Avropa İttifaqı Azərbaycanın reallıqlarını qəbul edir - DEPUTAT ŞƏRH ETDİ

23 May 2022 13:14 (UTC+04:00)

"Mayın 22-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə növbəti görüşü regionda sülhün və əməkdaşlığın təmin olunması istiqamətində atılan daha bir addımdır. Azərbaycan Prezidenti İlham Əliyev regionda yeni reallıqların müəllifidir və postmünaqişə mərhələsinin ümumi geosiyasi mühitinin formalaşmasında əsas söz sahibidir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Onun sözlərinə görə, Azərbaycan regional əməkdaşlıq, sabitlik və inkişaf üçün vacib təşəbbüslər göstərir: "Azərbaycan Ermənistanla sülh sazişi imzalanmasının, sərhədlərin müəyyənləşdirilməsinin, regionda kommunikasiya xətlərinin, həmçinin Zəngəzur dəhlizinin açılmasının tərəfdarıdır. Bütün bunların fonunda Brüssel görüşü və onun nəticələri böyük önəm kəsb edir. Aprelin 6-da keçirilən görüşdə də faydalı müzakirələr aparılmışdı. Ermənistan əldə edilmiş razılaşmaları yerinə yetirilməlidir.

“Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan regionda sülh və əməkdaşlığın təmin olunmasının tərəfdarıdır. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşündə dövlətimizin başçısı Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsaslanan 5 prinsipin təqdim olunduğunu qeyd edib və bu prinsiplərin sülh müqaviləsinin hazırlanmasında əsas rol oynadığını vurğulayıb. Prezidentimiz həmçinin, bu il aprelin 6-da Azərbaycan, Ermənistan və Avropa İttifaqı arasında keçirilmiş görüşün nəticələrinə uyğun olaraq, Azərbaycanın aprelin sonunda sülh müqaviləsi üzrə danışıqlara başlamaq üçün İşçi Qrupunun tərkibini, eləcə də sərhədlərin delimitasiyası üzrə milli komissiyanın tərkibini müəyyənləşdirdiyini və bu xüsusda danışıqlara hazır olduğunu bir daha bəyan edib.

Üçtərəfli görüşdən sonra mətbuata açıqlama verən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirib ki, görüşdə tərəflər arasında sülh və etimadın təşviq olunması üçün humanitar addımların davam etdirilməsi, iki dövlətin sərhədinin delimitasiya və demarkasiyası üçün konkret addımların atılması və nəqliyyat və kommunikasiyaların açılması məsələləri geniş müzakirə edilib. Həmçinin, humanitar tədbirlərin tərəflər arasında sülh və etimadın təşviq olunması baxımından əhəmiyyəti, o cümlədən itkin düşmüş şəxslərlə bağlı məsələlər, minaların təmizlənməsinin vacibliyi vurğulanıb. Eləcə də, Avropa İttifaqı tərəflərlə birlikdə hər iki ölkənin və onların xalqlarının rifahı naminə iqtisadi inkişafı təşviq etməyə çalışan İqtisadi Məşvərət Qrupunun işini inkişaf etdirəcək. Əldə edilən razılaşmaya əsasən, yaxın günlərdə birgə sərhəd komissiyasının iclası keçiriləcək. Eyni zamanda, sülh sazişi ilə bağlı ortaya qoyulan yanaşma da təqdirəlayiqdir. Digər tərəfdən, Şarl Mişelin açıqlamasında “Dağlıq Qarabağ” ifadəsinin işlədilməyib, status məsələsi ümumiyyətlə olmayıb, yalnız Azərbaycanda yaşayan erməni əhalinin hüquqları barədə danışılıb ki, bunu da Azərbaycan özü həmişə deyib və onların təhlükəsizliyinə təminat verəcəyini bəyan edib. Bütün bunlar o deməkdir ki, Avropa İttifaqı Azərbaycanın müəyyənləşdirdiyi gündəliyi, reallıqları qəbul edir. Beləliklə, Avropa İttifaqının vasitəçilik səyləri müsbətdir və təqdir olunmalıdır. Bu format Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlığın təmin olunması istiqamətində vacib addımdır”,-deyə Sevinc Fətəliyeva vurğulayıb".

Arzu Qurbanlı