Azərbaycanla Aİ arasında əməkdaşlıq artan xətlə inkişaf edib - QHT RƏHBƏRİ AÇIQLADI

21 May 2022 12:32 (UTC+04:00)

Azərbaycan Avropa İttifaqı ilə Şərq tərəfdaşlığı çərçivəsində sənədlərin imzalanmasının ən son mərhələsindərir. Hesab edirəm ki, tezliklə bu sənəd imzalanacaq”. Bu fikirləri SİA-ya açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Onun sözlərinə görə, Azərbaycan dövləti Aİ-nin özü ilə və onun üzvü olan dövlətlərlə əməkdaşlıq edir: “Cənab Prezident son 6 ayda Aİ-nin rəhbəri ilə görüşüb. Hazırkı vəziyyətdə Azərbaycanla Aİ arasında görüşlərin keçirilməsi məhz Azərbaycan-Ermənistan münasibətlərinin qurulması və sülh müqaviləsinin imzalanması ilə bağlıdır. Avropa İttifaqı bu məsələni öz öhdəliyi kimi qəbul edib. Çünki Aİ bölgədə dayanıqlı sülhün və demokratiyanın inkişafında, Azərbaycan-Ermənistan arasında böyük sülh sazişinin bağlanmasında maraqlı kimi görünür. Hətta Avropa İttifaqı bu məsələdə tərəfsiz kimi görünür və Ermənistanı da dəfələrlə sülhə çağırmaqla bağlı bəyanatlar səsləndirib. Bu baxımdan hazırda Azərbaycanla Aİ arasındakı münasibətlər böyük sülhün bağlanmasına xidmət etməkdədir. Bununla yanaşı Aİ-yə üzv olan dövlətlərin də Azərbaycanla fərdi əməkdaşlığının şahidiyik. Bu günlərdə Litva prezidentinin Bakıda olması və burdan sonra Ermənistana getməsi, burada bir çox siyasi bəyanatların verilməsi onu göstərir ki, Aİ həm toplum halında, həm də Aİ-yə üzv dövlətlər fərdi şəkildə Azərbaycanla əməkdaşlığa maraqlıdır. Siyasi əməkdaşlıqla yanaşı iqtisadi əməkdaşlığın da təzahürlərini görürük. Amma hesab edirəm ki, Rusiya-Ukrayna müharibəsi zamanı Rusiyaya tətbiq edilən sanksiyalardan sonra Aİ özünə yeni tərəfdaşlar axtarır. Bu xüsusilə yanacaqla bağlı olan bir məsələdir. Bilirsiniz ki, Aİ Rusiya qazından və neftindən imtina etmək üçün qərarlar qəbul edib. Belə bir təlabatıları ödəyə bilən ölkələrdən biri də Azərbaycandır. Ona görə də Azərbaycanla iqtisadi əməkdaşlıq çərçivəsində yaxın aylarda Aİ-nin daha çox səy göstərəcəyinin şahidi olacağıq. Azərbaycanın normal əməkdaşlığa hazır olan bir dövlət kimi öz mövqeyini qoruyub saxlaması Aİ-nin Azərbaycana olan münasibətinin təzahürüdür. Azərbaycanda Aİ ölkələrinin layihələrinin reallaşması, Azərbaycana yatırım qoyması bu dövlətlərin fəaliyyətini göstərir. Azərbaycan Avropa Şurasına üzv olduqdan sonra Azərbaycanla Aİ arasında əməkdaşlıq artan xətlə inkişaf edib”.