ATƏT Ermənistanla Azərbaycan arasında birbaşa dialoqu alqışlayır

23 May 2022 17:08 (UTC+04:00)

ATƏT-ə sədrlik edən Polşanın nümayəndəsi Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyevin arasında keçirilən görüşü şərh edib. SİA xarici mənbələrə istinadən xəbər verir ki, nümayəndəlik Ermənistan və Azərbaycanın Avropa İttifaqının dəstəyi ilə keçirilən görüşü alqışladığını bildirib.

"Birbaşa dialoq münasibətlərin normallaşması və hərtərəfli sülh sazişinin hazırlanması üçün zəruri ilkin şərtdir. Biz sülhü təmin etmək üçün səylərə töhfə verməyə hazırıq. Cənubi Qafqaz üçün dinc, demokratik və firavan gələcək qurulacağına əminik”, - bəyanatda deyilir.

Brüsseldəki görüş haqqında

Mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa Şurasının sədri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. Avropa İttifaqı Şurasının prezidenti Çarlz Mişelin görüşün yekunlarına dair bəyanatına görə, Paşinyan və Əliyev xüsusilə Şərqi Zəngəzurla Azərbaycanın Naxçıvan Muxtar Respublikası və Ermənistanın müxtəlif bölgələri arasında Azərbaycan ərazisindən keçməklə tranzit, eləcə də beynəlxalq daşımaları tənzimləyən prinsiplər barədə razılığa gəliblər.

Onlar həmçinin Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün gələcək sülh müqaviləsinin müzakirəsini davam etdirmək barədə razılığa gəliblər. Bu kontekstdə Ş.Mişel “Qarabağdakı etnik erməni əhalisinin hüquqları və təhlükəsizlik məsələlərinin həllinin” zəruriliyini vurğulayıb.