Bu gün qəbul imtahanı verəcək abituriyentlərin nəzərinə

22 May 2022 06:08 (UTC+04:00)

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 22-də II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir. Bu gün III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə də imtahan təşkil edilir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunan imtahanlar saat 11:00-da başlanacaq. Saat 10:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Kütləviliyin qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində göstərilən vaxtda gəlmək lazımdır.

Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Mayın 22-də II ixtisas qrupu (o cümlədən III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya imtahanı) üzrə keçiriləcək imtahanda 22 min 878 abituriyentin iştirakı nəzərdə tutulur.