Baydenin təbrik məktubunda Azərbaycanın sülh təşəbbüsləri dəstəklənib - ŞƏRH EDİLDİ

21 May 2022 12:52 (UTC+04:00)

“ABŞ prezidenti Cozef Baydenin 28 may Müstəqillik günü münasibətilə Prezident Ilham Əliyevə ünvanladığı təbrik məktubunda bir çox vacib məqamlar əks olunub. İlk növbədə ABŞ prezidenti ölkəsilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 ilini qeyd edib və bu 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi, beynəlxalq təhlükəsizlik sahələrində Azərbaycanla əməkdaşlığa yüksək dəyər verdiyini bir daha bəyan edib. Azərbaycanın enerji resurslarının Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması fonunda ABŞ Azərbaycanı sabitləşdirici factor hesab edir. Vaşinqton rəsmi Bakının terrorizmə qarşı qlobal mübarizəyə verdiyi əhəmiyyətli töhfələri də təqdir edir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, ABŞ Prezidentinin məktubunda bu məsələ xüsusi qeyd olunur: “Məktubda daha bir vacib məqam - hazırkı vəziyyətin Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkan kimi qiymətləndirilməsidir. Belə ki, “indi Cənubu Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır. Amerika Birləşmiş Ştatları bütün Qafqaz və trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan və Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasında kömək etməyə hazırdır”,- deyə Cozef Bayden məktubunda bildirib”.

Deputat sözlərinə belə davam edib: “Bu yanaşma əslində fövqəlgüc olan ABŞ-ın regionumuzda yaranmış reallığı qəbul etməsi, dəstəkləməsi kimi qiymətləndirilməlidir. Ağ ev faktiki Azərbaycanın sülh təşəbbüslərini dəstəklədiyini ən ali səviyyədə bəyan etmiş olur. Eyni zamanda Vaşinqton rəsmi Bakının iqtisadi, nəqliyyat və insanlararası əlaqələrin qurulması istiqamətində gördüyü işlərə kömək etməyə hazır olduğunu bəyan edir.
Bütün bunlarla yanaşı məktubda hazırkı dövrdə cərəyan edən proseslərin mürəkkəb xarakterini nəzərə almaqla Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq edir. Supergüc qarşıdan gələn illər və onilliklərdə Azərbaycanla münasibətləri daha da genişləndirmək arzusunu da ifadə edib. Bu, bir daha onu göstərir ki, ABŞ Azərbaycanla əlaqələrə yüksək dəyər verir. Bu isə Azərbaycan Prezidentinin yürütdüyü siyasət, dövlət başçımızın şəxsi nüfuzu ilə birbaşa bağlıdır”.

Ayşən Vəli