Bir ölkənin gələciyi onun kadr potensialından çox asılıdır - DEPUTAT DANIŞDI

21 May 2022 10:09 (UTC+04:00)

“Bir ölkənin gələciyi onun kadr potensialından, gənclərinin doğru istiqamətlənməsindən çox asılıdır. Çünki həyat davam edir, həyatın inkişaf fəlsəfəsi də davamlı olaraq yeni nəslin gəlməsi və onların bir ölkənin həyatında öz yerini tapması ilə nəticələnir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda həyata keçirilən siyasətin əhəmiyyətli bir hissəsi də kadr siyasətinə yönəlib: “Eyni zamanda kadr siyasətində gəncləşdirmə istiqamətində çox uğurlu addımlar atılıb və bu gün də davam etdirilməkdədir. Cənab Prezidentin çox doğru olaraq seçdiyi gənc kadrlar bu etimadı doğruldaraq, ölkədə keçirilən siyasətə uyğun şəkildə fəaliyyətlərini qururlar. Həm də Azərbaycanın inkişaf etməsi naminə öz qüvvə və bacarıqlarından istifadə edəcəklər.
Bu gün Azərbaycanın idarəetmə qurumlarında, Azərbaycan parlamentində, bələdiyyələrdə, elm müəssisələrində rəhbər kadrlar içərisində çox sayda gənclər var. Onların da əksəriyyəti onlara göstərilən etimadı öz bilikləri, bacarıqları ilə doğruldurlar. Daha yaxşı Azərbaycan, daha güclü Azərbaycan naminə gənclərimiz hər bir zaman öz dövlət rəhbərinin yanında olacaqdır. Cənab Prezident tərəfindən həyata keçirilən həm daxili, həm xarici siyasətə sadiq qalaraq, öz fəaliyyətlərini xalqa xidmət, dövlətə sədaqət prinsipləri əsasında quracaqlar”.