Sadəcə,.. erməni xofu...

23 May 2022 01:05 (UTC+04:00)

"...Məğlubiyyət bitməyib, əslində müharibə də bitməyib. Biz bu mərhələni 44 günlük müharibə adlandırırıq, lakin qlobal miqyasda Ermənistan-Azərbaycan müharibəsi hələ bitməyib”. Deməli bunu informasiya təhlükəsizliyi üzrə erməni hərbi ekspert Karen Vrtanesyan mayın 22-də Yerevanın Fransa meydanında “Ermənistanın qarşısında duran çağırışlar və həll yolları” mövzusunda keçirilən müzakirədə deyib.

SİA-nın əldə etdiyi məlumata görə, bunları deyən erməni ekspert milləti ilə bağlı bəzi təəssüflərini də gizlətməyib. Onun dediyinə görə, 2020-ci il noyabrında erməni ordusunda guya güclü şəxsi heyət olub.

Amma bu gün, yenə də guya onun tanıdığı təcrübəli hərbçilərdən kimlərsə, ya silahlı qüvvələrdən gedib, ya da yaxın vaxtlarda gedəcəklər.

Maraqlıdır ki, Vrtanesyan bunun günahını da Nikolda, onun yaratdığı biabırçı dövlətdə görür. “...Biz görürük ki, bizim Müdafiə Ordumuz əslində İrəvanda oturan qondarma hakimiyyət tərəfindən məhv edilib”.

Bunları deyən erməni ekspert, Azərbaycan, onun Ordusu ilə bağlı bəzi həqiqətləri də etiraf etmək məcburiyyətində qalır.

Onun dediyinə görə, bu gün Azərbaycan öz Ordusunu qurmaqdan və gücləndirməkdən bir an belə dayanmır. Azərbaycan rəhbərliyi hər gün islahatlar üzərində işləyir, yeni silahlar alırlar. Hər şey göz qabağındadır. Onlar ordunun büdcəsini artırmaqla Türkiyə, yəni NATO ordusunun standartlarına keçirlər. Amma biz...

Burada Vrtanesyan tərəddüdlə də olsa, belə görünür ki, “...müharibə Azərbaycan üçün bitməyib” deyir.

“Təəssüf ki, məsələ məncə çox ciddidir. Bizim bu bölgədə ümumiyyətlə olmamağımız təhlükəsi çox real və çox yaxındadır”.

Təbii ki, erməni ekspertin səsləndirdiyi bu fikir bəzilərinə təəccüblü görünsə də, əslində sadəcə erməni xofudur.

Ağasəf Babayev