Sovet təhsili müasir təhsildən nə ilə fərqlənir? - ARAŞDIRMA

20 May 2022 17:26 (UTC+04:00)

Təhsilin əsas və ən mühüm vəzifəsi mədəni dəyərlərin yeni nəsillərə ötürülməsi, elmi texnoloji inkişaflara sadiq qalacaq və mədəniyyətin inkişafını təmin edəcək yeni şəxsiyyətlər yetişdirməkdir. Təhsilin faydaları dedikdə fərdin daha çox gəliri, daha az cinayət səviyyəsi, demokratikləşmə və idarəetmədə iştirakı, fərdi sağlamlığın qorunması kimi vəziyyətlər nəzərdə tutulur. Bu xüsusiyyəti ilə təhsil təkcə fərd üçün deyil, həm də cəmiyyət üçün fayda təmin edir və ictimai rifahın inkişafına xidmət edir.

Təhsil şəxsin indiki və gələcəyi ilə bağlı məhsuldarlığın və harmoniyanın artırılması ilə bağlı davranış və düşüncələri formalaşdırmaq, inkişaf etdirmək və təkmilləşdirmək səyi adlanır.

Təhsil ən mübahisəli sahələrdən biridir. Ölkəmizdə təhsil sistemimizin niyə iflic vəziyyətə düşməsindən danışmazdan əvvəl dünya təhsil sisteminin tarixi inkişafına nəzər salmaq lazımdır.

İlk məlum məktəb qədim Yunanıstanda bir filosof və alim tərəfindən kəşf edilmişdir və onun adını alaraq “Pifaqor” məktəbi adlanıb. Pifaqor bilik axtarışında dünyanı çox gəzərək Misir məbədlərindən birində təhsil alıb. Pifaqor çalışqan tələbə idi, biliyə cəlb olunurdu. Misirdə əldə etdiyi bütün biliklər, nəticədə Yunanıstana köçdü və Pifaqor məktəbini yaratdı. Sonra məktəblər bütün Yunanıstana yayıldı.

Ən qədim təhsil müəssisəsi Karaouin Müsəlman Universiteti hesab olunur. Sənədlərdə onun 859-cu ildə açıldığı qeyd olunur.

Rusiyada ilk məktəb 1700-cü ildə Moskvada Peter tərəfindən açılıb. Belə ki, Peter ilk dünyəvi Riyaziyyat və Naviqasiya Elmləri Məktəbini açdı.

Tarixi mənbələr göstərir ki, Azərbaycanda ibtidai savad təlimi verən ilk məktəblərin yaranması yeni eranın əvvəllərinə təsadüf edir. VII əsrdə artıq təhsil sistemi formalaşmaqda idi.

Daha sonralar inkişaf elə bir səviyyəyə çatmışdı ki, X-XIII əsrlərdə Azərbaycanın bir çox şəhərləri, o cümlədən Təbriz, Marağa, Gəncə, Naxçıvan, Şamaxı, Ərdəbil Şərq aləmində elm, təhsil, incəsənət və mədəniyyət mərkəzləri kimi tanınırdı.

Qeyd edək ki, Azərbaycan Respublikasının ali təhsil müəssisələrində mütəxəssis hazırlığı üç pilləlidir:

Birinci pillə – bakalavr;

İkinci pillə – magistratura;

Üçüncü pillə – doktorantura.

İnkişaf etməkdə olan ölkələr sırasından inkişaf etmiş ölkələr sırasına qalxmaq üçün təhsilə baxış dəyişməlidir. Bəs, konkret olaraq təhsildə nələr dəyişdirilməlidir?

İlk öncə təhsilin özünə, sonra isə təhsil verənə baxış dəyişməlidir. İnkişaf etmiş dövlətlər üçün təhsil vasitə, inkişaf etməkdə olan ölkələr üçün təhsil məqsəddir. Təhsilə elə baxış sərgiləməliyik ki, sürətlə inkişaf edək. Gənclərə elə təhsil verməliyik ki, onlar gələcək həytlarında düzgün qərarlar qəbul edə bilsinlər və baş verən neqativ hadisələrin qurbanı olmasınlar.

Digər məqam isə müəllim zəhmətinin layiqincə qiymətləndirilməsidir. Sovet dövründə müəllimə xüsusi hörmət var idi. İndi isə vəziyyət biraz fərqlidir. Müəllim də uşaqları gəlir mənbəyi olaraq görməməlidir.

