Görüşü sülh prosesi üçün növbəti uğur kimi qiymətləndirmək lazımdır - MÜNASİBƏT BİLDİRİLDİ

23 May 2022 12:13 (UTC+04:00)

"Azərbaycan Prezidenti İlham Əliyevin Brüseldə Aİ Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyanla keçirdiyi növbəti görüşü sülh prosesi üçün növbəti uğur kimi qiymətləndirmək lazımdır". Bu fikirləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib.

Onun sözlərinə görə, 5 saatdan çox davam edən üçtərəfli danışıqların nəticəsi olaraq bir neçə istiqamətdə razılaşmalar əldə edilib: "İlk öncə xüsusi vurğulamaq lazımdır ki, görüşdə Dağlıq Qarabağ ifadəsi işlədilməyib, status məsələsi gündəlikdə olmayıb. Görünən odur ki, danışıqlar Azərbaycanın milli maraqlara uyğun formatda və dövlətimizin qətiyyətli mövqeyinin qorunması şərti ilə aparılır. Azərbaycan Prezidentinin dəfələrlə vurğuladığı kimi Dağlıq Qarabağ adlı ərazi yoxdur, Qarabağ var. Ən əsası isə Qarabağda yaşayan etnik ermənilərin statusundan söhbət gedə bilməz. Görüş zamanı müzakirə olunan Qarabağ ermənilərinin təhlükəsizliyinə gəldikdə isə, Azərbaycan onsuz da bununla bağlı dəfələrlə konkret mövqeyini bəyan edib. Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və onların təhlükəsizliyinə dövlətimiz zəmanət verir. Danışıqlarda işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, itkin düşmüş şəxslərin taleyi də müzakirə olunub ki, bu da çox önəmli məsələdir. Çünki, Ermənistanın işğal dövründə ərazilərimizi kütləvi minalaması bu gün bölgə üçün çox böyük təhlükələr yaradır. Nəzərə alınmalıdır ki, minatəmizləmə işi olduqca çətin və uzun vaxt aparan prosesdir. Azərbaycan son dövr ərzində bu çətin şərtlər altında sürətli təmizləmə işləri həyata keçirir.

Birinci Qarabağ müharibəsi dövründə əsir və ya itkin düşmüş yüzlərlə vətəndaşımızın taleyi də prioritet məsələdir ki, Ermənistan bu istiqamətdə də öhdəliklərə əməl etməlidir. Sülh danışıqları prosesinin əsas məqamlarından biri isə əlbəttə ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyən edilməsidir. Üçtərəfli görüş bu baxımdan da müsbət nəticələib. Belə ki, yaxın zamanlarda Azərbaycanla Ermənistanın sərhədində Sərhəd Komissiyalarının ilk birgə iclasının keçirilməsi razılaşdırılıb. Komissiya sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı məsələlərlə məşğul olacaq. Bundan başqa kommunikasiyaların açılması istiqamətində işin davam etdirilməsi, o cümlədən Zəngəzur dəhlizinin reallaşdırılması, beynəlxalq daşımaların tənzimlənməsi və digər məsələlər barədə də razılığa gəlinib. Sərhəd idarəçiliyi, təhlükəsizlik, torpaq haqları, həmçinin beynəlxalq daşımalar kontekstində gömrük prinsipləri barədə razılığa gəlinməsi də tərəflərin daha bir uğurdur. Brüssel görüşünün nəticələrini əsas gətirərək belə bir qənaətə gəlmək olar ki, Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsi üzrə müzakirələr perspektivli olacaq".