Siyasi təşkilatlarla hökümət arasındakı görüşlərə kənar şəxslər müdaxilə edir

19 May 2022 19:15 (UTC+04:00)

“Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevin rəhbərliyi ilə siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin əməkdaşları ilə görüşü olub”. Bu fikirləri SİA-ya açıqlamasında Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirib.

Onun sözlərinə görə, bu görüşün əhəmiyyəti ondan ibarətdir ki, görüş ölkədə dialoq xidmətinin yaradılmasına kömək edir: “Bu vaxta qədər siyasi partiyalar ilə hökümət arasında mübasibətlər düşmənçilik səviyyəsində olub. Siyasi təşkilatlarla hakimiyyət arasındakı görüşlərə hər zaman kənar şəxslər müdaxilə edib. Bir növ tərcüməçi vasitəsilə ölkə daxilində danışıqlar aparmışıq. Bu kökündən bəri yanlış olub. Bu əksinə münasibətləri gərginləşdirib və kəskinləşdirib. İndinin özündə də Azərbaycan dövlətinin qarşısında xeyli problemlər var. Biz Qarabağ müharibəsində qalib gəlmişik, amma hələ bu məsələni yekunlaşdırmamışıq. Bu məsələni yekunlaşdırmaq üçün xeyli işlər görülməlidir. Ölkə daxilində çox ciddi problemlər var. Bu problemləri həll etmək lazımdır. Kənardan Azərbaycanın daxilində qarışıqlıq salmaq istəyənlər var. Bunlarla bağlı ciddi tədbirlər görülməlidir. Bunun üçün də ölkə daxilində sabitlik olmalıdır. Sabitlik üçün də ilk növbədə siyasi partiyalar ilə hökümət arasında normal münasibət olmalıdır. Bu görüşlər də buna xidmət edir ki, siyasi təşkilatlarla hakimiyyət arasında münasibətlər tənzimlənsin. Kiminsə təklifləri varsa təqdim edə bilər. Nəticədə də ölkəmizin inkişafı üçün bu təkliflərdən istifadə edə bilərlər. Düşünürəm ki, siyasi partiyalarla hakimiyyət arasındakı əlaqələri davam etdirmək lazımdır”.

Abutel İlhamqızı