Bildiyimiz kimi günümüzdə təhsil bərbad səviyyədədir. Hal-hazırda repititor yanına getmədən universitetə qəbul olan şagirdlərin sayı isə yox dərəcəsindədir. Buradan da belə sual yaranır ki, axı əvvəllər repetiror yanına getmək deyilən bir durum yox idi. Bəs, o zamanlarda insanlar ali məktəbə necə qəbul olurdular? Üstəlik əvvəllər təhsil sahəsində belə yenilik və üstünlüklər də olmayıb. İndiki təhsil ocaqları hər cür texnologiya və yüksək standartlara cavab verən şəraitlə təmin olunub. Bəs, oxumağa əngəl nədir? Niyə indiki gənclərdə savad göstəricisi əvvəlkilərdən aşağıdır? Niyə müəllim yanına gedə bilməyən şagird universitetə qəbul ola bilmir? Sovet təhsili ilə indiki təhsil arasındakı fərq nədir? SİA mövzu ilə bağlı araşdırma apararaq deputat və ekspertlərin bu barədə fikirlərini öyrənib.

Araşdırmalar göstərir ki, sovet dövründə təhsildə böyük rəqabət olub. Sovet məktəb sisteminin ən mühüm üstünlüklərindən biri onun əlçatanlığı idi. Lakin sovet məktəbində bütün şagirdlərin bilik səviyyəsinin eyni olduğunu düşünmək də səhvdir. Təbii ki, ümumi proqram hamı tərəfindən mənimsənilməlidir. Amma şagird müəyyən bir mövzu ilə maraqlanırdısa, ona əlavə olaraq öyrənmək üçün hər cür ödənişsiz imkan verilirdi. Məktəblərdə dərsdən sonra xüsusi dərnəklər olurdu.

Həmçinin, həm ixtisaslaşdırılmış siniflər, həm də ixtisaslaşdırılmış məktəblər var idi, burada uşaqlar müəyyən fənləri dərindən öyrənmək imkanı əldə edirdilər.

Keyfiyyətli təhsilin açarı müxtəlif fənlər üzrə əldə olunan biliklərin bir-biri ilə bağlı olması idi. Məsələn, şagirdlərin fizika dərslərində öyrəndikləri faktlar kimya və riyaziyyatın öyrənilməsində əldə edilən məlumatlarla səsləşir və əlaqələnirdi. Beləliklə, paralel olaraq yeni anlayışlar formalaşırdı. Bu da çox vacib amildir.

Bu gün bütün cəmiyyət həyəcan təbili çalır ki, məktəblilərin dərsə həvəsi yoxdur. Həmçinin, bir çox şagird də öz gələcəyi üçün məsuliyyət hiss etmir. Sovet dövründə bir neçə amilin qarşılıqlı təsiri nəticəsində motivasiya yaratmaq mümkün idi. Fənlər üzrə qiymətlər əldə edilmiş biliyə uyğun gəlirdi. Həmçinin, sovet dövründə məktəbdə hamı üçün bərabər şərait yaradılmışdı. Şagirdin valideynlərinin sosial və maddi vəziyyəti məktəbdəki nəticələrə heç bir təsir göstərmirdi. Bütün uşaqlar bərabər şəraitdə idilər və onlar eyni proqram üzrə təhsil alırdılar. Məktəb biliyi də repetitor tutmadan universitetə ​​daxil olmaq üçün kifayət idi. Sovet məktəbi şagirdin asudə vaxtını dəyərləndirir, hobbiləri ilə maraqlanırdı. Məcburi olan bölmələr, dərsdənkənar tədbirlər, demək olar ki, məqsədsiz əyləncəyə vaxt qoymur və müxtəlif sahələrdə əlavə təhsilə maraq yaradırdı. Pulsuz dərsdənkənar fəaliyyətlərin mövcud idi. Sovet məktəbində icbari proqramla yanaşı, arzu edənlər üçün mütəmadi olaraq seçmə fənlər keçirilirdi. Əlavə fənlər üzrə dərslər ödənişsiz idi və onları öyrənmək üçün vaxtı və marağı olan hər kəs üçün əlçatan idi.

Tələbələrə maddi dəstək - təqaüdlər ölkə üzrə orta əmək haqqının demək olar ki, üçdə birini təşkil edirdi. Əvvəllər müəllim olmaq şərəf sayılırdı.

Təhsil eksperti Kamran Əsədov: “Əfsuslar olsun ki, nəinki ölkəmizdə, post-sovet ölkələrinin əksərində də təhsil sisteminin bugünkü durumu acınacaqlı vəziyyətdədir. Bunun səbəbləri kifayət qədər dərindir. Mənim fikrimcə, ilk öncə bu vəziyyət siyasi faktorlarla bağlı olub, SSRİ adlanan nəhəng bir imperiyanın müxtəlif müstəqil dövlətlərə parçalanması və nəticədə mövcud vahid sovet təhsil sisteminin də süquta yetməsi ilə izah olunmalıdır. Belə ki, sovet rejiminin bütün digər qüsurlarına baxmayaraq, onun elm-təhsil sisteminin kifayət qədər güclü olmasına, yüksək səviyyəli elm və pedaqoji kadrların mövcudluğuna da şəkk yox idi. Lakin bu da bir həqiqətdir ki, ölkəmizdə təhsil sisteminin bugünkü böhran vəziyyətinin sirlərini cəmiyyətimizin yalnız mövcud zəminində yox, həm də onun dünənki, əsasən keçən əsrin 70-80-ci illərdəki real qüsurlu məqamında axtarmaq gərəkdir. Danılmaz faktdır ki, orta məktəb şagirdləri dərsdən sonra hazırlıq kurslarına, repititorlara müaciət etməsələr yaxşı nəticə əldə etmələri inandırıcı olmaz.

