Azərbaycanın yürütdüyü siyasət əlaqələrin güclənməsinə mühüm töhfələr verir - ŞƏRH

23 May 2022 11:32 (UTC+04:00)

Beynəlxalq müstəvidə, eləcə də regional müstəvidə əməkdaşlığa və təhlükəsizliyə töhfə verən həm ikitərəfli, həm də nüfuzlu təşkilatların işində yaxından iştirak etmək hər bir ölkənin beynəlxalq münasibətlər sistemində oynadığı rola təsir edən vacib faktorlardan sayılır. Azərbaycan Respublikası da beynəlxalq aləmə inteqrasiya kursunu seçərək hər zaman xarici siyasətdə həm ikitərəfli, həm də qlobal proseslərə əsaslı təsir imkanları olan aparıcı və nüfuzlu təşkilatlar və ölkələrlə əməkdaşlığa daim mühüm önəm verib.

Xüsusilə, ikitərəfli əməkdaşlıqlar əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev cənablarının uğurla həyata keçirdiyi xarici siyasət kursunun mühüm cəhətini təşkil edir. Çünki Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində özünə layiqli yer tutmasında və ayrı-ayrı dövlətlərlə əlaqələrinin qurulmasında və inkişafında ikitərəfli münasibətlər olduqca vacib rol oynayır. Bu mənada ölkəmizin yürütdüyü xarici siyasət kursu beynəlxalq təşkilatlarda Azərbaycanın qaldırdığı bütün məsələlərdə ikitərəfli münasibətlər zəminində pozitiv məcraya yönəlib.

Avropa dövlətləri ilə ikitərəfli münasibətlərin möhkəmlənməsi Avropa məkanında Azərbaycana olan rəğbəti günü-gündən gücləndirir. Qeyd etmək istərdim ki, 2014-cü ildə Prezident İlham Əliyev Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsində bu barədə deyib: "Daxili amillər, iqtisadi gücümüz, dünyada artan nüfuzumuz bizə imkan verir ki, bundan sonra da prinsipial xarici siyasətimizi aparaq. Deyə bilərəm ki, bu siyasət beynəlxalq birlik tərəfindən də təqdirlə qarşılanır. Azərbaycanın beynəlxalq nüfuzu, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır. Azərbaycan dünyada, beynəlxalq arenada özünü etibarlı tərəfdaş və etibarlı dost kimi təsdiq edə bilmişdir".

Litva Respublikası Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. İki ölkə arasında diplomatik münasibətlər Ulu Öndər Heydər Əliyevin prezidentliyi dövründə yəni, 20 noyabr 1995-ci ildə qurulmuşdur. Hər iki ölkə arasında səfirliklərin açılması 2007-ci ilə təsadüf edir. Səfirliklərin açılması ilə ikitərəfli münasibətlər yüksələn xətlə inkişaf etmişdir. 18 may 2022-ci il tarixində Litva Respublikasının Prezidenti Gitanas Nausedanın Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində təşkil edilən Azərbaycan-Litva biznes forumu çərçivəsində qəbul edilən 6 sənədlə iki dövlət arasında imzalanmış sənədlərin sayı 45-ə çatdı. Bundan əlavə, Azərbaycanda 19 Litva şirkəti ticarət, xidmət və tikinti sahəsində fəaliyyət göstərir. Möhtərəm Cənab Prezidentimizin forum çərçivəsində səsləndirdiyi fikirlər: "Avropa İttifaqı ilə aparılan əməkdaşlığımız haqqında bir neçə söz deyim. Avropa İttifaqı bizim əsas ticari tərəfdaşımızdır və bu, belə də davam edəcək. Biz yeni sazişlə bağlı Avropa İttifaqı ilə aparılan danışıqların son mərhələsindəyik. Əlbəttə ki, Avropa İttifaqının üzvləri, xüsusən də Litva ilə əməkdaşlıq bizim üçün strateji əhəmiyyət kəsb edir. Şadam ki, bu əməkdaşlıq çox uğurla inkişaf edir". Tarixi mahiyyət daşıyan bu görüş ikitərəfli münasibətlərimizi bir daha ortaya qoyur.

ABBAS PƏNAHOV,

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədr müavini