Bildiyimiz kimi son zamanlar məktəblərdə rüşvət halları yenidən artıb. Buna qarşı bir çox tədbirlər görülsə də problem hələ də davam edir. Ötən gün Suraxanı rayonunda olan məktəbdə də belə hal baş vermişdi. SİA məktəblərdə olan rüşvət halları ilə bağlı təhsil məsələləri üzrə ekspert Elçin Əfəndinin fikirlərini öyrənib.
Onun sözlərinə görə, haqqında sözügedən məktəblə bağlı hər hansı bir iddia varsa, şagirdin valideyni Bakı şəhər üzrə Təhsil İdarəsinə müraciət etməli, eyni zamanda Təhsil Nazirliyinə məlumat verməlidir: "Əlbəttə hər hansı bir məktəbdə korrupsiya faktı varsa, müvafiq şəxslər rüşvətə meyllidirsə bunun qarşısını almaq üçün ilk növbədə valideyn müvafiq aidiyyatı orqanlara müraciət etməlidir".
Elçin Əfəndi sözlərinə belə davam edib: "Valideyn burada əsaslandırmalıdır ki, "şagirddən ödənişi nə üçün yığırlar?". İstənilən halda hər hansı bir ödənişin yığılması qanunla yolverilməzdir. Burada yalnız könüllü formada hər hansı bir valideynin ödəniş ödəməyindən söhbət gedə bilər. Başqa digər hallarda hər hansı bir valideyn məktəb və məktəb rəhbərliyinə və yaxud da müəllimlərə ödəniş verməməlidir.
Rüşvətin qarşısını almağın ən sadə yolu konkret olaraq rüşvətə meyl edən şəxsin vəzifəsindən azad edilməsi, eyni zamanda həmin şəxsin növbəti dövrlərdə hər hansı bir əmək fəaliyyəti ilə məşğul olmasına icazə verilməməlidir. Yalnız bu halda biz korrupsiyanın qarşısını ala bilərik. Əks halda əlbəttə müvafiq tədbirlər görülmədiyi zaman bütün sahələrdə korrupsiya faktı olacaq. Bunun da həlli üçün birbaşa Təhsil Nazirliyi müvafiq olaraq addımlar atmalıdır. Söhbət qəti addımlardan gedir. Təkcə haqqında sözügedən məktəbdə deyil, bütün məktəblərdə bu addım atılmalıdır. Yəni, biz təkcə 141 saylı məktəbdə bu gün bu hal var, başqalarında yoxdur deyə bilmirik. Əgər Təhsil Nazirliyi problemi həll edə bilməsə, o zaman valideynlər müvafiq olaraq qanunvericiliklə məsələnin həlli üçün aidiyyatı qurumlara şikayət etməlidirlər".
Ayşən Vəli