Azərbaycan-Litva strateji tərfdaşlığı yeni mərhələdə - ŞƏRH

23 May 2022 11:21 (UTC+04:00)

Mayın 18-də Litva Prezdenti Gitanas Nausedanın Azərbaycana rəsmi səfəri zamanı hər iki ölkənin Prezidenti mətbuata bəyanatla çıxış ediblər. Azərbaycan Prezidenti İlham Əliyev bəyanatı zamanı Litva ilə ölkəmiz arasında olan münasibətlərə toxunub, ölkələrimizin uzun illərdir ki, strateji tərfdaş olduğunu vurğulayıb. Dövlətimizin başçısı cənab İlham Əliyev onu da bildirib ki, Azərbaycanla Litva arasında imzalanmış Strateji Tərəfdaşlıq üzrə razılıq əməkdaşlığın mahiyyətini əks etdirir. Ölkələrimiz arasındakı güclü siyasi əlaqələr isə mövcud olan siyasi dialoqun göstəricisidir.

Prezident İlham Əliyev regionumuzda mövcud vəziyyət, Azərbaycanın sülh və əməkdaşlıq təşəbbüsləri haqqında fikirlərini bildiriərək qeyd edib ki, Azərbaycan Cənubi Qafqazı sülh və əməkdaşlıq məkanı kimi görmək istəyir. İkinci Qarabağ müharibəsindən sonra əməkdaşlıq formatını yaratmaq üçün yeni imkanlar yaranıb. Təəssüf ki, Ermənistan indiyə qədər Cənubi Qafqazda sülhün və əməkdaşlığın qurulmasında maraqlı görünmür. Cənubi Qafqaz üçün sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin vaxtıdır.

Cənab Prezidentin dediyi kimi, Ermənistan rəsmi olaraq sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülən beş əsas prinsipi qəbul edib. İkinci Qarabağ müharibəsi qurtaran kimi Azərbaycan açıq şəkildə sülh müqaviləsinin bağlanmasını və sərhədlərin delimitasiyasına dair birgə komissiyanın yaradılmasını dəstəkləyib.

Bakıda Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-Litva biznes formunun açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda iştirak ediblər. Dövlətimizin başçısı biznes forumundakı çıxışında bildirdi ki, ikitərəfli və çoxtərəfli əməkdaşlıqlar, xüsusilə Avropa İttifaqı ilə əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Bu gün Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı uğurla inkişaf edir. Enerji, nəqliyyat təhlükəsizliyi, ticarət – perspektiv əməkdaşlıq istiqamətləridir. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan artıq strateji tərəfdaşlıq haqqında razılıqlar imzalayıb. Bu, onu göstərir ki, Avropa İttifaqı da Azərbaycan qədər bu əməkdaşlıqda maraqlıdır.

Avropa İttifaqının üzvü kimi Litva ilə də ikitərəfli güclü siyasi münasibətləri nəzərə alaraq, demək olar ki, ölkələrimiz uzun illərdir ki, artıq strateji tərəfdaşdırlar. Litva Prezidentinin ölkəmizə səfəri də fəal siyasi dialoqun olduğunu bir daha nümayiş etdirir. Biznes forum işgüzar əlaqələr qurmaq üçün yaxşı fürsətdir deyən Prezident cənab İlham Əliyev qeyd etdi ki, birgə hökumətlərarası komissiya bizim işgüzar dairələrin səylərini əlaqələndirəcək, eyni zamanda, hər iki ölkədə iş qurmaq üçün çoxlu imkanlar yaradacaqdır. Bu bir reallıqdır ki, ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi möhtəşəm, düşünülmüş siyasət nəticəsində Azərbaycanda nəqliyyat şəbəkəsinin şaxələndirilmiş zənciri yaradılıb. Coğrafi yerləşmənin üstünlüklərindən faydalanaraq müasir infrastruktur – dəniz limanı, dəmir yolu bağlantıları, bir neçə beynəlxalq hava limanları, avtomobil yolları yaradılıb. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşir və açıq dənizə çıxışı olmamasına baxmayaraq, Azərbaycan önəmli nəqliyyat mərkəzinə çevrilib. Bu gün Azərbaycanın enerji resurslarına ehtiyac heç vaxt olmadığı qədər böyükdür.

Biznes forumda Azərbaycan Prezidenti cənab İlham Əliyev bildirdi ki, Avropa istehlakçılarına əlavə enerji resursları mənbələri lazımdır. Bu baxımdan, Azərbaycan Avropa İttifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul edilir. Avropa istehlakçıları üçün bərpaolunan enerji mənbələri hesabına istehsal edilmiş enerji daha çox cəlbedici ola bilər.Azərbaycan bu gün donor ölkəyə çevrilib. Prezident cənab İlham Əliyevin də forumda qeyd etdiyi kimi artıq ölkəmiz özü kredit ayırır. Bu ölkəmizin böyük uğurudur. Əlbəttə ki, bu uğurların səbəbkarı cənab İlham Əliyevdir .

Çingiz İbrahimov

YAP Göyçay rayon təşkilatının əməkdaşı