Bataqlığa hələ çox dövlətlər batacaq - POLİTOLOQ ŞƏRH ETDİ

23 May 2022 15:58 (UTC+04:00)

“Rusiya Ukrayna müharibəsi artıq uzun sürən müharibə statusunu keçib. Zelenski 90 günlük əlavə fövqəladə vəziyyətin uzadılması ilə bağlı fərman imzaladı. Burada Ukrayna Qərbin Rusiya üzərində qələbə çalması üçün bir vasitə kimi istifadə edildi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, müharibədə hələlik qalib olan yoxdur: “Həm Rusiya, həm də Ukrayna məğlub durumdadır. Qərb də siyasi cəhətdən məğlub durumdadır. 30-a qədər ölkə Ukraynanın yanında olsa da, heç bir irəliləyiş yoxdur. Əksinə Mariupoldan sonra Rusiya yeni iştah gündəmə gətirəcək.

Rusiya özü guya faşizmə qarşı mübarizə aparır. Amma Rusiyada sırf faşizm meydana gəldi. Çoxsaylı məsələlər gündəmdədir.

Görünən odur ki, Rusiya Ukrayna müharibəsi ən azı 4-5 ay davam edəcək. Bu müddətdə Finlandiyanı İsveçin NATO-ya girməsinə Türkiyə veto qoyacaq”.

Cümşüd Nuriyev sözlərinə belə davam edib: “Rusiyaya zaman lazımdır və həmin zamanı qazanacaq. Ukrayna zatən dağılıb. Rusiya ilə ABŞ eyni zamanda dağılacaq. ABŞ Qərbdən öz iqtisadi maraqlarının təmin olunmasını gözləyir. Qərb də çalışır ki, Ukraynaya kömək etmək adı ilə Rusiyanı dizə gətirsin. Amma ortada olan odur ki, hal-hazırda Ukrayna dağılmaq ərəfəsindədir. Onun toparlanması üçün ən azı 20-30 il lazımdır. Müharibə hələ uzanacaq. Prosesin gedişi onu göstərir ki, bu bataqlığa hələ çox dövlətlər batacaq”.