Əslində təhsildə kütləvi şəkildə repititorluq modeli son illərdə ortaya çıxıb. Əvvəl şagirdlər orta məktəbdə aldıqları biliklərin hesabına ali məktəblərə daxil olurdular. Repetitor yanına gedən şagird daha ciddi nəzarətə götürülür. Şagirdin vaxtı-vaxtında müəllimin yanına gedib-gəlməsi, müəllimə xüsusi ianə xərclənməsi və bütün bunların valideyn tərəfindən daha ciddi nəzarətə götürülməsi yaxşı nəticə verir. Orta məktəbə gedən şagirdi isə valideyn güclü nəzarətdə saxlamır. Həmin şagirdlər də hazırlığa gedə bilmədikləri, digər abituriyentlərdən “geri qaldıqları” üçün ruhdan düşürlər. Təcrübə göstərir ki, ali məktəblərə qəbul imtahanlarında heç bir müəllim yanına getməyən şagirdlər də yaxşı nəticələr əldə edirlər. Bu şərtlə ki, şagirdə həm valideyn ciddi nəzarət eləsin, həm məktəb dərsin keyfiyyətinə fikir versin.

Son vaxtlar abituriyentlərin repititorlara az müraciət etməsinin əsas səbəbi onların xidmət haqlarının yüksək olmasıdır. Yəni illərlə bu sahədə məşğul olan təcrübəli repititorlar daha yüksək qiymətə xidmət haqqı təklif edirlər.

Valideynlər isə daha uzun xidmət haqqına meyl edirlər. Yəni valideyin iki repitirora 200 manat verməkdənsə, 5 fənnə göndərir kursa, tədris mərkəzinə övladını və iki repetitora verdiyi xidmət haqqını ödəyir.

Bundan başqa, son dövrlədə qəbul imtahanlarında baş verən dəyişiklikləri repititorlar yaxşı mənimsəmirlər, onlar elektron ərizə qəbulu və bu kimi digər yenilikləri bilmədikləri üçün valideynlər əlavə yerlərə xidmət üçün müracət etməli olurlar.

Bundan başqa, bildiyimiz kimi şagirdlər seçdiyi qrup üzrə onlara lazım olan fənlərə daha çox zaman ayırır və repititor yanına da yalnız bu fənlər üzrə gedir. Bunun nəticəsində də şagirdlər elmi biliklərə birtəfəli qaydada yiyələnir. Beləliklə, şagirdlərin dünyagörüşləri zəif inkişaf edir. Bu da gələcəkdə onların iş fəaliyyətində problemlər yarada bilər.

Hesab edirəm ki, repititor fəaliyyətinin leqallaşması, rəsmiləşdirilməsi üçün bu sahəyə lisenziya sisteminin tətbiq edilməsi daha effektiv olardı. Çünki bu gün ixtisası uyğun olmayan şəxslər də repetitorluq xidməti göstərirlər. Ona görə də Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi , vergilər Nazirliyi və Sosial Müdafiyə Nazirliyinin mövcud olacağı bir komissiya yaradıb. Orada təhsil xidmətləri göstərənlər yoxlanılmalı və fəaliyyət icazəsi verilməlidir.

Bu gün taksi fəaliyyəti göstərmək üçün uyğunluq setifkatı verilir. Yalnız sənədləri qaydasında olanlara bu icazə verilir. Düşünürəm ki, bunu repetitorluq, hazırlıq kursları sisteminə də tətbiq etmək lazımdır.

