Azərbaycan və Litva arasında imzalanmış Strateji Tərəfdaşlıq üzrə razılıq ölkələr arasındakı siyasi dialoqun təzahürüdür ŞƏRH

23 May 2022 12:22 (UTC+04:00)

Azərbaycan və Litva respublikaları arasında əlaqələrin möhkəmləndirilməsi hər iki dövlət üçün olduqca faydalıdır. 18 may tarixində keçirilmiş Azərbaycan-Litva biznes forumunda Litva Prezidenti Gitanas Nauseda 30 il işğalda olan torpaqlarını azad etmiş, erməni separatçılarının “müstəqillik” arzularını ürəyində qoymuş Azərbaycana təşrif buyurdu, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməkdən şərəf duyduğunu yüksək tribunadan bəyan etdi. Həmçinin, dövlətimizin başçısı İlham Əliyev Litva ilə Azərbaycanın uzun illərdir ki, strateji tərəfdaş olduqlarını əbəs yerə səsləndirmədi. Azərbaycan və Litva arasında imzalanmış Strateji Tərəfdaşlıq üzrə razılıq əməkdaşlığın mahiyyətini əks etdirir və ölkələr arasındakı güclü siyasi əlaqələr siyasi dialoqun təzahürüdür.

Dövlət başçısı görüş zamanı xatırlatdı ki, litvalı həmkarı Bakıdan sonra Ermənistana səfər edəcək və davamında çox önəmli məqamlara toxundu, dövlətimizin məram-məqsədi, tutduğu mövqe, siyasi baxışları barədə konturları təqdim etdi. Qeyd edək ki, Avropa İttifaqına üzv ölkələrdə Azərbaycanın qələbəsini hələ də həzm edə bilməyənlərin olması faktdır və Litva dövlətinin bu məkanın bir hissəsi, həm də söz sahiblərindən olması Azərbaycan həqiqətlərinin təkrar-təkrar çatdırılmasının önəmini artırır. Onu da qeyd edək ki, heç bir məntiqə əsaslanmadan Avropa Parlamenti Azərbaycana qarşı qərəzli qətnamə qəbul etdi. Özünü etibarlı müttəfiq olaraq hər zaman təsdiqləmiş bir ölkənin lideri açıq mətnlə bəyan etdi ki, Azərbaycan Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyir. Həmçinin İrəvan yolçuluğuna başlayacan litvalı həmkarına “İndi Azərbaycan ərazilərin yenidən qurulması və canlandırılması məsələsi ilə üz-üzədir. İşğal nəticəsində hər şey dağıdılmışdır və yerlə-yeksan edilmişdir. Beynəlxalq ekspertlər azad edilmiş şəhərlərdən biri olan Ağdamı “Qafqazın Hirosiması” adlandırırlar ”-deyə, Prezident xatırlatma etdi.

İşğalçı Ermənistan son zamanlar da­nışıqlar prosesini məqsədli şəkildə pozur, Azərbaycanı yeni ərazilər uğ­runda yeni müharibə ilə hədələyirdi. Belə ki, 2020-ci ildə düşmən ordusu dövlət sərhədi və keçmiş təmas xətti boyu üç dəfə hərbi təxribatlara əl atdı, bu, hərbçilərimizin və mülki vətəndaşlarımızın həlak olmaları ilə nəticələndi. Ermənistan uzun illər idi ki, mülki əhalimizə qarşı törətdiyi müxtəlif təxribatlarla işğal zonasını genişləndirməyə çalışırdı və yeni bölgələr tutmaq iddiasını da gizlətmirdi. Azərbaycan isə hər dəfə düşmənin təxribatlarına layiqli cavab versə də, bu, ona dərs olmur­du. Səbr kasası daşan və ötən il sentyabrın 27-də əks-həmlə əməliyyatları ilə ikinci Qarabağ müharibəsinə başlayan Azərbaycan savaşda Ermənistana biabırçı məğlubiyyət yaşatdı. Əslində, Ermənistan belə bir acı nəticəni gözləmirdi. Ona görə ki, işğalçı Ermənistanın siyasi və hərbi rəhbərliyi ötən 30 il ərzində güclü ordu mifi yaradaraq əhalisini alda­dırdı. Bu mifi Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu darmadağın etdi və Ermənistanın qo­ruyub saxladığı status-kvo və təmas xəttini tamamilə dağıtdı.

Vətən müharibəsində ordumuz düşmənin uzun illər ərzində qurduğu, keçilməz sayılan müdafiə xətlərini qəhrəmanlıqla yararaq, Ermənistanın hava hücumundan müdafiə sistemi və hərbi hava qüvvələrinı sıradan çıxararaq, 2020-ci il noyabrın 10-da döyüşləri tarixi qələbə ilə başa çatdırdı. Nəticədə düşmən kapitulyasiya aktına imza atdı. Təcavüzkar Ermənistan kapitulyasiya sənədini imzalamağa məcbur edildikdən dərhal sonra Azərbaycan ərazilərində genişmiq­yaslı tikinti-yenidənqurma işlərinə başlandı. Müzəffər Ali Baş Komandan İlham Əliyev ölkədə iq­tisadi islahatların sürətləndirilməsi ilə yanaşı, işğaldan azad olunan ərazilərimizə böyük qayıdışın ən yüksək səviyyədə təmin edilməsi üçün bütün dünyanı heyrətə gətirən layihələr reallaşdırır. Dövlətimizin başçısının imzaladığı “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərmandakı yeni bölgüyə 14 iqtisadi rayon sırasında Qa­rabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının da adlarının salınma­sı, Zəngəzur dəhlizinin açılması, kommunikasiya xətlərinin bərpası istiqamətində mühüm addımlar atılması da düşməndən təmizlənən torpaqların tezliklə yeni görkəm alacağından xəbər verir.

