ABŞ Azərbaycanla münasibətlərin daha da dərinləşməsində maraqlıdır - POLİTOLOQ ŞƏRH ETDİ

21 May 2022 16:34 (UTC+04:00)

"ABŞ-ın 46-cı Prezidenti Cozef Baydenin cənab İlham Əliyevə məktubu bir sıra sahələri əhatə edir və ikitərəfli münasibətlərin bütün xarakteri burada əks olunmuşdur. Lakin məktubda diqqətçəkən bir sıra məqamlar da vardır". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, məktubda qeyd olunur ki, hazırkı dövrdə cərəyan edən proseslərin mürəkkəb xarakterini nəzərə almaqla Amerika Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq edir: "Bu o deməkdir ki, ABŞ regionun güclü geosiyasi aktoru hesab olunan Azərbaycanla münasibətlərin daha da dərinləşməsində maraqlıdır. Siyasi, iqtisadi və hərbi cəhətdən regionun əsas gücü hesab olunan Azərbaycan regionda yeni geosiyasi reallıqlar formalaşdırıb. Bu reallıqlar kontekstində ABŞ ilə Azərbaycan arasında olan münasibətlər yeni qərarların qəbul olunması, onlarla hesablaşmaq mahiyyəti daşıyır".

Politoloq sözlərinə davam edərək həmçinin qeyd edib ki, önəmli bir məsələ bundan ibarətdir ki, hazırda ABŞ ilə Rusiya açıq şəkildə aparılan qlobal mübarizədədirlər: "Bu baxımdan Cənubi Qafqazda sülhün və sabitliyin qorunması, təhlükəsizlik arxitekturasının gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir. ABŞ Prezidenti öz məktubunda qarşıdan gələn illər və onilliklərdə Azərbaycanla münasibətləri genişləndirmək arzusu olduğunu qeyd edir. Bu da Azərbaycanın hazırda sülh gündəliyinə uyğun olaraq qonşularla münasibətlərin yaxşılaşdırılması, Ermənistanla münasibətlərin normallaşdırılması kontekstində cərəyan edən proseslərin ABŞ tərəfindən təqdir olunduğunu göstərir. Bu mənada ABŞ ilə Azərbaycan arasında olan vizyon uyğunluq təşkil edir. Digər bir önəmli məsələ isə enerji təhlükəsizliyi ilə bağlıdır. Bir çox dövlətlər üçün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsidir. Azərbaycanın sabit şəkildə enerji təchizatçısı rolunda regional aktor kimi çıxış etməsi ABŞ dövlətinin də geostrateji maraqları daxilindədir. Bu baxımdan ABŞ Azərbaycanın enerji şaxələndirilməsi layihələrini dəstəkləyir və ona tərəfdar çıxır. Azərbaycanın təşəbbüsü ilə regionda icra olunan meqa layihələr böyük bir coğrafiyanın enerji asılılığını ödəməyə yönəlib. Yəni, ABŞ ilə Azərbaycan arasındakı münasibətlər həm də strateji əhəmiyyət daşıyır".