Daha 40 müharibə əlili peşə reabilitasiyasına cəlb edildi FOTO

21 May 2022 10:21 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi postmüharibə dövründə daha 40 nəfər müharibə əlilini peşə reabilitasiyasına cəlb edib.

SİA-nın məlumatına görə, onlar üçün Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzində müxtəlif peşələr üzrə kurslar təşkil olunub. Bir qrupu kursları bitirərək müvafiq peşə şəhadətnamələri əldə ediblər. Digərlərinin isə peşə-reabilitasiya kursları davam edir.

Peşə kursu keçən qazilərdən 3 nəfəri Türkiyənin Antalya şəhərində əlilliyi olan şəxslər üçün keçirilən tədbirdə də iştirak ediblər.

Mərkəzə qəbul olunanlar peşə təlimində olduqları müddətdə burada dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin olunurlar.