Azərbaycanın adını dünyaya təqdim edən bəstəkar – Firəngiz Əlizadə FOTOLAR

21 May 2022 12:01 (UTC+04:00)

Azərbaycan Bəstəkarlar İttifaqının konsert zalında bəstəkar Firəngiz Əlizadənin yaradıcılığı ilə bağlı çəkilmiş sənədli filmin təqdimatı keçirilib

Musiqi mədəniyyətində dahi Üzeyir Hacıbəylidən başlayaraq onun yolunu layiqincə davam etdirən neçə-neçə sənətkarlar var ki, onların əsərləri vətənimizin hüdudlarını aşaraq dünyanın bir çox ölkəsində tanınır. Belə sənətkarlardan xalq artisti, YUNESKO-nun “Sülh” artisti, AMEA-nın müxbir üzvü, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadənin yaradıcılığını qeyd etmək yerinə düşərdi. Bəstəkarın əsərləri dünyanın məşhur ifaçıları, simfonik orkestrləri tərəfindən ifa olunmuş, böyük alqışlarla qarşılanmışdır.

SİA xəbər verir ki, may ayınıın 20-si Azərbaycan Bəstəkarlar İttifaqının konsert zalında bəstəkar Firəngiz Əlizadənin yaradıcılığı ilə bağlı çəkilmiş sənədli filmin təqdimatı keçirilib.

Sənədli filmdə bəstəkarın əsərlərinin məşhur, tanınmış orkestrlər, ifaçılar tərəfindən ifası, dünyanın nüfuzlu elm və incəsənət xadimlərinin, maestrolarının Firəngiz xanım haqqında söylədikləri ürək sözləri öz əksini tapıb.

Tədbiri Firəngiz xanım açaraq hamını salamlayıb, film haqqında fikirlərini söyləyib, minnətdarlıqlarını çatdırıb. Qeyd olunub ki, məhz təqdim edilən filmdəki istifadə olunmuş materiallar müxtəlif illərin yaradıcılıq məhsuludur.

Xalq artisti Habil Əliyevin, Arvo Pyatın, Mstislav Rastropoviçin, Qalina Mikeladzenin, İrina Şostakoviçin və bir çox elm xadimlərinin Firəngiz xanım haqda çıxışları filmə daxil edilib.

Bəstəkarın film boyunca “Habilsayağı”, Xalq artisti Alim Qasımovun ifasında səslənən məşqdən “Dərviş”, “Gitara üçün Fantaziya”, “Muğamsayağı”, “Nağıllar”, “Dəniz”, “İthaf”, “Nasimi Passion”, “İntizar” operasından fraqmentlər təqdim olunub. Belə ki, bu əsərlər dünyanın və Avropanın ən məşhur musiqi mərkəzlərində - “Amsterdam Royal Concertgebouw” konsert zalında, Almaniya, İsveçrə, Paris, Portuqaliya, Argentina, Tbilisi, Sankt-Peterburq şəhərlərinin konsert zallarında böyük təntənə ilə səslənib.

Filmdə 2007-ci ildə bəstəkara YUNESKO-nun “Sülh artisti”, 2019-cu ildə isə “Ağa Xan” mükafatları ilə təltifi də yer alıb.

Tədbirdə millət vəkili Razİ Nurullayev, akademiklər Oqtay Mirqasımov, Fuad Məmmədov, Elmira Suleymanova, digər elm-incəsənət xadimləri, bəstəkarlar, musiqişünaslar, ifaçılar iştirak ediblər.

Rövşən RƏSULOV