bir daha təşəkkürünü bildirib. Əlbəttə ki, Azərbaycana, xüsusilə də işğaldan azad olunan ərazilərimizə dost ölkələrin nümayədələrinin səfəri çərçivəsində həyata keçirilən abadlıq və quruculuq işləri ilə tanışlıq onlarda xoş təəssüratlar yaradır. Salim bin Məhəmməd əl-Malik budəfəki səfəri zamanı işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən böyük quruculuq işlərinin şahidi olub. Bu yerlərin çox gözəl olduğunu vurğulayan ICESCO-nun Baş direktoru artıq xarici ölkələrdən də çox sayda insanın buraya gəlmək istədiklərini bildirib. Ermənistan əməllərinin təzahürü olan bu vandallıq bir daha təsdiqləyir ki, bütün bunlar Azərbaycana qarşı mədəni soyqırımıdir. Artıq Azərbaycan öz torpaqlarına sahibdir və işğaldan azad olunan dağıdılmış ərazilərimiz, o cümlədən dini-tarixi abidələr yenidən qurulur, təmir və bərpa olunur.

Zümrüd BAYRAMOVA