Son zamanlar Qarabağ və Şərqi Zəngəzurda işğalçının dağıtdığı, xaraba qoyduğu yaşayış sahələrində genişmiqyası bərpa-quruculuq işləri gedir, bütün torpaq­larda həyat bərpa olunur. İşğaldan azad edilmiş ərazilərdə infrast­rukturun yaradılması, vaxtilə möv­cud olmuş magistralların yenidən qurulması və yeni yolların çəkilməsi mühüm önəm daşıyır. Ona görə ki, bu sahənin inkişafı şəhər və kəndlərin salınmasını, məskunlaşmanın gerçəkləşdirilməsini şərtləndirir.

Prezident İlham Əliyevin tarixi Zəfərimizdən sonra işğaldan azad edilmiş torpaqlarımıza səfərləri çərçivəsində açılışı olan, yaxud təməlqoyma mərasimi keçirilən sosial obyektlərin say tərkibinə diqqət yetirsək xeyli işlərin görüldüyünün şahidi oluruq. Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın Ağdam rayonuna səfəri zamanı açılışında və təməlqoyma mərasimində iştirak etdiyi sosial obyektlərin sayına və mahiyyətinə diqqət yetirək. 13 fevralın tarixində dövlət başçısı və birinci xanım “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışlarında iştirak etdilər. Prezident İlham Əliyev Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək alternativ və bərpa olunan enerji mənbələri ilə qidalanan işıq dirəklərinin, digər qurğuların və Xalça istehsalı müəssisələrinin, “Park Forest Otel Ağdam” mehmanxanasının və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin təməllərini qoydu. Eləcə də, Ağdam Cümə məscidində bərpa-restavrasiya işlərinin gedişi ilə tanış oldu və buradan görülən işlər barədə fikirlərini və mesajlarını çatdırdı. Prezidentin bölgələrə səfəri zamanı hər bir çıxışı, verdiyi müsahibələr ümumilikdə görülən işlər fonunda gələcək barədə aydın təsəvvür yaratmaqla yanaşı, işğalçı Ermənistana ünvanlanan mesajlarla da zəngin olur.

Bu gün Qarabağda 11 istiqamətli avtomobil yolu çəkilir, 3 hava limanı, 3 dəmiryolu tikilir, kommunikasiya stansiyaları qurulur və s. tədbirlər həyata keçirilir. “Zəfər yolu” azad olunmuş ərazilərdəki ən mühüm layihələrdən biri olmaqla Füzuli rayonundan Şuşa şəhərinə kimi uzanır. Eləcə də, Əhmədbəyli-Füzuli-Şuşa, Füzuli- Ağdam, Bərdə-Ağdam, Toğanalı- Kəlbəcər-İstisu, Xudafərin-Qubadlı- Laçın, Şükürbəyli-Cəbrayıl-Hadrut, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolları, Füzuli-Cəbrayıl- Zəngilan-Ağbənd, Horadiz- Zəngilan-Ağbənd dəmiryolları çəkilir, elektrik enerjisi, su təchizatı sistemləri yenidən qurulur. Zəngilan rayonunda ilk “ağıllı kənd”, “Dost Aqropark” layihələri icra edilir. Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilanda yaşayış məntəqələrinin salınması ilə bağlı planlar hazırlanır. İşğaldan azad olunmuş torpaqlarda yeni infrastruktur və biznesin inki­şafı layihələrinin həyata keçirilməsi digər dövlətlər, həmçinin türkdilli ölkələr üçün geniş imkanlar ya­radır. Azərbaycan bu sahədə Türkiyə ilə daha çox səmərəli əməkdaşlıq həyata keçirir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastruktur layihələrinin, yolların tikintisində qardaş ölkənin şirkətləri fəal iştirak edir.Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərimizdə turizm, kənd təsərrüfatı, dağ-mədən və hasilat sənayesi, tikinti materi­alları istehsalı, alternativ enerji kimi potensial sektorların yenidən canlandırılması və ölkə iqtisadiyya­tına inteqrasiyası, habelə bölgədə yeni nəqliyyat-logistika dəhlizlərinin formalaşdırılması istiqamətində həyata keçiriləcək tədbirlər Türkiyə, eləcə də digər türkdilli ölkələr ilə əlaqələrimizin genişləndirilməsində yeni perspektivlər vəd edir. Təsadüfi deyil ki, Azərbaycan-Litva dövlətləri arasında biznes forumda “yaşıl” iqtisadiyyatın genişləndirilməsi və işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətlərində əməkdaşlıq üçün böyük perspektivlərin olduğu vurğulanıb, bu sahədə əməkdaşlığın qarşılıqlı fayda verəcəyinə əminlik ifadə olunub.

Fərid Mustafayev

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun

YAP Ərazi Təşkilatı Partiyasının sədr müavini