Azərbaycan - Litva əlaqələri iki ölkə arasında geniş perspektivlər açacaq ŞƏRH

23 May 2022 15:25 (UTC+04:00)

Azərbaycan müstəqillik əldə etdikdən sonra beynəlxalq əlaqələr sistemində layiqli yer tutması üçün dünya siyasətinin formalaşdırılmasında aparıcı rol oynayan dövlətlərlə qarşılıqlı münasibətlərinin tənzimlənməsinə böyük önəm verib. Azərbaycan ilə Litva arasında qarşılıqlı-faydalı əməkdaşlıq və dostluq əlaqələri də əhəmiyyət daşıyır. Vurğulamaq yerinə düşər ki, Litva Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. İkitərəfli münasibətlərdə möhkəm hüquqi baza formalaşdırılıb, bir sıra mühüm sənədlər imzalanıb. Hüquqi-normativ sənədlərin imzalanması və həyata keçirilməsi dövlətlərarası münasibətlərin daha da inkişafına səbəb olub. Mayın 18-də Litva Prezidenti Gitanas Nausedanın ölkəmizə rəsmi səfəri Azərbaycan və Litva arasında daim əlaqələrin inkişafında maraqlı olduqlarını nümayiş etdirir. Litva ilə Azərbaycanın uzun illərdir ki, strateji tərəfdaş olmaları və ölkələr arasındakı güclü əlaqələr siyasi dialoqun təzahürüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda mətbuata bəyanatlarla çıxış edərkən Cənab İlham Əliyevin bildirdiyi kimi, aramızda imzalanmış Strateji Tərəfdaşlıq üzrə Bəyannamə həqiqətən əməkdaşlığımızın mahiyyətini əks etdirir: "Bu gün cənab Prezidentin səfəri bir daha əməkdaşlığımızın strateji mahiyyətini təsdiq edir".

Bu səfər bütün sahələrin, eləcə də iqtisadi əməkdaşlığın daha da dərinləşməsi baxımından böyük rol oynayacaq. Azərbaycan - Litva biznes forumunun keçirilməsi və bir sıra sənədlərin imzalanması hər iki ölkə üçün son dərəcə əhəmiyyətlidir. İki ölkə arasında sənaye və energetika, kənd təsərrüfatı, turizm, nəqliyyat, rabitə və informasiya texnologiyaları, gömrük sahəsində əməkdaşlıq mövcuddur. Əlbəttə ki, iqtisadiyyatın şaxələndirilməsi Azərbaycan üçün əsas prioritet məsələlərdəndir. Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edən ölkələrdəndir. Və ölkəmiz Avropa İttifaqı üzvlərinin də enerji təhlükəsizliyinə öz töhfəsini verir. Azərbaycanın mövcud potensialı ölkəmizlə əməkdaşlıq etmək istəyən hər bir dövlət üçün mühüm əhəmiyyət daşıyır. Litva hər zaman Qafqaz ölkələri ilə Avropa İttifaqı arasında dialoqun inkişafına təkan verib.

Səfər çərçivəsində Cənubi Qafqazda münaqişədən sonrakı vəziyyət də müzakirə olunub. "Mən bir daha Azərbaycanın mövqeyini ifadə etdim ki, biz Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyirik" – deyən dövlət başçısı İkinci Qarabağ müharibəsindən sonra bu əməkdaşlıq formatını yaratmaq üçün imkan olduğunu bildirib: "Lakin təəssüf ki, Ermənistan indiyə qədər Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının ilkin olaraq başlanmasına həvəs göstərmir. Düşünürəm ki, imkanlar əldən verilməli deyil. Çünki indi Cənubi Qafqaz üçün sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin vaxtıdır. Postmünaqişə vəziyyətinə gəldikdə, bizdə müəyyən nikbinlik var. O fakta əsaslanaraq ki, Ermənistan rəsmi olaraq sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülən beş əsas prinsipi qəbul etmişdir".

Dövlət başçısı onu da bildirib ki, İkinci Qarabağ müharibəsi qurtaran kimi Azərbaycan açıq şəkildə sülh müqaviləsinin bağlanmasını və sərhədlərin delimitasiyasına dair birgə komissiyanın yaradılmasını dəstəkləməyə başlamışdır. Təəssüf ki, bu Ermənistan tərəfindən müsbət qarşılanmamışdır. "Sonra biz mövqeyimizi, bu yaxşı məlum olan beş prinsipi dəqiqləşdirdik, hansı ki, bunlar beynəlxalq hüququn əsas prinsipləridir, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və yaxşı beynəlxalq təcrübə və davranışlara uyğundur. Ümid edirik ki, Ermənistan həmin prinsipləri qəbul etdiyini ehtiva edən ilkin mövqeyinə sadiq qalacaq və bu, sülh sazişi üçün əsas olacaq", - deyə Cənab İlham Əliyev bildirib. Prezident İlham Əliyevin Azərbaycan-Litva biznes forumunda səsləndirdiyi məqamlar diqqəti çəkəndir. Məlumdur ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. "Avropaya təbii qazın ixracına başlamağımızı və neft-qaz qiymətlərinin artmaqda olduğu faktını nəzərə alaraq, bu il bizim Avropa İttifaqı ilə ticarət dövriyyəsinin həcmi, əlbəttə ki, artmaqdadır",- deyən Cənab Prezident Litvaya Azərbaycan-Avropa İttifaqının yaxınlaşmasını dəstəklədiyinə görə minnətdarlıq ifadə edib: "Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan artıq strateji tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb. Bu, üzv dövlətlərin üçdə biridir". Azərbaycan dünyanın, eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı dövlətlərdən birinə çevrilib. Həyata keçirilən uğurlu layihələr, o cümlədən nəhəng Cənub Qaz Dəhlizinin reallaşdırılması bunu deməyə imkan verir.

Azərbaycan və Litva prezidentlərinin mətbuata bəyanatları zamanı dövlətimizin başçısı ölkəmizin mövqeyini bir daha ortaya qoydu. Azərbaycanın sülhsevər siyasəti və Cənubi Qafqazda sülh, əməkdaşlığın, sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın tərəfdarı olan ölkədir. "Biz Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyirik. Düşünürəm ki, İkinci Qarabağ müharibəsindən sonra bu əməkdaşlıq formatını yaratmaq üçün imkan var" - deyə Cənab Prezident vurğulayıb. Bütün bunlar onu göstərir ki, Azərbaycan da sülhpərvər ölkə olaraq dünyada gedən bütün proseslərdə öz sözünü deməklə yanaşı, töhfəsini də verir.

Azər SÜLEYMANOV,

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri