Sərhədlərin delimitasiyası ilə bağlı bütün suallar müzakirə olunacaq - DEPUTAT ŞƏRH ETDİ

23 May 2022 10:50 (UTC+04:00)

"Möhtərəm Prezidentimiz hər zaman olduğu kimi post-müharibə dövründə də keçirilən heç bir görüşdə Azərbaycanın milli maraqlarını əks etdirən prinsipial mövqeyindən bir addım belə çəkilmədi. Bildiyimiz kimi dünən, Mayın 22-də möhtərəm Prezidentimiz Brüsseldə işgüzar səfərdə idi. Bu səfər çərçivəsində öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə təkbətək görüşmüş, sonra isə elə Şarl Mişelin ev sahibliyi və iştirakı ilə üçtərəfli görüş keçirilmişdir. Daha doğrusu Ermənistanın baş naziri Paşinyan iştirak etmişdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, əslində bu görüşü bu ilin 6 aprel tarixində eyni formatda Brusseldə keçirilən görüşün davamı adlandırmaqla üçüncü görüşdür: "Sözsüz ki, Avropa İttifaqı və Şurası Cənubi Qafqazla sıx əməkdaşlıq etməkdə çox maraqlıdır və bu səfər çərçivəsində də həm də post-müharibə dövründə Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşma prosesində vasitəçilik missiyası ilə çox yaxından iştirak edir. Bu mənada bu səfər proqramında Aİ həm Cənubi Qafqazdakı vəziyyətə, həm də hər iki ölkə, eləcə də daha geniş regionla əlaqələrinin inkişafı ilə bağlı məsələlər də müzakirə edilmişdir.

Dünənki görüşlərdən sonra keçirilən mətbuat konfransında da Aİ Şurasının Prezidenti cənab Şarl Mişelin bəyanatında da ifadə olunmuşdur. Şarl Mişelin qeyd etdiyi kimi müzakirə səmimi və məhsuldar keçmiş və birinci görüşdən bugünə olan dövr ərzində baş verən bütün məsələlər istər humanitar məsələlər, istər minaların təmizlənməsi, eləcə də məhbusların və itkin düşmüş şəxslərlə bağlı məsələlər ətraflı müzakirə olunmuşdur. Bu görüşdən gələn ən vacib nəticələr isə ilk gündən möhtərəm Prezidentimiz tərəfindən qaldırılmış Azərbaycan xalqının və dövlətinin milli maraqlarını özündə əks etdirən əsas beş təkliflə bağlıdır. Bildiyimiz kimi beş təklifin ən vaciblərindən biri sərhəd məsələsidir ki, yaxın günlərdə dövlətlərarası sərhəddə Sərhəd Komissiyalarının ilk birgə iclası keçiriləcək. Sözsüz ki, keçiriləcək bu görüşdə də sərhədlərin delimitasiyası ilə bağlı bütün suallar müzakirə olunacaq".

Deputat sözlərinə belə davam edib: "Görüşdə irəli doğru atılmış addımlardan biri də Qərbi Azərbaycanla Naxçıvan arasında və Ermənistanın müxtəlif bölgələri arasında Azərbaycandan keçməklə tranzit, eləcə də hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq daşımaları tənzimləyən prinsiplər barədə razılığa gəlinib. Mətbuat konfransında verilmiş bəyanatı təhlil edərkən bu görüş zamanı xüsusilə də sərhəd idarəçiliyi, təhlükəsizlik, torpaq haqları, həmçinin beynəlxalq daşımalar kontekstində gömrük prinsipləri barədə də ilkin razılığa gəlinib. Gözlənilir ki, hər iki ölkənin baş nazirinin müavinləri yaxın vaxtlarda bu prosesi davam etdirəcəklər. Görüşdə sözsüz ki, Sülh müqaviləsi də müzakirə olunub.

Belə ki, Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimlənməsi və gələcək sülh müqaviləsi ilə bağlı müzakirələrin davam etdirilməsi üçün tərəflərin ilkin razılığı var və ümid edirik ki, hər iki ölkənin xarici işlər nazirlərinin rəhbərlik etdiyi qruplar bu prosesi yaxın vaxtlarda davam etdirəcəkdir. Qeyd etmək lazımdır ki, hətta ötən dövr ərzində təcavüzkar Ermənistanın, eləcə də onu dəstəkləyən qüvvələr Qarabağda yaşayan etnik erməni icmasının Azərbaycan dövlətinin şəmsiyəsi altında yaşaması ilə bağlı hər zaman süni problemlər çıxartmışlar. Onlar erməni icmasının Azərbaycanın digər vətəndaşları ilə bərabər hüquqlar və təhlükəsizlik mühitində yaşamasının mümkünsüzlüyü ilə bağlı şantaj və müxtəlif təxribatlar etmişlər. Lakin belə yalanlar tezliklə ifşa olunub. Çünki Azərbaycanda indiyədək otuz mindən çox etnik erməni vətəndaşı yaşayır.

Möhtərəm Prezidentimiz onların arqumentinin hər zaman əsassız olduğunu dəlillərlər sübut edib. Bu görüşdə də bu məsələyə toxunulubdur. Çox önəmli məqamlardan biri odur ki, cənab Şarl Mişel öz bəyanatında bu haqda danışarkən ərazi kimi Dağlıq Qarabağ deyil, sadəcə Qarabağ sözündən istifadə etmişdir. Bir mənalı olaraq qeyd etməliyik ki, Ş.Mişelin bu çıxışı bir daha sübut edir ki, müdrik, qətiyyətli və yenilməz Prezidentimizin siyasi iradəsi və prinsipiallığı ilə Qarabağda yaşayan ermənilərə heç vaxt xüsusi status verilməyəcək. Əvvəlki görüşlərdə olduğu kimi dünənki görüşdə də minaların təmizlənməsi, məhbuslar və itkin düşmüş şəxslərlə bağlı da geniş müzakirə apardıq. Keçirilən bu görüşdə hər iki ölkənin və onların əhalisinin rifahı və iqtisadi inkişafı inkişaf naminə Aİ ilə sosial-iqtisadi sahədə də gələcək sıx əməkdaşlıq və dəstək məsələləri də müzakirə edilibdir. Yekun olaraq bu görüşün məhsuldar və faydalı olmasını və irəliyə doğru bir addım kimi qiymətləndirmək olar. Ən mühümü isə odur ki, hər görüşdə biz möhtərəm Prezidentimizin hər dəfə olduğu kimi post-müharibə dövründə də, nə qədər çətin olsa da onun xalqımızın və dövlətimizin milli maraqlarını özündə əks etdirən mövqeyindən bir addım belə çəkilmədiyinin bir daha şahidi kimi onunla qürur duyuruq".

Ayşən Vəli