Energetika naziri Salyanda vətəndaşları qəbul edib - FOTOLAR

20 May 2022 16:43 (UTC+04:00)

Energetika naziri Pərviz Şahbazovun növbəti vətəndaş qəbulu mayın 20-də Salyan rayon Heydər Əliyev Mərkəzində keçirilib. Energetika Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nazirliyin müvafiq struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşlar elektrik enerjisi təchizatı, elektrik və qaz sərfiyyatı ilə bağlı borcun yaranması, elektrik xətlərinin və dirəklərinin yenilənməsi, şəbəkəyə qoşulma, kənddə elektrik təsərrüfatının yenidən qurulması, transformatorun quraşdırılması, kəndlərin, yeni yaşayış massivlərinin qazlaşdırılması, sayğaclaşdırma, işlə təminat və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.

Vətəndaşların müraciətləri dinlənilərək, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydə alınıb.

Qəbulda Salyan, Neftçala, Sabirabad və Füzuli rayonlarından, həmçinin Bakıdan və Şirvan şəhərindən olan 23 vətəndaşın müraciətinə baxılıb.