Qəbul imtahanında 19 nəfər fiziki məhdudiyyətli abituriyent iştirak edəcək

22 May 2022 10:08 (UTC+04:00)

Mayın 22-də keçirilən qəbul imtahanında 19 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu barədə SİA-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, həmin abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

Xatırladaq ki, bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı, eləcə də III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə imtahan keçirilir.

Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunan imtahanlarda 22 min 878 abituriyentin iştirakı nəzərdə tutulur.