Ümumilikdə, repititorluq ta qədim zamanlardan mövcud olub, maddi cəhətdən az-çox imkanlı insanların övladları üçün nəzərdə tutulan xüsusi təlim-tədris vasitəsi kimi yüksək səviyyəli elitaların yetişdirilməsində mühüm rol oynayıb. Çox təəssüflər olsun ki, hazırda müəyyən istisna hallardan başqa, bu qədim təlim-tədris vasitəsi bu gün öz tarixi mahiyyətini itirərək, bir qisim işsiz və ya cüzi əmək haqqı alan alim və müəllimlərimizin əsas ruzi mənbəyinə çevrilib. Repititorluğu açıq-aşkar biznesə çevirmə halları da istisna deyil. Ancaq bu gün repetitorların bəlkə də əksəriyyətini bilavasitə şagirdlərin öz orta məktəb müəllimləri təşkil edir. Müəllim-şagird münasibətlərində yaranan bazar ticarətinin hədsiz dərəcədə qınanmalı fakt olduğunu qəbul etsək də, digər tərəfdən, cüzi maaş alan müəllimlərimizin buna məcburən sövq edildiyini də qəbul etməyə borcluyuq. Bununla belə, istənilən halda repititorluq - təhsilin səviyyəsini aşağı salmaz, yalnız yüksəldə bilər və bayaq qeyd etdiyim kimi, əgər bu tədris vasitəsi də olmasaydı, bu gün təhsilimiz tamamilə iflasa uğrayardı”.

Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu: “Sovet təhsilindən götürüləsi çox örnək var. Biz müasir dövrdə hansı təhsil modelini tətbiq edirik hələ də məlum deyil. Yenə də sovet dövründə olduğu kimi tələbələr imtahan verirlər. Sadəcə olaraq imtahanın forması dəyişib. Amma hələ də uşaqları gələcəkdə lazım olmayacaq suallarla imtahan edirlər.

Eyni zamanda, imtahanlarda çox çətin və anlaşılmaz suallar qoyurlar. Mənasız bir şəkildə riyaziyyatçının tarix, tarixçinin ingilis dili biliyini müəyyənləşdirilməyə çalışırlar. Ümumiyyətlə, hər kəs universitet oxumalıdırmı? Universitet nəyə gərəkdir? Bəs peşə məktəbləri və ya texnikumlar nə işə yarayır?

Hazırda ölkəmizdə təhsil sistemində xaotik bir vəziyyət hökm sürür. Əslində heç sistem deyə bir şey də yoxdur. Təhsil Nazirliyinin dərslikləri əsasında təhsil alan şagirdlərdən Dövlət İmtahan Mərkəzi imtahan götürür. Ümumilikdə iki qurumun olmağı çox absurd bir yanaşmadır. 700 bal toplayan tələbələrin heç Azərbaycanda nə baş verir xəbərləri yoxdur. Onların vaxtilə öyrəndikləri həyatlarında heç bir əhəmiyyət kəsb etmir. Çünki öyrəndiklərini xaotik şəkildə əzbərləyiblər.

Bizim ölkədə uşaqların niyə hər bir addımda imtahan verdiklərini başa düşə bilmirəm. Uşaqlar I sinfə, V sinfə, IX sinfə, universitetə, magistraturaya qəbul olmaq üçün daim imtahan verirlər. Axı bunda məqsəd nədir? Bütün bunlar sadəcə biyabırçılıqdır".

Psixoloq Leyla Əli: “Hər bir dövrün özünəməxsus təhsil sistemi formalaşır. Azərbaycanda təhsil sistemi dünya standartlarına uyğunlaşdırılmış şəkildə formalaşdırılır və inkişaş meyilləri görülür.

Azərbaycanda təhsilin səviyyəsinin yüksək və ya aşağı, yaxşı və ya pis olmasını bir mənalı şəkildə söyləmək doğru və məntiqli deyil. Çünki təhsildə olan islahatlar ən azı özünü 10 il sonra biruzə verməyə başlayır.

Müasir dövrümüzdə təhsil sahəsində, ümumiyyətlə təhsil sistemində dəyikənliyi və böyük transfarmasiyalari nəzərə alsaq konkret bir fikir söyləmək çox çətindir. Buna baxmayaraq akademik təhsil anlayışı elmə dərindən yiyələnmə xüsusiyyəti bir başa təhsil alanların özünə bağlıdır. Bu gün orta məktəb ali məktəb və yaxud müxtəlif elmi dərəcələr almaq hələ intelektual, bilikli, təhsilli insanın formalaşmasını ifadə etmir.

Digər tərəfdən isə dördüncü sənaye inqilabını yaşadığımız dövrdə təhsilə münasibət fərqli yanaşma tələb edir. Biz bu gün “3 L” hərfi üzərində düşünürük: “Long Life Learning”. Yəni, insan bütün ömrü boyu öyrənməyə və təhsil almağa köklənməlidir. Bu isə gələcəyin çağırışıdır. Əgər biz baza təhsili alamda təhsilə icbari və öhdəlik kimi yanaşırıqsa, zaman keçdikcə bizə təhsil almaq məcburiyyəti bitdikdən sonra insan təhsil almağa özü meyilli olmalıdır.Yəni bu yanaşmanı özü özündə formalaşdırmalıdır”.

Ayşən Vəli